Azərbaycanda işçilərin əmək hüquqlarını pozan çox sayda şirkətlər var və bu səbəbdən şirkət rəhbərlərinə daim xəbərdarlıqlar edilir. Amma çifayda. Hələ bu ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tikinti şirkətlərində belə hüquqpozmalarının olduğunu desə də və idarə tərəfindən xəbərdarlıqlar edilsə də, bu sahədə mövcud çatışmazlıqlar kifayət qədərdir. Üstəlik, vəziyyət getdikcə daha da pisləşir. “Veysəloğlu – Yaycılı Qardaşlar” MMC-də, xüsusilə “Araz” marketlər şəbəkəsində vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlər bu baxımdan geniş vüsət alıb. Əlimizdə bununla baglı kifayət qədər dəlil var. Və bu dəlillər deməyə əsas verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi hələ də bu istiqamətdə sözügedən şirkətdə yoxlamalar aparmayıb. Qeyd edək ki, şirkətdə işçilərə qarşı neqativ münasibət acınacaqlı hal alıb. Belə ki, bu sahədə çalışan əməkdaşlar 10-12 saat və ya daha çox zaman ərzində işləməyə məcbur edilirlər. Əlavə saata görə təbii ki, pul yazılmır, az maaşla insanları qul kimi işlətməklə şirkət daha çox qanunsuz gəlir əldə edir. Bununla bağlı orada çalışanların bəzilərindən müxtəlif şikayətlər eşitmişik. Bu sahədə özbaşınalıq o həddədir ki, artıq qərara gəldik araşdırmalara başlayaq. İlk araşdırmamız çox da uzun çəkmədi və bəlli oldu ki, hələ uzun müddət rəhbərlik işçilərin əmək hüquqlarının qorunması haqqında heç bir islahata getməyəcək. Ötən il Vergilər Nazirliyinin rəhbərliyi dəyişdikdən sonra bu şirkətdə ciddi qanun pozuntuları aşkar edilib və müəyyən olunub ki, “Veysəloğlu” Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələrini düzgün tərtib etmir. Öz hüquqlarını tələb etmək istəyən işçilər isə dərhal işdən kənarlaşdırılır və ya ən yaxşı halda az maaşlı işə keçirilir.
Əlbəttə, təkcə “Veysəloğlu”nun üstünə düşməklə bu məsələni həll etmək olmaz. Söhbət inzibati tədbirlərdən getmir. Cəmiyyətdə Əmək Məcəlləsinin pozulması faktları o qədər adi hal alıb ki, bu gün Azərbaycanda feodalizm quruluşunun bərqərar olduğunu düşünənlər də var. Yəqin ona görədir ki, iş saatının azaldılması məqsədilə cəmiyyətdə petisiya da (ali hakimiyyət orqanlarına ünvanlanan kollektiv xahiş, müraciət) keçirilir. Mövcud 8 saatlıq iş yerinin iki növbəyə bölünməsi və bununla da iş saatının yarıya qədər endirilməsi ilə bağlı vətəndaşlar arasında müxtəlif sorğular da keçirilib ki, bu da işçilərin hüquqlarının pozulmasında rəylərin üst-üstə düşdüyündən xəbər verir. “Veysəloğlu” şirkətinin nəinki sıravi işçilərinə, hətta vəzifəli şəxslərinə qarşı da eyni prinsiplərdən yanaşılır. Şirkətdə işçiyə qiymətin verilməməsi, hər an işdən çıxarılmaq qorxusu, ümumiyyətlə, Əmək Məcəlləsində nəzərdə tutulan əksər müddəaların kobud şəkildə pozulması kimi neqativ hallara nə vaxt son qoyulacaq? Yəqin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sahədə öz üzərinə düşən öhdəliyi yerinə yetirmək barədə düşünməlidir. Yoxsa Əmək Məcəlləsinin 9-cu maddəsi (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları) elə söz yığınından başqa bir şey olmayacaq. Yəqin “Veysəloğlu” və bu kimi şirkətlərin işçilərindən tutmuş rəhbərlərinə qədər çox yaxşı bilirlər ki, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək kimi hüquqları var. Bu, hər bir vətəndaşın hüququdur və əmək hüququnu heç kəs vətəndaşın əlindən ala bilməz. Alırsa, deməli özbaşınalıq edir, qanunları saya salmır. Qanunlara məcburi deyil, sevgi ilə riayət etsəydilər, onda işçilərinin mənzil, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvafiq sosial yardımlarını da əsirgəməzdilər. Təəssüf ki, “Veysəloğlu”da işləyən əksər vətəndaşlar bu baxımdan tam istismara məruz qalırlar, hətta əlavə, sosial, ödənişsiz və təhsil məzuniyyətlərindən də lazımınca istifadə edə bilmirlər.
Bunu isə dövlət strukturları birbaşa ciddi nəzarətə götürməlidir.
Konkret.az