Son zamanlar xüsusilə sosial şəbəkələrdə və məktəblilər arasında məşhurlaşan “Labubu” oyuncaqları sadəcə bir oyuncaqdan daha çox, emosional və psixoloji simvola çevrilib. Onun bu qədər sürətlə populyarlıq qazanmasının əsas səbəbləri isə həm görkəmindəki ziddiyyətlər, həm də yaratdığı psixoloji təsirdə gizlənir.
Bu fikirləri psixoloq, psixoterapevt Sibel Piriyeva KONKRET.az-a açıqlamasında səsləndirib:
“Birinci növbədə, Labubunun görünüşündəki paradoks diqqət çəkir. Oyuncaq həm qorxunc görünür — iti dişləri, böyük gözləri və ironik gülümsəməsi ilə — həm də yumşaq teksturası və forması ilə sevimli, şirin bir obraz yaradır. Bu vizual ziddiyyət insanda eyni anda həm maraq, həm də qorxu hissi oyadır ki, bu da psixoloji cəhətdən cəlbedici bir effekt yaradır.
İkinci vacib məqam Labubunun məhdud çeşidlərdə buraxılmasıdır. Marketinq baxımından bu addım seçim azadlığını minimuma endirir, nəticədə insanların diqqətini toplamaq və satışları artırmaq asanlaşır”.
Psixoloq bildirir ki, Azərbaycan məktəbliləri, xüsusilə ibtidai və orta təhsil pilləsində olan şagirdlər daha çox Yapon pop mədəniyyətinə meyllidir. Labubu da Yapon vizual mədəniyyətinin məhsulu kimi onların maraq dairəsinə uyğun gəlir.
“Labubu oyuncağının təsiri təkcə estetik görünüşlə bitmir. Jung nəzəriyyəsinə görə, hər bir insanın “kölgə” tərəfi — yəni cəmiyyətdə qəbul edilməyən və şüuraltına ötürülmüş hissləri, qorxuları, arzuları mövcuddur. Labubu bu “kölgə” tərəfi xaricə çıxarır. Onun qorxunc, amma eyni zamanda şirin obrazı insanın qaranlıq və işıqlı tərəflərini eyni anda qəbul etməsinə şərait yaradır.
Bu mənada, Labubunu sevmək sadəcə oyuncaq almaq deyil, insanın öz fərqliliyi ilə barışması və daxili dünyasına səfər etməsi deməkdir. Labubu “pis uşaq”, lakin “azad uşaq” simvoludur — dəcəl, sərhədsiz, lakin öz seçimləri ilə yaşayan. Bu da onu sevənlərə bir növ azadlıq və şəxsiyyət ifadəsi kimi təsir edir.
Beləliklə, Labubu oyuncaqları sadəcə uşaq əyləncəsi deyil, dərin psixoloji və mədəni kodlar daşıyan bir simvoldur. Onun yaratdığı paradoksal cazibə bir çox insan üçün sadəcə bir trend deyil, daxili aləmə işarə edən bir yol yoldaşıdır”.
Aynurə İsmayıl
KONKRET.az