Azərbaycan Respublikasının Ali Məhkəməsi vərəsələr arasında ixtilafların həll edilməsi zamanı vərəsəlik şəhadətnamələrinin hüquqi əhəmiyyətinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə KONKRET.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və eyni tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin notariat ofisinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi iddianı tam təmin edib, apellyasiya instansiyası məhkəməsi qətnaməni “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edərkən qeyd edib ki, hazırda iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələrdən (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) qaynaqlanıb, lakin iddiaçı həmin şəhadətnamələri mübahisələndirməyib. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın ¼ hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər.
Kassasiya instansiya məhkəməsinin mövqeyi:
Notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.
Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.
Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır.
Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Əks yanaşma eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.
Qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki kollegiyası hesab edib ki, apellyasiya məhkəməsinin iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qaynaqlandığı özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələri (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) mübahisələndirməməsinə görə iddianın rədd olunması barədə mövqeyi əsaslı olmayıb. Buna görə də kassasiya şikayəti qismən təmin edilib, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iş yeni apelyasiya baxışına göndərilib.