Elektron ödənişlərin geniş yayıldığı müasir dövrdə bir çox insanlar hələ də maliyyə əməliyyatlarını nağd şəkildə həyata keçirir. Lakin hüquqşünasların fikrincə, əldən-ələ verilən pul sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Məhkəmə və ya istintaq zamanı belə ödənişləri sübut etmək çox vaxt mümkünsüz olur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə nağd pul əməliyyatlarının yaratdığı hüquqi risklərdən danışıb. Nağd ödəmələr adətən rəsmi iz qoymadığı üçün məhkəmə və istintaq proseslərində bu ödənişləri sübut etmək çətin və bəzən mümkünsüz olur.
“Azərbaycan qanunvericiliyinə görə, maddi vəsaitin ödənilməsini sübut etmə öhdəliyi iddia edən şəxsin üzərinə düşür. Kimsə “mən pul verdim” deyirsə, bunu sübuta yetirməlidir. Nağd ödənişdə isə bank çıxarışı, qəbz və ya digər elektron sənəd olmayınca rəsmi iz qalmır,” — deyə o, bildirib.
Hüquqşünas həmçinin qeyd edib ki, müqavilələrin bağlanması və icrası Mülki Məcəlləyə uyğun sübutlarla təsdiq olunmalıdır. Bu səbəbdən nağd ödəmə zamanı qarşı tərəfdən hər hansı yazılı sənəd alınmasa, pulu həqiqətən verdiyinizi sübuta yetirmək çətinləşir.
Turan Abdullazadə məhkəmədə daha etibarlı sübut hesab olunan aşağıdakı sənədləri tövsiyə edib:
1.Bank köçürməsi və ya hər hansı ödəniş tapşırığı;
2.Yazılı müqavilə (məsələn, alqı-satqı müqaviləsi);
3.Qəbz, faktura və ya borcun alınmasına dair yazılı sənəd;
4.Kamera görüntüsü və ya WhatsApp yazışmaları — lakin bu növ sübutlar daha zəif hesab edilir.
Vəkil xəbərdarlıq edib ki, nağd pul verərkən bunun iz qoymadığını unutmaq olmaz və mümkün hüquqi problemlərin qarşısını almaq üçün ödənişlərin bank vasitəsilə və ya yazılı sənədlərlə təsdiqlənməsi daha məqsədəuyğundur.
Müşviq Tofiqoğlu,
KONKRET.az