Azərbaycanda bir çox peşə sahiblərinin dolanışıq yeri toylar və digər şadlıq mərasimləridir. Şadlıq evlərində çalışan xidmət personalı, aşpazlar, fotoqraflar, dərzilər, kirayə paltar avtomobil xidmətləriində çalışanlar, musiqiçilər və digər sənət sahiblər toylarla dolanır.
Lakin təxminən bir ildir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin tədbirlərinə görə toylar keçirilmir. Bir sıra ekspertlər hesab edir ki, iqtisadiyyatı canlandırmaq üçün toyların bərpası vacib şərtdir.
KONKRET.az xəbər verir ki, Azərbaycan Həkimlər Birliyi İdarə Heyətinin üzvü, ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında karantin tədbirlərinin yumşaldılmasını mümkün hesab edib:
“Ötən ilin mart ayından tətbiq edilən, bəzi aylarda daha da sərtləşdirilən və bəzi aylarda isə nisbətən yumşaldılan karantin rejimləri ilə əlaqədar bir çox insanların çalışdığı sahələrin fəaliyyətinə icazə verilməyib. Onlardan bəzilərinin fəaliyyətinə icazə verilib, bəzi sahələrdə isə karantin rejimi davam edir. Hal-hazırda toy və nişan şənliklərinin keçirilməsinə, iri ticarət mərkəzləri və metronun fəaliyyətinə icazə verilmir, eləcə də açıq havada maska geyinilməsi tələb edilir.
Bununla bağlı bir çox insanlar narazıdırlar. Pandemiya dövründə minlərlə insan, o cümlədən yüzlərlə tibb işçilərini itirdik və xəstəliyin pik dövründə nə qədər tibbi yardıma ehtiyacı olan, boğularaq imdad diləyən insanlar gördük, xəstəxanalarda çarpayı çatışmazlıqlarının, təcili yardım, həkim və digər tibb işçilərinin çatışmamasının şahidi olduq, bunları unutmamalıyıq. Hansı fəaliyyət sahələrində karantin tətbiq edilməlidir? Bu məsələyə yanaşma belə olmalıdlr: insanların çox sıx toplaşa biləcəyi-yoluxmanın artma ehtimalı olan və fəaliyyəti həyati vacib olmayan sahələrin bağlı qalması məqsədəuyğundur.
Məsələn, iri ticarət mərkəzlərində satılan məhsullar hamısı demək olar ki, ayrı ayrılıqda fəaliyyət göstərən ticarət obyektlərində satılır, o ki, qaldı orda işləyən insanların maddi təminatı, bəli, birmənalı olaraq fəaliyyəti dayandırılan sahələrdə çalışan insanlara, dövlət və ya sahibkarlar tərəfindən onlara maddi yardım edilməlidir. Avtobuslardakı sıxlıqlar yoluxmanı artıra bilər, ona görə də maska geyilməsinə ciddi nəzarət edərək metronun açılması zəruridir məncə. Həftəsonu, ən azı 6-cı gün ictimai nəqliyyatın da açılması yaxşı olar, çünki bir çox imkansız insanlar həftənin 7 günü işləmək məcburiyyətindədirlər”.
Tanınmış həkim toy və nişan şənliklərinin yalnız bir halda bərpa edilə biləcəyini deyib:
“Bütün hallarda nişanlı gənclər ailə qurmalı, nikaha girməlidirlər, bu çox ciddi məsələdir, demoqrafik göstəricilər aşağı düşə bilər. Ona görə də toy şənliyi oldu, olmadı nişanlı gənclər nikaha girməli və evlənməlidirlər. Ailə qursunlar, toy şənliyinə icazə veriləndə də toylarını etsinlər. İndi məhdud sayda insan iştirakı ilə toy şənliyinə icazə verilsə bunu nizamlamaq çox çətin olacaq, daha çox insan toplaşacaq.
Açıq havada maska geyinmək də hələ ki, zəruridir məncə. Çünki bu qaydanın tətbiqindən sonra yoluxma xeyli azalıb. Son həftədən etibarən təhsil müəssisələrinin açılmasına başlanılıb, bu təqdirəlayiqdir. Eyni zamanda peyvəndləmənin intensivliyini artırmaq lazımdır. Əgər 6 ay ərzində əhalinin təqribən 60%-i peyvəndlənərsə bütün sahələrin fəaliyyəti bərpa edilə bilər”.