İyunun 3-də Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya getməsi bir çox siyasətçilər tərəfindən ermənilərin milli ləyaqətinin alçaldılmasına yönəlmiş növbəti akt kimi qiymətləndirilib. Antinikolçular xüsusi olaraq bildirir ki, yayılan ilk video və görüntülərdə Nikol Paşinyanın İlham Əliyevin arxasında əyləşdiyini görmək erməni xalqına təhqirdir.
Çox qəribədir, ermənilər sosial şəbəkələrdə də şoka düşüblər ki, Paşinyanla İlham Əliyev görüşəndə niyə açıq-aşkar gülüb, bir-birilərinə təbəssümlə baxıblar. Ermənilərə görə, 2,5 il əvvəl qanlı müharibə aparan iki ölkə liderinin hansı ümumi paylaşa biləcəyi bir şey var ki, təbəssümlə müşahidə olunur?!
Stenford Universitetinin doktoru Artur Xaçikyan hesab edir ki, Paşinyanın Ankaradakı davranışı Ermənistan Respublikası üçün alçaldıcı idi. “Təbii ki, bu, çox alçaldıcı vəziyyət və davranışdır. Nəzərə alsaq ki, Türkiyənin hərbi rəhbərliyi 2020-ci il müharibəsinə rəhbərlik edib və 5,5 min oğlanımızı öldürülməsində öz sözünü deyib. Bəs onda necə ola bilər ki, o, həmin dövlətin başçısı ilə görüşür”.
A.Xaçikyan Zelenskinin Putinlə görüşmək istəməməsinə eyham vurub: “Heç siz görə bilərsinizmi, Zelenski ukraynalıları öldürən şəxslə görüşə getsin?
Görünür, revanşistlərin qanı tam alınmayıb. Onlar hesab edilər ki, dünya çox genişmiqyaslı müharibəyə doğru irəlilədiyi vaxtda Nikolun Ermənistana liderlik etməsi bu xalq üçün üçün çox təhlükəlidir.
Bəs revanşistlər dünyanın daha genişmiqyaslı müharibəyə doğru addım atdığını deyəndə nəyi nəzərdə tutur?
Biz bunu Artur Xaçikyanın dilindən eşidirik: “Bu gün Ukrayna cəbhəsinə genişmiqyaslı hücum başlayıb və bəzi məlumatlar var ki, Polşa silahlı qüvvələri artıq demək olar ki, rəsmi şəkildə müharibədə iştirak edir”.
Açıqlamadan belə çıxır ki, dünyada əsl xaos baş verir və bu qarmaqarışıqlıqdan Ermənistan məharətlə istifadə edib öz çirkin niyyətlərini həyata keçirməlidir?
44 günlük müharibənin nəticələri ilə barışmayan, Rusiya və Fransanın əlaltıları olan qüvvələr hesab edir ki, müharibə Cənubi Qafqaza da çata bilər. Bu yeni müharibədə Ermənistan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bunun üçün İrəvan yeni xarici siyasəti həyata keçirməlidir. Əlbəttə, Nikol bu işi bacarmaz. Xaçikyan hesab edir ki, Ermənistana yeni müttəfiqləri yeni lider müəyyən edə bilər.
Revanşistlər, kilsə və diasporu bir sual da düşündürür. Rusiya-Ukrayna müharibəsinin qızışması, müharibəyə yeni iştirakçıların qoşulması fonunda Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri necə olacaq? Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalasa, bu qruplar gecikəcəkmi?
Artıq Xaçikyan digər politoloqların dediyini təkrar edir: “Gördüyümüz bu qarşıdurma davam edərsə və genişlənərsə, Rusiyanın bölgəmizdə mövqeləri zəifləyəcək, Rusiya Türkiyədən daha çox asılı olacaq və biz burada tək qalacağıq. Türkiyə və Azərbaycan o fürsətdən Zəngəzur məsələsini həll etmək üçün istifadə edəcək. Dəhşətli burasıdır ki, beynəlxalq ictimaiyyət və Qərb bizi heç yada da salmır. Onlar bizi yox, Bakının neftini, qazını və onların tərəfdaşı Əliyevi daha çox sevirlər. Yəni biz tərk edilmişik, həmişə olduğu kimi, yetim qalmışıq, tək siyasətimiz özümüzü alçaltmaqdır. Bu, bizə sülh gətirməyəcək.
Xüsusilə erməni kilsəsi Paşinyanın “kadastr arayışı” ilə bağlı onu heç bağışlamaq firki yoxdur. Əlisilahlı rahiblər, yepiskoplar bir ağızdan, xorla qışqırırdı ki, “kadastr açıqlaması” bir dövlət başçısının, siyasətçinin sözü ola bilməz.
“Əgər Paşinyan ölkəmizin sərhədlərinin olmadığını düşünürdüsə, niyə 5 il əvvəl hakimiyyətə gəlirdi? Bu, böyük sualdır. Bütün ölkələrin öz sərhədləri, əraziləri var. Təbii ki, bəzi mübahisələr var, amma biz çoxdan bilirik ki, bizim sərhədlərimiz haradadır, onlar artıq 1991-ci ildə müəyyən edilib, yəni bu cür bəyanatlar, daim bəhanələr tapmaq ölkə başçısına yaraşmaz”, – deyə professor kilsənin də sözünü bir daha vurğulayıb.
Sevinc Paşayeva,
KONKRET.az