Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, iş üzrə zərərçəkmiş şəxs 1 saylı uşaq poliklinikasının keçmiş baş həkimi Ceyran Məmmədovadır. O, “Azər-Ross İk” MTK-dan mənzil almaq istəyərkən aldadılıb. MTK-nın sədri Rauf Kərimov 2015-ci ildə 87 min 500 manat dəyəri olan evi Ceyran Məmmədovaya satacağını deyib. İlkin ödəniş olaraq 46 min manat alıb. Qalan məbləğləri isə hər ay hissə-hissə əldə edib.
Mənzilin pulunu ödədikdən sonra Ceyran Məmmədova öyrənib ki, mənzil başqa şəxsə məxsus olub. Mənzilin sahibi isə ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri olmuş Vidadi Zeynalov olub. Məlumata görə, həmin mənzildə hazırda Vidadi Zeynalovun qızı yaşayır.
Rauf Kərimov uzun illər dəymiş zərəri qaytaracağını vəd edib. Lakin çox az bir hissəsini ödəyib. Onun barəsində çoxsaylı şikayətlər edilib. Rauf Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Sonra yenə axtarışa verilib. İstintaqdan yayınsa da polislər onu tapa bilib.
Məhkəmədə dindirilən zaman Rauf Kərimov deyib ki, pula ehtiyacı olduğu üçün həmin mənzili zərərçəkmiş şəxsə satıb.
Zərərçəkmiş tərəfin ifadələrindən məlum olub ki, Rauf Kərimov özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edirmiş.
Vidadi Zeynalovun qızı da məhkəmədə ifadə verib. Deyib ki, həmin mənzil 2008-ci ildə alınıb və hazırda çıxarışla ona məxsusdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: Vidadi Zeynalov 2015-ci ildə həbs edilmişdi. Onun çalışdığı qurumda korrupsiya cinayətlərinə görə həbslər başlayan zaman o da saxlanılmışdı. Onun çoxsaylı əmlaklarının üzərinə həbs qoyulmuşdu. Vidadi Zeynalov 2015-ci ildə həbs edilərkən 13 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirmiş, 2019-cu ildə cəzasını çəkərək azadlığa çıxmışdı.