Amerika Birləşmiş Ştatları Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun Birləşmiş Ştatlar Prezidentinə Azərbaycanla bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş Amerika hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.
– Rəşad bəy, ABŞ 907-ci düzəlişi təsdiqləyərək, Azərbaycana birbaşa yardımları dayandırdı. Bunun ölkəmizə hansı mümkün təsirləri ola bilər?
– Əvvəla qeyd edim ki, Azadlığa Dəstək Aktı qəbul olunarkən iqtisadiyyat, biznes, kənd təsərrüfatı və digər istiqamətlərdə Rusiyaya və yeni müstəqillik əldə edən bütün dövlətlərə yardım etməyi nəzərdə tuturdu. Qarabağda müharibə gedərkən, konkret desək, 1992-ci ildə erməni icması və lobbisinin birgə fəaliyyəti nəticəsində Azadlığa Dəstək Aktının mətnində 907-ci düzəlişin qəbul edilməsinə təşəbbüs göstərildi və düzəliş qəbul olundu. Bu düzəlişlə ABŞ hökumətinin prezidentin razılığı olmadan Azərbaycana yardım etməsi qadağan olundu. 907-ci düzəliş adlandırılan sənədin təşəbbüskarı demokrat senator Con Kerri olub. Prezident Buş tərəfindən qanun layihəsi imzalandığı andan qüvvəyə minməklə düzəliş Azərbaycan-ABŞ münasibətlərində maneəyə çevrilərək, 10 il qüvvədə qalıb və 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması haqqında qərar verilib. Onu da bildirim ki, həmin 10 il ərzində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım ala bilməyən yeganə MDB dövlət idi. Bundan sonrakı dövrdə Azərbaycan həmişə ABŞ tərəfindən təhlükəsizlik sahəsinə ayrılan yardımın fəal istifadəçilərindən biri olub. Bildiyim qədər bu illər ərzində təqribən 500 milyon ABŞ dolları həcmində yardım olunub.
Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihə vasitəsilə bölüşdürülüb. Bu layihələr çərçivəsində hərbi istehsalın və xidmətlərin əldə edilməsinə ayrılan kredit və ya qrantları, terrorçuluğa qarşı, minadan təmizləmə və bunlarla bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün verilən yardımı, beynəlxalq hərbi təhsil və təkmilləşdirməyə yönəlmiş yardımları, terrorçuluğa qarşı mübarizədə təhsil təqaüdünü, dəniz və sərhəd təhlükəsizliyi, hərbi kəşfiyyat əməliyyatları və beynəlxalq koalisiya əməliyyatlarına dəstək olan əməkdaşlığın həyata keçirilməsi üçün ayrılan vəsaitləri göstərmək olar.
Konkret suala gəldikdə isə bu qərar hələ ki, ABŞ Senatı tərəfindən qəbul olunub. Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Başqa sözlə, ABŞ bu mənada faktiki olaraq təzyiq yolu seçib. Azərbaycandan istədiyini ala biləcəksə, Nümayəndələr Palatası və ya Prezident Bayden həmin aktı təsdiqləməyə də bilər. Azərbaycanın bu təzyiqlərə boyun əyməyəcəyini nəzərə alaraq deyə bilərəm ki, Senatın aktı qısa vaxt ərzində təsdiqlənəcək.
Təbii ki, bunun ölkəmiz üçün müəyyən təsirləri olacaq. Maddi mənada bu təsir bizim üçün o qədər əhəmiyyətli olmasa da, siyasi baxımdan müəyyən problemlər yarada bilər. Azərbaycan bu gün hansısa dövlətin maddi yardımına ehtiyacı olan bir dövlət deyil. Amma ABŞ-ın bu qərarından sonra digər ölkələrin də bənzər qərarlar qəbuletmə ehtimalı kifayət qədər yüksəkdir. Məsələn, Kanada bunun ardınca hansısa sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar verə bilər. Və ya Avropa İttifaqının bəzi ölkələri, xüsusilə də Fransa müəyyən addımlar ata bilər. Deməyim odur ki, ABŞ-ın bu təhdid xarakterli davranışı başqaları üçün də nümunə ola və bu bir kampaniyaya çevrilə bilər.
– Birləşmiş Ştatlar gah sülhə tərəfdar olduğunu göstərir, gah da vasitəçilik edir. Amma digər tərəfdən işğalçını dəstəkləyir. Bu, sülhə kölgə salmırmı?
– Biz ABŞ-ın da, Fransanın da, Rusiyanın da 30 illik vasitəçilik missiyasını görmüşük və bu ölkələrin keçən dövr ərzində sülhdə maraqlı olmadıqlarına, münaqişədən öz maraqlarını təmin etmək üçün istifadə etdiklərinə şahidlik etmişik. İndi də kəskin dəyişən bir şey yoxdur. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb-çıxarılmasını özü üçün prioritet elan edən ABŞ Ermənistandan sonra Azərbaycanı da özünə ram etmək istəyir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi isə onları təbii olaraq narahat edir. Odur ki, bütün imkanları ilə təzyiq göstərməyə çalışırlar. ABŞ Azərbaycana təzyiq edərək, bizi Qərbin maraqlarının icraçısına çevirmək istəyir.
Münaqişə tərəflərindən biri olan Ermənistana təhlükəsizlik yastığı vəd edən, ordusunun möhkəmləndirilməsinə yardım vədləri verən ABŞ-ın digər dövləti, yəni Azərbaycanı sanksiyalarla hədələməsi heç bir çərçivəyə sığmır. Əvvəla ona görə ki, regionda sülh təşəbbüsü ilə çıxış edən ölkə Azərbaycandır. Əgər ABŞ həqiqətən də sülh danışıqlarında irəliləyiş istəyirsə, onda Azərbaycan yox, Ermənistana təzyiq etməlidir. İkincisi, Ermənistandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi bazaları mövcud deyil, sülhməramlıların ərazilərimizi tərk etməsinə isə elə də çox vaxt qalmayıb. ABŞ unudur ki, Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin 20 il uzadılması təklifi ilə çıxış edən Ermənistan, bundan imtina edənsə Azərbaycan olub. Biz təbii olaraq ərazilərimizdə hər hansı xarici qüvvənin qalmasında maraqlı deyilik. Amma Qərbin səhv siyasəti, bizə qarşı davamlı təzyiqləri bizi faktiki olaraq Rusiya ilə yaxınlaşdırır. Azərbaycanın İran üzərindən keçən nəqiyyat dəhlizinin yolverilməz olduğunu deyən ABŞ rəsmiləri bir şeyi unudurlar ki, Azərbaycanı həmin yola məcbur qoyan da elə özləridir. Əgər ABŞ və Ermənistanın Avropadakı digər havadarları zamanında Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərsəydilər, o zaman bizim də İran üzərindən hər hansı yola ehtyacımız qalmazdı.
Əgər ABŞ həqiqətən də sülhdə maraqlıdırsa, bunun üçün ilk növbədə öz siyasətində düzəlişlər etməlidir. Sülh sazişinin bağlanması üçün Ermənistana təzyiq göstərməli və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Sülh olacaqsa, ərazilərimizdə qalmağa can atan Rusiyanın da hər hansı bəhanəsi qalmayacaq.
– Baş verənlərin fonunda Cənubi Qafqazda Rusiya – ABŞ qarşıdurması gözlənilirmi?
Cənubi Qafqazda Rusiya – ABŞ, Rusiya – Avropa İttifaqı qarşıdurması artıq başlayıb. Hələ ki bu qarşıdurma region ölkələrinə təzyiq yolu ilə həyata keçirilir. Yuxarıda da dediyim kimi, bir tərəfdən ABŞ və Avropa Azərbaycan, Gürcüstan və Ermənistana təzyiq edərək Rusiya ilə münasibətləri kəsməyi, sülhməramlıların Azərbaycan ərazilərindən, Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb edir, digər tərəfdən Rusiya müxtəlif vasitələrlə təzyiq edərək ərazilərimizdə qalma müddətini uzatmağa və Ermənistanın öz orbitindən uzaqlaşmasına imkan verməməyə çalışır.
Bu qarşıdurmanın ABŞ və Rusiya arasında birbaşa hərbi fazaya keçəcəyi az ağlabatandır. Çünki Qərb bu məqsədlə həmişə üçüncü dövlətlərdən istifadə edib. Saakaşvilinin vaxtında Gürcüstandan istifadə etdi və nəticədə Rusiya Abxaziya və Cənubi Osetiyada daha da möhkəmləndi, indi Ukrayna üzərindən Rusiya ilə qarşıdurmadadırlar və nəticə göz qabağındadır.
– Prosesdə Türkiyənin mövqeyi maraqlıdır…
– Türkiyə bizimlə dost və qardaş ölkədir, təbii olaraq kimlərin üzərimizə gəlməsindən asılı olmayaraq yanımızda olacaq. Bu gün Rusiya da, ABŞ da, Avropa İttifaqı da, Gürcüstan, hətta Ermənistan özü də Türkiyənin Cənubi Qafqaza təsir imkanlarını qəbul edir. Bu mənada şübhəsiz ki, Türkiyənin də baş verənlərə biganə yanaşması mümkün deyil. Azərbaycan qarşı təzyiqlərin minimuma endirilməsi, eyni şəkildə özünün Cənubi Qafqaz maraqlarını qoruyub-saxlamaq üçün rəsmi Ankaranın hərəkətə keçəcəyi şübhəsizdir. Bu hərəkət isə müxtəlif ola bilər. Diplomatik-siyasi fəaliyyətdən tutmuş, Azərbaycanda hərbi baza yerləşdirməyə qədər. Hər şey hadisələrin sonrakı inkişafından asılı olacaq.
– Proseslər gələcək perspektivdə nə vəd edir: Azərbaycanla Ermənistan arasında yeni müharibə, ya sülh?
– Ermənistanın Azərbaycanla yenidən müharibəyə başlaması mümkünsüzdür və bu, Ermənistan üçün çox ağır nəticələrə səbəb ola bilər. Amma prosesin gedişatından asılı olaraq vəziyyət dəyişə bilər. Yəni Qərb Ermənistanı Azərbaycana qarşı təxribatlara cəlb edə bilər. Bu halda Azərbaycan da təbii olaraq cavab vermək məcburiyyətində qalacaq. Nəticədə Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək gücündə deyil bəhanəsi ilə rus hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi gündəmə gələ bilər. Bu zaman Rusiyadan qalan yerin doldurulması, guya Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ABŞ və Fransa başda olmaqla Qərb hər hansı mandat altında Ermənistana soxula bilər.
Mərahim Nəsib,
KONKRET.az