Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər – YENİ SENSASİON DETALLARbackend

Vaşinqton görüşü Ukraynanın taleyini həll edə bilər - YENİ SENSASİON DETALLAR

Avqustun 18-də Vaşinqtonda baş tutacaq görüş bütün dünyanın diqqətindədir. ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə bir masa arxasına oturacaq. Siyasi kuluarlarda yayılan məlumatlara görə, Tramp artıq Alyaskada Rusiya prezidenti Vladimir Putinlə ümumi prinsiplər üzrə razılıq əldə edib. İndi isə əsas məqsəd bu şərtləri Ukrayna tərəfinə qəbul etdirməkdir. Bu səbəbdən Zelenski görüşə tək getmir – o, Avropa liderlərinin dəstəyini arxasına alaraq ABŞ-a yola düşür.

KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti ilə birlikdə Vaşinqtona Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Corca Meloni və NATO baş katibi Mark Rütte də səfər edəcək. Bu, Zelenskinin “arxa cəbhəsini” möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.

Brüsseldə Zelenski ilə görüşən Ursula fon der Lyayen bəyan edib ki, Ukrayna yaxşı silahlandırılmalı və “heç bir təcavüzkarın uda bilməyəcəyi polad kirpi”yə çevrilməlidir. O, Avropanın müharibədən sonra Ukrayna ordusuna hər hansı məhdudiyyətin əleyhinə olduğunu da vurğulayıb. Lyayen eyni zamanda beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu bildirib, lakin qərarı Ukraynanın özü verməlidir deyə əlavə edib. Fransa lideri Emmanuel Makron da oxşar mövqe nümayiş etdirərək “ərazi məsələləri yalnız Ukraynanın demokratik seçilmiş rəhbərləri ilə müzakirə oluna bilər” deyib.

Müzakirələrin fonunda Reuters agentliyi Moskvadan sızdığı iddia edilən şərtləri açıqlayıb. Onlara görə, atəşkəs yalnız yekun sülh müqaviləsindən sonra mümkündür. Kiyev ordusunu Donetsk və Luqanskdan tam çıxarmalı, bunun müqabilində Rusiya Xerson və Zaporojye istiqamətlərində mövqeləri dondurmalıdır. Həmçinin Moskva bəzi Sumı və Xarkov bölgələrini qaytarmağa hazır olduğunu bildirir. Ən sərt tələblər isə Krım üzərində Rusiya suverenliyinin tanınması, Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi, rus dilinə və kanonik pravoslav kilsəsinə hüquqi təminatların verilməsi, Rusiyaya qarşı bəzi sanksiyaların ləğv olunmasıdır.

Zelenski isə bu şərtləri qəbul etmir. O, əvvəlcə atəşkəsin, sonra isə sülh sazişinin imzalanmasının vacibliyini bildirir. Ukrayna lideri başa düşür ki, Moskvanın diktə etdiyi şərtlərə razılıq onun siyasi sonunu gətirə bilər. Üstəlik, kuluarlarda Tramp və Putinin atəşkəsdən sonra Ukraynada seçkilərin keçirilməsini və Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasını müzakirə etdikləri barədə ehtimallar da dolaşır.

Tramp isə əksinə, Putinin mövqeyinə yaxın duraraq, yalnız uzunmüddətli sülh müqaviləsini çıxış yolu kimi görür. Bu isə Ukrayna üçün əlavə təzyiq deməkdir. Avropa liderlərinin Vaşinqtona gəlişi Zelenskiyə arxa olmaq niyyəti daşısa da, qərarın əsasən Tramp və ABŞ tərəfindən veriləcəyi gözlənilir. Bu isə Avropanın real gücünü və mövqeyinin nə qədər təsirli olacağını sual altında qoyur.

Ekspertlər hesab edir ki, hazırda danışıqlar masasında müharibənin dayandırılması və ya ən azı “dondurulması” üçün daha çox imkan yaranıb. Amma şərtlərin sərtliyi və tərəflərin kompromisə meylli olmaması sülhün yaxın vaxtlarda əldə olunacağına inamı zəiflədir. Zelenski isə hələ də Avropanın onu yarı yolda qoymayacağına inanır. Amma tarix göstərir ki, böyük güclərin siyasi razılaşmalarında kiçik dövlətlərin maraqları çox zaman qurban verilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*