Valideynlər tərəfindən tez-tez cizgi filmlərinin uşaqların davranışlarına təsiri barədə şikayətlər səsləndirilir. Onlar övladlarının izlədikləri cizgi film qəhrəmanlarını yamsıladıqlarını söyləyirlər. Personajlar hansı davranışları sərgiləyirlərsə, uşaqlar daha çox onu edir. Cizgi filmlərində müsbət davranışlarla yanaşı, neqativ təsvirlərə də nəzərə alsaq, bu hallar uşaqlara necə təsir edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Nabat Mirzəyeva bəzi cizgi filmlərinin uşaqlara davranış pozuntusu aşıladığını söylədi:
“Hazırda cizgi filmlərinin çoxluğu və onların uşaqlarda yaratdığı təsir valideynləri narahat etməyə başlayır. Bəzi ekran işlərində yer alan qəzəb, şiddət kimi hallar uşaqların davranışlarında pozuntulara səbəb ola bilir. Ata və analar bu seçimlərdə diqqətli olmalıdırlar. Cizgi filmləri uşaqların gələcək davranışına müsbət təsir edir. Görüntülərdə kin, nifrət, düşmənlik, yalan danışmaq kimi hallar təbliğ olunur. Uşaqlar bu tip cizgi filmlərindən uzaq tutulmalıdır”.
Psixoloqun sözlərinə görə, hər bir uşaq öz yaş kateqoriyasında olan cizgi filminə baxmalıdır:
“5-6 yaşlı uşaqlar öz yaş kateqoriyasına uyğun cizgi filmlərə baxmalıdırlar. Onlar böyük obrazlar, qəhrəmanlar olan cizgi filmlərinə baxmamalıdır. Böyük obraz deyəndə biz 15-16 yaşlı, soyuq silahdan istifadə edən qəzəb, şiddət davranışlarını özündə cəmləşdirən personajları nəzərdə tuturuq”.
Psixoloq cizgi filmlərində yer alan davranışların təkrar edilməməsi üçün uşaqlarla söhbətlərin vacibliyini vurğuladı:
“Uşaqların cizgi filmlərindəki gördüklərini təkrar etməmələri üçün onlarla söhbətlər olmalı, bunların doğru olmadığı bildirilməlidir. Əgər onların yaşı az olarsa, seçimi valideyn etməlidir. Bəzi cizgi filmləri var ki, uşaqlara “aktiv” həyat tərzini aşılayır. Hansı ki, burada heyvanları incitmək, hiperaktiv davranışlar, evi dağıtmaq, yatmamaq və s. kimi məsələr təsvir olunub. Uşaqları bu filmlərə baxmaqdan çəkindirmək lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu da bildirib ki, cizgi filmləri uşaqlarda müəyyən davranışlar formalaşdırır.
“Körpə uşaq nədənsə xoşu gələndə onu yamsılamağa başlayır. Bəzən küçədə yaşlı adamın yerişi onların diqqətini cəlb edir, onları yamsılayır. Bu, onlarda bir maraq yaradır. Cizgi filmləri ilə yanaşı həmçinin oyuncaqlar Azərbaycanın, ümumiyyətlə, hər bir xalqın diqqət mərkəzində olmalıdır. Uşaq gözünü açıb nəyi görürsə, onu təbliğ edir. Bu sahədə gərək elə fikir aydınlığı olsun ki, elmi, pedaqoji, mənəvi tərəfdən uşaqların oyuncuqları, baxdığı cizgi filmləri, oxuduğu kitablar diqqət mərkəzində saxlanılsın. Düzdür, Sovet rejimində bunu siyasiləşdirmişdilər, amma o sahədə müəyyən praktika var idi. Praktikadan indi də istifadə etmək olar. Hökm deyil ki, Sovet rejimi kimi istifadə edək, biz öz milli-mənəvi zənginliyimiz istiqamətində bu məsələlərə ciddi diqqət verməliyik, burada xeyli boşluq var”.
Aygün Mirakif,
KONKRET.az