“Viva La Vida” – Şərq və Qərb ənənələrini birləşdirən təşəbbüsbackend

"Viva La Vida" – Şərq və Qərb ənənələrini birləşdirən təşəbbüs

Martın 15-17-də Bakıda ilk dəfə olaraq “Viva La Vida” Beynəlxalq Uzunömürlülük Konqresi keçiriləcək.

KONKRET.az xəbər verir ki, Səhiyyə Nazirliyi və TƏBİB-in təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın tanınmış fəal uzunömürlülük mütəxəssisləri bir araya gələcək.

Bu gün Baku Marriott Hotel Boulevard-da keçirilən mətbuat konfransında spikerlər tədbirin mahiyyəti barədə mediaya ətraflı məlumat veriblər.

Mətbuat konfransında ilk çıxış edən təşkilatçılardan biri, Sea Breeze Yaşlanma Əleyhinə Mərkəzinin təsisçisi Həcər Cəfərova qeyd edib ki, ölkəmizdə ilk dəfədir təşkil olunan uzunömürlülük və sağlamlıq konqresində beynəlxalq mütəxəssislər tərəfindən xalqımızın uzunömürlülüyünə dair təlimlər keçiriləcək, psixologiyadan tutmuş, detoksa qədər bir çox mövzulardan bəhs olunacaq.

Digər təşkilatçı, tibbi SPA, uzunömürlülük və sağlamlıq mərkəzləri və onların inkişafı ilə məşğul olan Possumus şirkətinin rəhbəri İlona Ansone konqresin unikallığına diqqət çəkib. Bildirib ki, xoşbəxt, aktiv, pozitiv və uzun ömür sürmək hər kəsin arzusudur:

“Bu baxımdan dünyanın ən aparıcı alim və həkimlərinin bilgilərini mənimsəmək çox əhəmiyyətlidir. Digər tərəfdən, konqres Azərbaycanda ilk dəfə olaraq Şərq və Qərb ənənələri barədə bilgilərimizi paylaşmaq üçün bizə geniş imkan yaradacaq. Məhz buna görə çox istərdik ki, “Viva La Vida” hər birimizin can atdığımız sağlamlıq və uzunömürlülüyün trendinə çevrilsin”.

Daha sonra çıxış edən Beynəlxalq Hormon Cəmiyyətinin və Dünya Qocalma Əleyhinə Tibb Cəmiyyətinin prezidenti Tyeri Ertoq bildirib ki, konfransın adı təsadüfən “Viva La Vida” seçilməyib: “Həqiqətən də əgər uzun ömür yaşamaq istəyirsənsə, həyatdan həzz almalısan. Sual oluna bilər ki, yüz il yaşamaq üçün nə etmək lazımdır? Müxtəlif yanaşmalar mövcuddur. Məsələn, müxtəlif hormonal terapiya vasitələri var ki, bunlar vasitəsilə insan ömrünü gözlənilən statistik yaşdan təxminən 15-20 il uzatmaq olar. Bundan başqa, uzunömürlülüyün psixoloji aspektləri var ki, bunlar vasitəsilə də insan öz ömrünü uzada bilir. Və biz bu konfransda təkcə uzunömürlülük barədə danışmayacağıq, buna təkan verən istənilən ideyaya açıq olacağıq”.

Mətbuat nümayəndələri qarşısında çıxış edən dünyaca məşhur Mayr sağlamlıq sisteminin banisi, avstriyalı həkim Aleks Vitasek, tibb ideoloqu Chris More, amerikalı mütəxəssis Yuliya Yusipova və başqaları da uzunömürlülüyün “yol xəritəsi”nin cızılmasında, həmçinin Şərqlə Qərbin qabaqcıl təcrübəsinin birləşdirilməsində konqresin əhəmiyyətindən bəhs ediblər.

Konfransda Xəzər dənizinin sahilində “Gələcəyin təbabəti” konsepsiyasına uyğun olacaq tezliklə Caspi Mayr sağlamlıq kompleksinin istifadə veriləcəyi barədə də məlumat verilib. Sonda adıçəkilən şirkətlə yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Sevinc Paşayeva,

KONKET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*