Azərbaycan dövlətinin qardaş Türkiyə cümhuriyyətinin vətəndaşları üçün birtərəfli viza rejimini ləğv etməsi ilə əlaqədar bu sual yenidən aktuallaşıb. Ortaya çıxan ilk sualın – “viza nədir”in cavabı rəsmi olaraq belədir:
“Viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir”.
Göründüyü kimi, bu sənəd olmadan ölkədən-ölkəyə keçmək, dünya üzərində səyahət etmək mümkün deyil.
Bir çox dövlətlər isə öz milli turizmlərinin inkişafı naminə başqa ölkələrlə (onların içində qonşular üstünük təşkil edir) qarşılıqlı şəkildə viza rejimlərini ləğv ediblər. Ona görə də istər turistlər, istərsə də həmin ölkədə qohumları, yaxınları olanlar əlavə bürokratik maneə olmadan bir-birinin ərazisinə sərbəst şəkildə gedib-gəlirlər.
“15 qardaş”ın bir dam altında qalan 9-u
Azərbaycan vətəndaşlarından viza tələb etməyən ölkələrin sayı 29-dur. Bu ölkələrin 9-u keçmiş SSRİ respublikalarıdır: Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan.
SSRİ respublikaları 15 idi axı. Bəli, 15 idi. Onlardan biri də biz idik. Yerdə qaldı 5 respublika. Üçü sovet dönəmində belə özlərini “Avropa ölkəsi” sayaraq, bu biri, Ön Asiya ölkələrinə qaynayıb-qarışmayan Baltkyanı respublikalardır (Latviya, Estoniya, Litva). Onlar Rusiya və onun peykləri ilə məsafəli davranmağı məsləhət biliblər. Bu dövlətlər MDB üzvü olmadıqlarına görə viza rejiminin qarşılıqlı ləğvi də baş tutmayıb.
Biizmlə vizasız gediş-gəlişi olmayan dördüncü ölkə düşmən Ermənistandır. Bu ölkə ilə heç vizal gəliş-gedişimiz də mümkün deyil.
Nəhayət, köhnə SSRİ respublikaları içərisində “keçmiş qardaş”larından viza tələb edən sonuncu ölkə Türkmənistandır. Türkmənistan hələ SSRİ-nin dağıldığı ilk illərdə özünü “neytral dövlət” elan edib. Onun psixopatlığa meylli sabiq rəhbəri Saparmurad Niyazov keçmiş SSRİ respublikalarından gen durmağa çalışırdı və hesab edirdi ki, başqa ölkələrlə vizasız gediş-gəliş imkanı yaratsa, ölkəsi casuslarla dolub-daşar və onun “neytral”lığına, suverenliyinə xələl gələr. Maraqlıdır ki, Niyazov-Türkmənbaşıdan sonra hakimiyyətə gələn və özünü Avropa ölkələrinin liderləri kimi aparmağa çalışan (gitara çalan, rep deyən, at sürən, qolf oynayan) Qurbanqulu Berdımühəmmədov da sələfinin “viza siyasəti”ni davam etdirdi.
Barbadosa, Antiqua və Barbudaya, Sent-Vinsentə xoş gəldiniz
Bu adları çəkilən ölkələr Azərbaycan vətəndaşlarından viza tələb etmir (biz də onlarda viza istəmirik). Ona görə də istənilən vətəndaşımız dünya xəritəsində bu ölkələri tapa (tapa bilsə) və sərbəst şəkildə oraya vizasız gedə bilər.
Bu cür ölkələrin içində Vanuatu, Haiti, Baham adaları da var. Sonuncu ölkənin adı imkanlı adamlara tanış gələ bilər, çünki dünyanın ən yaxşı yay kurortları orada yerləşir. Ancaq çətin ki, ölkəmizdən kiminsə Vanuatuya yolu düşmüş olsun. O, uzaq Avstaliyanın yaxınlığında kiçik bir ada dövlətidir, hər hansı bir özəlliyi də yoxdur.
Əslində Kolumbiyaya vizasız gediş-gəliş də o qədər əhəmiyyətli deyil. Birincisi, bu ölkə çox uzaqdır. İkincisi, orda olanlardan öz ölkəmizdə də var. Namibiya və Ekvador kimi ölkələr də bizim vətəndaşlarımız üçün maraqlı ölkələr deyil. Yerdə qalanlar pis-yaxşı bizim maraq dairəmizdədir, yolumuz düşə biləcək yerlərdir.
Sərhəddə viza verənlər
Bundan başqa, elə ölkələr də var ki, ölkəmizin vətəndaşlarına vizanı sərhəd-gömrük məntəsində verir. Məsələn, kimsə çamadanını qablayıb Şərqi Timor, Palau, Samoa, Makao, Toqo, Tuvalu (bunlar hamısı ölkə adlarıdır) və başqa bu kimi ölkələrə getsə, orada hava və ya dəniz limanında ona viza verəcəklər. Uqanda, Ruanda, Cibuti, Kabo-Verde kimi dövlətlərin ərazisinə daxil olmağımız da texniki məsələdir – onlar da vizanı bizə sərhəddə verirlər.
Əslində, bu da mühüm üstünlükdür. Çünki bunların arasında kurortları ilə məşhur, gəzməli, görməli yerləri olan ölkələr də var. Xüsusilə səyahət həvəskarları asan viza almaq imkanından yararlana bilərlər. Bu cür ölkələrin sayı 32-dir.
Demək, biz cəmi 61 ölkəyə bürokratik maneələr olmadan daxil ola bilərik.
Viza baryerinin məqsədi və faydası
Dünyada isə 200-dən artıq ölkə var. Onların 140-ı bizdən xüsusi sənəd (viza) tələb edir.
Əslində, Şengen ölkələri istisna olmaqla istənilən başqa ölkənin səfirliyindən, konsulluğundan (ölkəmizdə olmasa da, regionumuzda, Türkiyə və Rusiyada yerləşən diplomatik ofisindən) viza almaq çətin deyil. Prinsipcə, casus maniyasına qapılmamış istənilən ölkə Azərbaycan vətəndaşlarına viza verər. Elə Şengen ölkələrindən də viza almaq dəhşətli dərəcədə də çətin olmur. Hərçənd o qədər tez və asan da başa gəlmir. Bu ölkələrə miqrant axının ifrata çatdığı və bütün hədləri keçdiyi üçün Şengen sazişinə daxil olan ayrı-ayrı ölkələr başqa dövlətllərin vətəndaşlarına viza verərkən məsələyə həssas yanaşır, araşdırma aparır, ölçüb-biçirlər. Ona görə də elə olur ki, bəzi adamlara viza verilmir. Bu işə baxanlar şübhələnir ki, adam onun ölkəsinə gedəcək və ya oradan başqa bir Şengen ölkəsinə adlayacaq və geri qayıtmayacaq. Belə hallar çox olub, ona görə də onlar ehtiyatlı davranılar. Bəzən isə qurunun oduna yaşı da yandırırlar. Hər halda viza baryeri Avropaya axının qarşısını müəyyən qədər tormozlaya bilir.
Şengen – şeni gen ol, gürcü oğru!
Azərbaycan Avropa ailəsində (ATƏT, AŞPA, UEFA, Eurovizion və s. təşkilatların bərabərhüquqlu üzvüyük) olsa da, avropalıların bir-birinə sərbəst səyahət etməsini təmin edən Şengen sazişinə qoşulmuş ölkələrin qapıları üzümüzə bağlıdır. Ancaq qonşumuz Gürcüstanın vətəndaşları artıq iki ilə yaxındır ki, Şengen ölkələrinə vizasız gediş-gəliş imkanından yararlanırlar.
Bu imtiyaz Gürcüstana xeyli fayda verib, qonşu ölkəyə gələn avropalı turistlərin sayı çox artıb. Bu isə kasıb ölkəyə əlavə valyuta axını deməkdir. Ancaq gürcülərin Avropa ölkələrinə vizasız gediş-gəlişi bir sıra Avropa dövlətləri üçün (İsveçdən İspaniyaya qədər) başağrısına evrilib. İndiyədək postsovet ölkələrində seyf yaran, mənzil oğurlayan, quldurluq edən gürcü kriminallar artıq Avropa ölkələrinə daraşıblar və vaxtaşırı olaraq o ölkələrin mediasının kriminal xronikasında barələrində məlumatlar gedir. İndi bir çox Avropa ictimai-siyasi dairələrində gürcü kriminalların Şengendən gen tutulması arzulanır.
Cin ayrı, şeytan ayrı, eləcə də viza başqa, oturum izni başqa
Bəzən vətəndaşlar qarışdırırlar, elə bilirlər ki, hər hansı bir ölkəylə qarşılıqlı viza rejimi ləğv olunursa, biz həmin ölkəyə keçə, orada istədiyimiz qədər qala, yaşaya bilərik. Amma elə deyil.
Azərbaycan vətəndaşları Rusiya başqa olmaqla 30-a yaxın ölkəyə vizasız gedə və orada 1-3 ay qala bilər. Bizim vətəndaşlara öz ərazisində 90 gün qalmaq icazəsi verən ölkələr çoxdur, amma məsələn, Türkiyədə yalnız bir ay vizasız qala bilərik, sonra xüsusi icazə almalıyıq.
Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Serbiya, Moldova, Özbəkistan, Monteneqro və başqaları bizə 90 gün vizasız yaşamaq hüququ verən ölkələrdir. Ancaq İranda 15 gündən artıq qala bilmərik, icazə yoxdur.
Yeri gəlmişkən, İranla viza məsələsi…
Türkiyə vətəndaşlarına tətbiq olunan viza tələbinin ləğvi barədə söhbətlər aktuallaşanda həmişə ortaya İran məsələsi də atılır. Məsələ belədir ki, İran vətəndaşlarından da viza tələb edirik, İran isə eynilə Türkiyə kimi bizdən viza istəmir.
Belə bir qənaət vardı ki, Türkiyə vətəndaşlarına vizasız gediş-gəliş izni verilirsə, eyni şey İran vətəndaşlarına münasibətdə də olmalıdır.
Ancaq dünyanın heç bir qanunvericiliyində belə bir müddəa yoxdur və ola bilməz. Hər bir ölkənin öz qonşuları ilə ayrı-ayrılıqda lazım bildiyi sərhəd-gömrük, qarşılıqlı gediş-gəliş rejimləri tətbiq etmək hüququ var. Bu baxımdan Türkiyə vətəndaşlarına münasibətdə atılmış addım Azərbaycan dövlətinin boynuna eyni addımı İran vətəndaşlarına münasibətdə atmaq kimi bir öhdəlik qoymur.
Bununla belə, bəlkə də İranda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişini asanlaşdırmaq üçün bu addımı atmaq yaxşı olar.
Bu zaman “İran Azərbaycan vətəndaşlarından viza istəmir” minnətinin altına girməyə də lüzum yoxdur. İran dövləti bizim bu ölkənin ərazisinə baryersiz, vizasız daxil olmağımız üzündən indiyədək milyardlarla dollar həcmində valyuta qazanıb. Ölkəmizdə az qala elə bir ailə qalmayıb ki, onun ən azı bir üzvü aparıb Tehran və Təbriz klinikalarına pul ödəməsin. Əgər viza baryeri olsaydı, çox adam qonşu ölkəyə bu cür asan və həvəslə yollanmazdı.
Viza məsələsində stereotiplər və həqiqətlər
Belə bir düşüncə var ki, pasportunda ABŞ və Şengen vizası olanlar, bir neçə dəfə Avropaya gedib-gələnlər növbəti dəfə Şengen ərazisinə daxil olmaq istədikdə onların viza almaq şansı daha yüksək olur. Konsulluqlar bu cür adamları daha etibarlı sayır, “qalmaq fikirləri olsaydı, birinci və ya ikinci səfərlərində qalardılar” deyə məntiqi nəticələr çıxarır və onlara viza verməkdən imtina etmirlər.
Bu səbəbdən bəzi adamlar vizalı səhifələri çox olan pasportlarını dəyişmək lazım gələndə hər ehtimala qarşı köhnə pasportu özlərində saxlamaq və ya həmin səhifələri çıxarıb götürmək istəyirlər. Bunun nə vaxtsa faydalı olub-olmayacağı dəqiq deyil, hər halda belə bir düşüncə var.
Daha bir stereotip isə İrana səfər edənlərin sonradan İsrail və ABŞ vizası almaqda çətinlik çəkməsi, hətta onlara belə bir iznin heç vəchlə verilməməsinə dairdir.
Ancaq əvvəlcə İrana, sonradan ABŞ-a səfər etmiş adamlar var və onlar deyirlər, sənədlərin hamısı qaydasında olandan sonra elə bir problem olmur. Ona qalsa, gərək heç bir İran vətəndaşı ABŞ-a gedə bilməyəydi. Bu ölkədə isə yüz minlərlə iranlı yaşayır və gedib-gəlirlər.
İsrailin İranla münasibətləri, yumşaq desək, dostcasına olmadığından qarşılıqlı gediş-gəlişlərə dar pəncərədən yanaşması tamamilə normaldır. Onların arasında soyuq müharibə gedir və hərdən az qala bir-birinə ballistik raket atacaqlarmış kimi bir duruma gəlirlər.
Bəs başqa ölkələrə vizasız getmək üzrə rekordçu dövlətlər hansıdır?
Müvafiq reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq edirlər. Bu ölkələrin vətəndaşları 147 ölkəyə vizasız səyahət edə bilirlər. ABŞ və Böyük Britaniya vətəndaşı olmaq, bu ölkələrin pasportunu daşımaq kifayət edir ki, hansısa ölkəyə daxil olanda pasport-qeydiyyat pəncərəsinə yaxınlaşdıqları zaman əməkdaşlar oların üzünə gülümsəyərək “velkam” desin.
Fransa, Almaniya və Cənubi Koreya sakinləri də şanslıdırlar, onlar 145 ölkəyə vizasız səfər edə bilərlər. Bu qədim Avropa ölkələri ilə ayaq uzadan Cənubi Koreyanın nailiyyəti gerçəkdən də fenomenaldır.
Heç İtaliya və İsveç vətəndaşları da vizasız səyahət etmək xüsusunda özlərindən öncəkilərdən çox geri qalmırlar. Onların qarşısında 144 ölkənin qapıları açıqdır, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq, Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə 142 ölkəyə vizasız daxil olmaq imkanı var.
Hazırda əsas tendensiya budur ki, ildən-ilə viza tələb edən ölkələrin sayı azalır, vətandaşları vizasız səyahət edən ölkələrin sayı isə artır.
Vaxt gələcək, bizim də vizasız gedə biləcəyimiz ölkələrin sayı 100 həddini keçəcək (Musavat.com).