Bir neçə dövlət qurumunun nümayəndəsinin təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq. Bu məqsədlə azərbaycanlı jurnalistlər də monitorinq qrupunun fəaliyyətini işıqlandırmaq məqsədi ilə Qarabağa ezam olunub. Lakin sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. Bu zaman İTV-nin əməkdaşının rusiyalı sülhməramlılara yerini göstərməsi gündəmin ən çox müzakirə edilən mövzusuna çevrilib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media üzrə ekspert, əməkdar jurnalist Rəşad Nəsirov bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovun Azərbaycan mediasına öz ərazilərimizə keçməyə maneə törətməsinə hüquqi qiymət verilməlidir: “Bu fakt cəzasız qala bilməz. Həm Media Agentliyi, həm Mətbuat Şurası, həm də digər aidiyyatı qurumlar jurnalistlərin işini pozan bu məsələyə öz etirazını bildirməlidir. Müstəqil dövlətin ərazisində heç kim “at oynada” bilməz. Məlumdur ki, Rusiya öz ərazisində söz və mətbuat azadlığına çoxdandır ki, yasaq qoyub. Biz bunu son zamanlar açıq şəkildə müşahidə edirik. Amma digər bir müstəqil dövlətin 4-cü hakimiyyəti sayılan azad mətbuatına “poqonlu canavar” göstəriş verə bilməz”.
Rəşad Nəsirov əlavə edib ki, hazırda rusiyada bir çox jurnalist və blogerlərə, KİV-lərə qarşı repressiyalara başlanılıb: “Söz azadlığına, insanların fikirlərini açıq şəkildə ifadə etməsinə qadağalar qoyulub. Jurnalistlərin bir çoxu faktları açıq şəkildə ortaya qoyduğuna görə hətta həbs edilib. Yaxud təzyiqlər qarşısında çoxu ölkədən qaçıb. Cənab Volkov nəzərə almalıdır ki, o, Azərbaycanda müvəqqəti qonaqdır və burada oturub yerli mətbuata hədə-qorxu gəlməklə xeyir tapmaz. Düşünürəm, rus nağıllarında olduğu kimi bu dəfə də Volkov tülkünün hiyləsinə düşüb. Ancaq belə getsə, quyruğunu da itirəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az