Uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa öz missiyasını yerinə yetirmək əvəzinə, daim ermənilərin yanında olub və status-kvonun qorunub-saxlanılması üçün hər cür çirkin əməllərdən istifadə edib. Məsələni ləngitməklə işğalı qanuniləşdirmək istəyən Fransa və digər həmsədr dövlətlər Qarabağda baş verənlərə etinasız yanaşır və Ermənistanın mövqeyini daim dəstəkləyirdilər.
Üç il əvvəl, 44 günlük müharibə zamanı da həmsədr ölkələr Ermənistanın yanında yer aldılar. 28 il özlərini “sülh göyərçini” kimi göstərməyə çalışan həmsədrlərin mahiyyəti tam aydın olandan sonra Azərbaycan haqlı olaraq bu formatdan imtina etdi və ATƏT-in Minsk qrupu deyilən qurum tarixin arxivinə atıldı. Buna baxmayaraq, həmsədr ölkələr yenə Ermənistanın yanındadır. Ermənidən daha çox erməni olmağa həvəsli Fransa isə bütün sahələrdə “bacılarına” dəstək verir. Hərbi-siyasi sahədə Ermənistanın yanında duran Fransa bəzən ermənilərin ifadə edə bilmədiyi şərtləri səsləndirir. Eyni zamanda, beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə çirkin kampaniya aparan Fransa ölkəmizə qarşı hər cür qarayaxma təşkil edir. Məhz Fransanın dəstəyi ilə Ermənistan bir neçə dəfə BMT TŞ-yə şikayət edib və məsələ Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb. Məhz Fransanın dəstəyinə arxayın olan Ermənistan Azərbaycana qarşı böhtan kampaniyasını davam etdirsə də, məqsədinə nail ola bilməyib. Qərbi Avropa dövləti öz imkanlarından istifadə etməyə çalışsa da, Azərbaycana qarşı hər hansı qətnamə çıxarılmasına nail ola bilmədi. Ümidi hər yerdən üzülən “böyük bacı” Azərbaycan əleyhinə böhtan kampaniyasını davam etdirir. Fransanın TV1 telekanalına müsahibəsində Fransa prezidenti Emmanuel Makron bu dəfə də Ermənistana dəstək mesajı verib: “Biz həmişə Ermənistanı dəstəkləmişik və ermənilər də bunu bilir. Qarabağda baş verən son hadisələr bizi ciddi narahat edir. Biz Ermənistana siyasi yardım göstərməyə davam edəcəyik. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir. Fransa açıq şəkildə Ermənistanın və beynəlxalq hüququn tərəfindədir”, – deyə Makron bildirib.
Azərbaycan əraziləri 28 il işğal altında qalan zaman Fransanı beynəlxalq hüququn norma və prinsipləri maraqlandırmadı. Əksinə, Ermənistana haqq qazandırıldı. İndi Azərbaycan öz haqq işini başa çatdıran kimi beynəlxalq hüququn prinsipləri dərhal yada düşür və Fransa ermənilərin hüquqlarının müdafiəçisi kimi çıxış etməyə başlayır. Amma nə Makronun erməni sevgisi, nə də Fransadakı erməni diasporunun Makron məhəbbəti Azərbaycanı haqq işindən döndərə bilməyəcək.
Vəli Həsənov,
KONKRET.az