Üzeyir Hacıbəyli Azərbaycanın milli sərvətidir – Xatirə Sadiq yazırbackend

Üzeyir Hacıbəyli Azərbaycanın milli sərvətidir - Xatirə Sadiq yazır

Ölkəmizdə Milli Musiqi Gününün məhz Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilməsi xalqımızın və dövlətimizin öz dahi oğluna, bənzərsiz şəxsiyyətinə verdiyi yüksək qiymətdir.

Vətənimizin mədəniyyət tarixinə günəş kimi doğmuş bu istedadlı və parlaq şəxsiyyətin əziz xatirəsinin əbədiləşdirilməsi naminə nə qədər addımlar atılsa, azdır. Çünki Üzeyir bəy cahilliyin, mövhumatın cəngində çarpışan ölkəmizə və xalqımıza elə misilsiz xidmətlər göstərib ki, musiqi mədəniyyətimiz hələ də onun bəhrəsini dərir. Bu yoldan onu heç bir qüvvə çəkindirə bilməyib. Azərbaycanın XX əsrdəki kəşməkeşli dönəmlərində yaşayan bəstəkarın yaradıcılığının hər bir səhifəsi mədəni hadisəyə çevrilib.

Əslində Üzeyir bəyin taleyi xalqımızın çox istedadlı olmasının bariz nümunəsidir. Təhsil bioqrafiyası mədrəsədən başlayıb, ikiillik rus-tatar məktəbində və 5 illik Qori müəllimlər seminariyasında davam edib, Moskvadakı birillik kurs və Sankt-Peterburq Konservatoriyasında birillik tədrislə başa çatıb. Milli və Avropa alətlərində çalmağı öyrənib. Bir sözlə, Avropanın məşhur konservatoriyalarında təhsil almayıb, müsiqi cəmiyyətində təşəkkül tapmayıb. Lakin hətta belə təhsil bəstəkar, dirijor, müsiqişünas, publisist, dramaturq, pedaqoq, dövlət və ictimai xadim kimi meydana çıxması üçün yetərli olub. Moskva və Sankt-Peterburqa getməkdən öncə artıq Füzulinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” operasının və digər əsərlərin bəstəkar kimi Azərbaycanda məşhurlaşıb.

Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, bəstəkarlıq məktəbinin, opera teatrının Şərqdə ilk notlu xalq çalğı alətləri orkestrinin, dövlət xorunun qurucusu, ilk milli operamızın, operettamızın, “romans-qəzəl” kamera vokal musiqisinin yeni janrının, dövlət himnlərimizin (Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dönəmində) müəllifi olmaq şərəfi məhz Üzeyir bəyə nəsib olub. Qərb və Şərq musiqi üslublarının sintezini yaradan, xalq musiqimizin elementlərini klassik Avropa ənənələrinə uyğunlaşdıran bəstəkarın gənclik dövründə Azərbaycanda klassik musiqi populyar deyildi. Amma Üzeyir bəyin bəstələdiyi operalar, operettalar, romanslar, kantatalar, mahnılar o qədər milli və ürəyəyatımlı idi ki, onların cəmiyyət tərəfindən asanlıqla qavranılmasına istənilən Avropa bəstəkarı qibtə edə bilərdi. Üzeyir bəy qədər əsərləri dünyanı dolaşan və qəbul edilən ikinci Azərbaycan bəstəkarı yoxdur. Onun “Arşın mal alan” operettası əsasında çəkilmiş eyniadlı film müxtəlif ölkələrdə nümayiş etdirilib, təkcə bəstəkarı deyil, həm də onun Vətəni Azərbaycanı beynəlxalq ictimaiyyətə tanıdıb.

Onun jurnalist və publisist kimi fəaliyyəti heyranlıq doğurur. Üzeyir bəy güclü qələmi və parlaq zəkası ilə cəmiyyətimizin nöqsanlarını qamçılayırdı, amma millətimizi alçaltmırdı. Məqalələrində və felyetonlarında xalqımızın mövhumatdan, cahillikdən uzaqlaşmasının vacibliyinə diqqəti cəlb edir, maarifçiliyi təbliğ edirdi.

İndi bəzi oliqarxlar haqqında “çörəkverən şəxs” ifadəsini eşidəndə adamın gülməyi gəlir. Üzeyir bəy oliqarx olmadan bunu həyata keçirib, övladlarımızı ələbaxımlığa öyrətməyib, “balıq tutmağı” öyrədib. Azərbaycan Türk Musiqi Məktəbinin (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci), Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının təşəbbüskarı olub, mükəmməl tədris proqramının və təhsil sisteminin hazırlanmasında böyük rol oynayıb. Musiqi məktəblərinin fəaliyyətə başlaması azərbaycanlı uşaqların və gənclərin bu gözəl və incə sənətə gəlmələrinə, ifaçılıq, bəstəkarlıq, musiqişünaslıq peşəsini yüksək peşəkarlıq səviyyəsində öyrənmələrinə səbəb olub. Bəstəkarın tələbələri – Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Ağabacı Rzayevə, Şəfiqə Axundova və başqaları musiqi mədəniyyətimizin zənginləşməsinə böyük töhfələr bəxş ediblər. Məhz bu bəstəkarların sayəsində Üzeyir məktəbinin ənənələri davam etdirilib və musiqi irsimiz daha da zənginləşdirilib.

Çox heyf ki, Üzeyir bəy cəmi 63 il yaşayıb. Amma o, hər zaman diridir. Cismən aramızda olmasa da, adı hər zaman dillərdədir və ölkəmizin milli sərvəti   adlandırılır. Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması uğrunda milli azadlıq mübarizəsinin rəmzinə çevrilmiş Azadlıq meydanındakı hər mitinq məhz onun şah əsəri sayılan “Koroğlu” operasından uvertüranın təntənəli sədaları ilə açılırdı. Üzeyir bəy sanki yumruğunu ucaldan mübarizlərə “mən də buradayam, sizinləyəm, xalqımızın müstəqilliyinə səs verirəm” deyirdi. Onun bəstələdiyi Dövlət himni indi təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif dövlətlərindəki rəsmi səfərlərdə, ziyafətlərdə, beynəlxalq tədbirlərdə, mədəniyyət, idman tədbirlərində böyük təntənə ilə səslənir. Üzeyir himninin möhtəşəm sədaları altında üçrəngli bayrağımız Avropa, Dünya çempionatlarında, Olimpiadalarda yüksəklərə ucaldılır və idmançılarımız sevinc və qürur dolu göz yaşlarını saxlaya bilmirlər. Əsərləri təntənəli konsert salonlarında səslənir, müxtəlif opera teatrlarında və müzikllərdə səhnələşdirilir.

Onun övladı olmayıb. Lakin xalqımızın bütün sənətsevər və qədirbilən insanları onun övladına çevriliblər. Bəlkə də hansısa valideynin övladı heç öz ata-anasının qəbrinin yerini unudub, amma Üzeyir bəyin Fəxri Xiyabandakı məzarı ildə neçə dəfə izdihamlı şəkildə ziyarət edilir…

Üzeyir bəy xalqımızın könlündə elə əbədi taxt qurub ki, onun sökülüb atılması qeyri-mümkündür. Çünki həmin taxt dahi şəxsiyyətimizə böyük sevgidən qaynaqlanır. Ən əsası, bu gün Üzeyir bəyin heykəli və faşist ermənilər tərəfindən güllələnmiş büstü doğma Şuşaya qaytarılıb. Hazırda onun Şuşadakı ev-muzeyinin bərpa olunması məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanmış layihə həyata keçirilir. Bu il keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının bir gününə isə mədəniyyət paytaxtımız Şuşa şahidlik edəcək. Üzeyirin möhtəşəm musiqisi gözəl Şuşadan dünyaya səslənəcək…

Ruhunuz şad olsun, əziz USTAD! 136-cı doğum gününüz mübarək! Nə yaxşı ki, Azərbaycanda doğulmusunuz…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*