backend

“Xalq artistlərinə verilən 150 manatla dolanıram” - Bilal Əliyev

“Heç özümə yeni kostyum da almamışam. Çünki gözləyirəm işlər başlasın ondan sonra özümüzə geyim-keçim alaq. Ərzağa gəldikdə isə Allah Prezidentimizi başımızdan əskik etməsin, onun Xalq artistlərinə verdiyi 150 manatla bir təhər dolanırıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri yenisabah.az-a müsahibəsində Xalq artisti Bilal Əliyev deyib.

Həmin müsahibəni təqdim edirik:

– Bilal bəy, yay tətilini necə keçirirsiniz? Karantin rejimində dincəlməyin yolunu tapa bilmisinizmi?

– Yay olsa da, tətil edə bilmirik. Oturmuşuq evdə. Gündə 2 saatlıq SMS icazəsi alırıq, çıxıb gəzirik, havamızı dəyişirik, nə lazımdırsa alırıq, sonra yenə qayıdırıq evə.

– Karantini Bakıda keçirirsiniz, yoxsa hansısa rayona üz tutmusunuz?

– Xeyr, Bakıdayam. Öz evimdəyəm. Hamı kimi biz də karantin qaydalarına əməl edirik.

– Artıq bəzi müğənnilər istirahət etmək üçün xaricə üz tutublar. Miri Yusif, Ayan, prodeser Tolik Türkiyədə dincəlir. Sizin də belə bir niyyətiniz var? 

– Mən, ümumiyyətlə, nəzərimdə tutmuşam ki, pandemiya bitsə də, təxminən bir il ərzində harasa getməyim. Həmin bir ildə təyyarəyə minib, başqa ölkələrə getməməyi planlayıram. Çünki biz bilmirik o ölkələrdə vəziyyət necədir. Ona görə mən insanlara məsləhət görərdim ki, bu ili öz ölkələrində qalsınlar. Ən azından bir il. Özümüzün rayonlarımız, gözəl bölgələrimiz var, məsafə saxlamaq, maska taxmaq şərti ilə ailələri ilə bərabər öz bölgələrimizə gedib istirahət etsinlər. Bir də mütləq təmizliyə riayət etsinlər ki, sağlam qala bilsinlər. Həmin bir il ərzində biz xarici ölkələri də nəzərdən keçirəcəyik görək oralarda vəziyyət necədir. Görəcəyik ki, gedənlərin başına nə gəldi, orada olanların başına nə gəldi. Ondan sonra ola bilər ki, fikirlərimizdə dəyişiklik oldu, yenidən əvvəlki həyatımıza qayıtdıq, əvvəlki kimi xarici ölkələrə gedib gəzdik.

– Sosial şəbəkələrdə yazırlar ki, müğənnilər toy olmadığı üçün neçə vaxtdır “ağlayırlar”. Bəs sizdə vəziyyət necədir, maddi sıxıntınız varmı? 

– Əlbəttə, bütün həmkarlarım kimi mən də evdə əvvəldən qalan nə vardısa, onunla dolanırdıq. Heç özümə yeni kostyum da almamışam. Çünki gözləyirəm işlər başlasın ondan sonra özümüzə geyim-keçim alaq. Ərzağa gəldikdə isə Allah Prezidentimizi başımızdan əskik etməsin, onun Xalq artistlərinə verdiyi 150 manatla bir təhər dolanırıq.

– Bəzi müğənnilər şadlıq saraylarının açılmasının, toyların keçirilməsinin tərəfdarıdır. Sizcə, belə bir addım atılsa, doğru olarmı? 

– Təkcə mənim fikrimlə olmaz. Amma ağıllı adam fikirləşir ki, toylar başlasa, yoluxma sayı daha da artacaq. Hansı ağıllı insan istəyər ki, şadlıq evləri açılsın, insanlar yoluxsun, həm də müğənnilər, sənətkarlar özü də xəstələnsin? Ona görə də mən tövsiyə edirəm ki, hələ səbr edək, qoy bu xəstəlik bizdən uzaqlaşsın, insanlar məsafə saxlasın, təmizliyə riayət edib, maska taxsınlar. Hələlik toylar keçirilməsə, daha yaxşı olar. Mən dəfələrlə demişəm ki, dözməliyik, bir təhər dözməliyik ki, ailəmiz, övladlarımız salamat qalsın. Ola bilər ki, bəzi insanlar mənim fikrimi bəyənmədi və ya bəziləri dedi ki, “Bilal müəllim, sənə nə var ki, sən 150 manat alırsan” filan. Amma şəraiti, işi olmayanlara da 190 manat verilir onlar da ondan istifadə etsin, ala bilməyənlər dövlətdən haqqlarını tələb etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*