Bir neçə il əvvəl məşhur “Hugo Boss” brendinin Vermaxt əsgər və zabitləri üçün hərbi geyimlərin yaradılmasında iştirakı ilə bağlı dərc edilmiş faktlar ətrafında qalmaqal yaranmışdı. Məşhur dizayner Huqo Boss nasistlərlə əməkdaşlıqda və Hitlerlə şəxsi əlaqələrdə ittiham olunurdu. Şirkət hətta bu məsələni anlamaq üçün tarixçilərə müraciət də edib. Elmi tədqiqatların nəticələri dizayner haqqında miflərin çoxunu təkzib etsə də, şirkət faşist geyimlərinin yaradılması faktını etiraf etməklə yanaşı, əsirlərin fabriklərdə istismarına görə üzr də istəyib.
O zaman “Hugo Boss” hələ tanınmış brend deyildi. Peşəkar fəaliyyətinə 1902-ci ildə tikiş fabrikində fəhlə kimi başlayan Hugo Bossa 6 il sonra valideynlərindən toxuculuq dükanı miras qalmışdı. 1923-cü ildə isə o, öz tikiş şirkətini yaradıb. 1930-cu ildə şirkəti müflis olanda aldığı yeni təkliflər Huqo Bossu xilas etdi. Bu dəfə onun müştəriləri daha ciddi adamlar idi. Ona Vermaxt formalarını tikmək təklif olunmuşdu.
Dünya brendi “Hugo Boss” şirkətinin nasistlərlə əməkdaşlıqdan qazanc əldə etməsi ilə bağlı söhbətlər 1990-cı illərin sonlarında ortaya çıxıb. Yalnız 1997-ci ildə şirkət nasistlərlə əməkdaşlıq etdiyini etiraf edib. Bu, brendin imicinə mənfi təsir göstərdiyi üçün şirkət tarixçi Roman Kesterin faktlara söykənən araşdırmalarına sponsorluq etdi. Kestnerin 2012-ci ildə çap olunan “Hugo Boss Veymar Respublikası ilə Üçüncü Reyx arasında tikiş fabriki” kitabında maraqlı faktlar qeyd edilmişdi. Məlum oldu ki, “Hugo Boss” əslində Vermaxt üçün hərbi forma tikməklə məşğul olub və bu sifarişlərdən böyük gəlir əldə edib. Zavod Polşadan olan 140 mühacirin və 40 fransız məhbusun məcburi əməyindən istifadə edib.
Bununla belə, “Hugo Boss” Adolf Hitlerin şəxsi paltarlarını da hazırlayıb. Bundan əlavə, dizayner eskizlərin işlənib hazırlanması və naxışların yaradılmasında iştirak edib. Eyni zamanda bu fabrik forma tikişi ilə məşğul olan ən böyük şirkət idi. Əslində qara SS formasının dizayneri Hugo Boss deyil, alman rəssamı, dizayneri və SS zabiti Karl Diebitç idi. İki Sieg runes şəklində olan SS embleminin dizaynını qrafika rəssamı Valter Hek hazırlamışdı. SS zabitlərinin formasının qara rəngi hörmət və qorxu oyatmaq üçün nəzərdə tutulmuşdu. Lakin tezliklə məlum oldu ki, bu rəngin əhəmiyyətli çatışmazlığı var. Yayda o, günəş radiasiyasını udur və tərləməyə səbəb olurdu. Buna görə də, qara rəng tezliklə boz rənglə əvəz olundu. Buna baxmayaraq qara rəng SS zabitlərinin təntənəli geyimində istifadə olunmağa davam etdi. “Hugo Boss” fabriki yalnız Karl Diebitç tərəfindən hazırlanmış formalar istehsal edirdi.
Amma Hüqo Bossun nasistlərlə məcburiyyətdən deyil, şəxsi inamından dolayı əməkdaşlığını oğlu da təsdiqləyib. 2007-ci ildə Siegfried Boss atasının Nasist Partiyasının üzvü olduğunu açıq şəkildə etiraf etdi: “ O zaman kim üzv deyildi? Bütün sənaye nasistlər üçün çalışırdı “. Hələ 1931-ci ildə dizayner könüllü olaraq NSDAP-ın Milli Sosialist İşçi Partiyasına qoşulmuşdu və özü də qatı nasist idi. Bu, onun fabrikinin mühüm hərbi müəssisə kimi qeydiyyata alınmasında və Vermaxt formalarının tikilməsi üçün böyük sifariş almasında böyük rol oynayırdı. Alman tarixçisi Henning Kober iddia edir ki, “Hugo Boss” şirkətinin rəhbərliyinin bütün nümayəndələri nasistlər və Hitlerin tərəfdarları olublar.
Müharibə başa çatdıqdan sonra fabrik yenidən poçtalyonlar, polislər və dəmiryolçular üçün işçi geyimləri istehsal etməyə başladı. Sahibi mühakimə olunsa da, həbsdən yayındı və canını 100 min marka cərimə ödəməklə qurtardı. Düzdür, “Hugo Boss” sonradan qismən öz statusunu dəyişdi. Dizayner 1948-ci ildə 63 yaşında vəfat etdi. Onun şirkəti ölümündən sonra dünyada məşhur brendə çevrildi.
Roman Kesterin kitabı işıq üzü görəndən sonra “Hugo Boss” şirkəti öz internet səhifəsində “ Hugo Boss fabrikində nasistlərin zülmü altında işləmək məcburiyyətində qalanların çəkdiyi əzablara görə dərin təəssüf hissini ” ifadə edən etiraf yer alıb.
Tamaşaçılar “Baharın on yeddi anı” filmindən qara SS formasını yəqin ki, xatırlayırlar.
Moda dünyasında isə Hugo Bossun yaratdığı Üçüncü Reyxin formaları ən gözəl və dəbli hərbi formalar hesab olunur.
Vəli Həsənoğlu,
KONKRET.az