“Xalqı ruhdan salan Qarabağdakı gerçəkləri deyənlər yox, onları gizlədənlərdir…” – Polkovnikbackend

“Xalqı ruhdan salan Qarabağdakı gerçəkləri deyənlər yox, onları gizlədənlərdir...” - Polkovnik

“30 ilə yaxın yurdsuz-yuvasız zülmlər çəkməyimizin məsuliyyəti həm də 1988-ci ildən bəri ermənilərin, Rusiyanın əməllərini gizlədənlərin boynundadır…”

“Sabah gərək olarsa, biz yenə də Ali Baş Komandanın yanında olacaq, yeri gəlsə, bir əmrlə ölümə də gedəcəyik…”
“Məhz milli qürurumuzun bərpasına görə, bir  daha Azərbaycan xalqına, Ali Baş Komandana, Azərbaycan ordusunun son müzəffər savaşımızda əziyyəti olan hər bir nəfərinə, sayğı və sevgilərimizi bildirir, şəhidlərin, onların valideyn və ailələrinin, eləcə də yaralılarımızın, qazilərimizin qarşısında baş əyirik. Amma eyni zamanda bütün deyilənlər  bu gün Qarabağda erməni silahlı və separatçılarının, eləcə də sülhməramlı missiyasıyla gəlmiş Rusiya ordusunun suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı olan əməllərinə göz yummağımıza, susmağımıza əsas vermir…”

KONKRET.az xəbər verir ki, bu sözləri milli azadlıq hərəkatının tanınmış simalarından olan, keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Moderator.az əməkdaşının “Bəzilərinin fikrincə, Qarabağda erməni separatçı-terrorçuları, eləcə də Rusiya sülhməramlılarının Azərbaycana qarşı əməlləri haqda gerçək informasiya verənlər, o cümlədən jurnalistlər xalqı ruhdan salır, qıcıqlandırır, Ermənistan üzərində son qələbəmizə kölgə salırlar. Sizin buna münasibətiniz necəsidir?” sualına cavab verərkən söyləyib.

“Bilirsiz, bəzilərinə belə fikirləri fitrətlərində, genlərində vəzifəyə, kürsüyə, o cümlədən Rusiyaya, Moskvaya olan yaltaqlıq xisləti dedizdirir.  Amma digərləri isə, sadəcə, səmimi şəkildə xalq üçün faydalı olduğunu düşünərək belə danışırlar. Hər iki dəstə yanlış yoldadır…

Bəli, bu gün deməliyik ki, biz, nəhayət son 44 günlük savaşda Azərbaycanın qələbəsini gördük, yaşadıq, torpaqlarımızın işğal altında qalmasıyla balı bir çox töhmətlərdən qurtulduq, milli qürurumuzu dirçəltdik. Xüsusi vurğu ilə deyirəm ki, həmin müzəffər savaş boyu Azərbaycanın Ali Baş Komandanı özünü çox ləyaqətli şəkildə, kifayət qədər mərdanə və döyüş əzmində apardı. Və biz bunu dəyərləndiririk.  Bununla bağlı “Facebook”da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik də ünvanlamışam.  Məhz milli qürurumuzun bərpasına görə bir  daha Azərbaycan xalqına, Ali Baş Komandana, Azərbaycan ordusunun bu savaşda əziyyəti olan hər bir nəfərinə, sayğı və sevgilərimizi bildirir, şəhidlərin, onların valideyn və ailələrinin, övladlarının eləcə də yaralılarımızın, qazilərimizin qarşısında baş əyirik. Amma eyni zamanda bütün deyilənlər  bu gün Qarabağda erməni silahlı və separatçılarının, eləcə də sülhməramlı missiyasıyla gəlmiş Rusiya ordusunun suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı olan əməllərinə göz yummağımıza, susmağımıza əsas vermir. Bu barədə obyektiv informasiya və təhlillər vermək Qələbəmizi gözdən,  xalqı ruhdan salmaq deyil, bu, əsl gerçəkliyi xalqa göstərməkdir…. Bu gün Azərbaycan Respublikasının Ali Baş Komandanı da, sıravi fəhləsi də, dalandarı da, tələbəsi də, alimi də Vətənimizə növbəti Rusiya müdaxiləsinə qarşı birgə çıxış etməyə borcludur. Hamımız bunu etməliyik… Çünki bu, hamımızın ortaq taleyinə aid bir məsələdir. Birliyimizlə yenə də hər şeyə nail ola bilərik… Odur ki, bir daha deyirəm, əksinə, biz həqiqəti gizlətməklə cəmiyyəti ruhdan salırıq. 1980-ci illərdən erməni  separatçılığı və terrorizminin ilk qığılcımları közərən günlərdən biz həm də gerçəklərin xalqdan gizlədilməsi səbəbindən torpaqlarımızı itirdik. 1988-ci ildə Qərbi Azərbaycandandakı soydaşlarımızın evləri  yandırılandan, onlar amansız işgəncələrlə qətlə yetiriləndən, doğma ocaqlarından qovulandan aylar sonra biz rəsmi xəbərləri eşidirdik, 1991-ci ilin noyabrın 20-də Qarakənddə dövlət xadimlərimizin, ziyalılarımızın həlak olduğu vertolyot faciəsini dumanlı hava ilə əlaqələndirdilər, Rusiyanın 366-cı alayının iştirakıyla rəsmən 600-dan çox insanımızın öldürüldüyü Xocalı soyqırımında “cəmi iki nəfərin həlak olduğu”nu eşitdik… Bu cür gerçəkləri gizlədənlər Azərbaycan xalqının mənafelərinə böyük xəyanət etdilər. Və sonrakı nəticələr məlumdur… Bizim 30 ilə yaxın torpaqsız, evsiz-eşiksiz qalaraq zülmlər çəkməyimizin məsuliyyəti həm də 1988-ci ildən bəri ermənilərin, Rusiyanın, onun ordusunun bizə qarşı etdiklərini gizlədənlərin boynundadır…

Mən sosial şəbəkədə də belə təbliğat aparanlara yazmışdım ki, biz son qələbəmizi kifayət qədər dəyərləndiririk, siz ora-bura yarınmaq üçün özünüzü yormayın.  Sabah gərək olarsa, biz yenə də Ali Baş Komandanın yanında olacağıq… Yeri gəlsə, bir əmrlə ölümə də gedəcəyik. Amma bu gün gerçəyi gizlətməyə cəhd etmək yenə də xalqa, dövlətə, Vətənə xəyanət, yeni gələcək faciələrə zəmin hazırlamaqdır…”- deyə keçmiş döyüşçü polkovnik vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*