“Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq”.
Prezident İlham Əliyev bu müqayisəni aprelin 14-də, ADA Universitetində dünyanın nüfuzlu ekspertləri və beyin mərkəzləri təmsilçiləri ilə görüşündə söylədi. “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Ermənistanı ifşa istiqamətində xeyli arqumentlər sadalandı. Görüş məkanına Qarabağdan, erməni vandallarının “Ruhlar şəhəri”nə çevirdiyi Ağdamdan qayıdan iştirakçıların gördükləri mənzərədən sarsıldıqlarını sezmək çətin deyildi.
Azərbaycan Prezidenti isə yenə heyrətləndirdi, təəccübləndirdi, özünün tutarlı arqumentləri, yüksək səviyyəli siyasətçi, diplomat, komandan bacarığı, Azərbaycanı hədəf seçən, qaralamağa çalışan qüvvələrə ünvanlı “nöqtəli zərbə”ləri ilə. Dövlət başçısı Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı mediasına müsahibələrində də “master klas” nümunəsi göstərmişdi, çıxışları, bəyanatları ilə böyük siyasət adamı olduğunu təsdiqləmişdi. Siyasət və diplomatiya bilicilərinin qənaəti bundan ibarətdir ki, cənab Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir, təbii ki, sağlam, qərəzdən uzaq ekspertlər bu etirafı dilə gətirirlər. 44 günlük savaşdan sonrakı dönəmlərdə, elə 26 fevralda dövlət başçımız 50-dək xarici jurnalist qarşısında 4 saatlıq mətbuat konfransı keçirərək siyasət aləmində “dünya rekordu”nu yeniləmişdi, mühüm beynəlxalq platformalardakı mükəmməl nitqləri ilə dostları sevindirmiş, düşmənləri qəm daryasına qərq etmişdi. Elə bugünlərdə, Hərbi Qənimətlər Parkındakı çıxışında Prezident etiraf etdi ki, onu devirmək istəyirmişlər, məhz Qarabağla bağlı güzəştə getmədiyinə görə… Həmin qüvvələr qəti şəkildə istəməzdilər Qarabağın bir qarışını belə, güzəştə getmək istəməyən rəhbər olsun bu məmləkətin başında. Amma bütün planları alt-üst oldu və bu gün bölgədəki proseslərə diktə edən qüdrətli Azərbaycan, onun güclü lideri var. Bu reallıqla hesablaşmamaq isə sadəcə mümkünsüzdür…
Azərbaycan Prezidenti baş verənlərə “olan olub, keçən keçib” prinsipi ilə yanaşaraq baş verənləri ört-basdır etmək, Ermənistanın törətdiyi cinayətləri unutdurmaq və Azərbaycan dövlətinə dəymiş milyardlarla dollar zərərin kompensasiyasından terrorçu dövləti xilas etmək naminə çabalar göstərənlərə zəruri xatırlatmalarını etdi. Sitat: “Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma ”Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir”.
Bu, həm də xalqımıza ünvanlı mühüm fikirlərdir. Unutmağa haqqımız yox, hətta ermənilərlə birgəyaşayış ən yüksək səviyyədə təşkil olunsa belə. Çünki bizim ötən əsrdə bir neçə dəfə böyük fəlakətlərlə üzləşməyimizin əsas səbəbi… məhz baş verənləri unutmağımızdır. Daha doğrusu, bizə unutdurublar, Rusiyanın diktəsi, “işarəni Moskvadan gözləyən” Azərbaycanın rəhbərliyində olanların qətiyyətsizliyi nəticəsində…
Ancaq Prezident Əliyev növbəti fikirləri ilə bir daha Azərbaycan dövlətinin və xalqının böyüklüyünü nümayiş etdirdi. “Eyni zamanda biz gələcəyə baxmalıyıq”, deməklə bu toplumun tarixən olduğu kimi, bundan sonra da kin-küdurətlə, nifrətlə yaşamayacağını bəyan etdi. Uşağının beşiyi başında “türk sənin düşmənindir” laylasını oxuyan ermənilərdən fərqli olaraq, Azərbaycan xalqının böyük ürəyə sahib olduğuna dünya bir daha şahid oldu.
ADA-da səslənən fikirlər bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Dövlət başçısı Azərbaycan və Ermənistan arasında ən müxtəlif müqayisələr aparmaqla kimin kim olduğunu dünya auditoriyasına çatdırırdı. Sitat: “Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi”.
Hər sərkərdəyə xas xüsusiyyət deyil! Gəncə, Bərdə, Tərtər, Naftalan, hətta Mingəçevir şəhərlərinin dinc əhalisi hədəfə alındığı halda, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ermənilərin yaşayış məntəqələrinin hədəfə alınmaması barədə qəti tapşırıq verir! Hansı ki, Serj Sərkisyan vaxtilə Xocalının dinc sakinlərini qırdırmaqla azərbaycanlıların onları “yaxşı tanımaları”nı sübut etmək istəmişdi. 44 günlük müharibə dövründə də Azərbaycan ordusuna bata bilməyən düşmən dinc sakinləri, körpələri yatdığı yerdə (!) raketlə vururdu… Fərq ortada! Dünyanın bütün “kar, kor və lalları”nın diqqət etməsində fayda var.
Dövlətimizin başçısı erməniləri ifşa çıxışını davam etdirərkən Hadrut bölgəsində bir neçə yaşlı insanın Azərbaycan hərbçiləri tərəfindən xilas edilməsini xatırlatdı! Sitat: “Biz Qırmızı Xaç Komitəsinin iştirakı ilə onları təhvil vermək istəyəndə Ermənistan imtina etdi. Yaşlı insanların birinin səhhəti pis idi və onlar dedilər ki, biz onu qəbul etmirik. Beləliklə, həmin şəxs Qırmızı Xaç Komitəsinin iştirakı ilə Azərbaycanda xəstəxanaya yerləşdirildi”. Azərbaycan və Ermənistanı “tərəzinin gözü”ndə eyni görən, fərqləndirmək istəməyənlər bu münasibəti göz önünə gətirəcəklərmi bundan sonra?…
ADA-dakı görüşdə iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin siyahısı kifayət qədər zəngin idi. Həmin ekspertlər arasında analitiklər, siyasətçilər, ölkələrində və dünyada dərin politoloji fikrə, ictimai rəyə təsir baxımından önəmli mövqeyə sahib olan nüfuzlu şəxslərin olması mühüm məsələ idi. Bu şəxslərin Azərbaycan həqiqətlərini dünyanın müxtəlif auditoriyalarına çatdırması perspektivi də Prezidentlə görüşün önəmini artırır. Biz bu görüş boyunca “qalib mühakimə olunmur” yanaşmasını müşahidə etdik və Azərbaycan Prezidenti zəfər münasibətilə təbriklər alırdı.
Ekspertlərdən birinin suallarından biri 10 noyabr bəyanatının gələcəkdə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılıb-çıxarılmaması haqda oldu. Prezidentin cavabı möhtəşəm idi: “Biz 1993-cü ildə qəbul olunmuş qətnamələrlə nə baş verdiyini bilirik. Onlar kağız üzərində qalmışdır və biz döyüş meydanında doğru olanı etməsəydik, bir otuz il də kağız üzərində qalardı”.
Beləcə, bir daha bəyan etdi ki, məsələ bitmişdir, BMT qətnamələrini Azərbaycanın Müzəffər Ordusu təkbaşına icra edib və Qarabağdakı ermənilər hər bir Azərbaycan vətəndaşı kimi yaşamaqda davam etmək istəyirlərsə, buyursunlar, bundan artığı olmayacaq!
Hər sözdə qətiyyət gördük. Dövlət başçısının bu sözləri anlaşmanı pozmaq istəyənlərə növbəti cavab və xəbərdarlıq idi: “Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək. Biz hədəf kimi iki, iki il yarım müddət müəyyən etmişik. Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası bundan çox vaxt apara bilməz. Əlbəttə, bunlar əlaqələndirmə şəraitində və Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə baş tuta bilər”.
Azərbaycanın yaratdığı bu, mükəmməl reallığı seyr edən beynəlxalq auditoriyadakı beyin mərkəzləri təmsilçilərinin bir hissəsinin siyahısına diqqət edək: ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz, İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun elmi işçisi Karlo Frappi; İranın Tehrandakı İran-Avrasiya Tədqiqatları İnstitutundan Vəli Xaliqi, İsrailin Təl-Əviv Universitetindən Stivn Klayn, Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhan, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzio, Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksel, Böyük Britaniyanın LINKS təşkilatının direktoru Dennis Summut və digərləri. Ümumilikdə 33 görüşdə birbaşa iştirak edən, 52 onlayn qoşulan ekspert!
Müqayisə bəlkə də yerinə düşməz, amma Ermənistan rəhbərliyinin belə bir mükəmməl auditoriyada oratorluq etməsini təsəvvür edirsinizmi? Münhen debatında necə biabırçı şəkildə məğlub olduğunu ermənilər özləri etiraf etmişdilər… Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyini yüksək qiymətləndirir və dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu bildirirlər. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də post-konflikt mərhələdə cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərk-silah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynadı. Özü də Azərbaycanın dövlət başçısı qalib ölkənin lideri olaraq təkcə Azərbaycanın sabahı, Qarabağımızın dirçəlişi, böyük qayıdışın təmin olunması barədə hədəflərini açıqlamadı…
Dövlətimizin qalib sərkərdəsi həm də məğlub olmuş düşmən ölkəyə yardım əlini uzatdığını, onu uçurumun dibindən xilas etmək niyyətini nümayiş etdirməklə nadir hallarda rast gəlinən yüksək keyfiyyətlərdən birini nümayiş etdirdi. Təsəvvür edin, Ermənistanın bu qədər vəhşiliklərinə rəğmən, Azərbaycanın dövlət başçısı erməni xalqına xilas yolunu göstərir! Qalib sərkərdə təkcə öz xalqının qayğısına qalmır, həm də “zəhərlənmiş”, girov vəziyyətində qalan ermənilərin müalicə olunmasını istəyir, “Biz bu işdə onlara kömək etməyə hazırıq”, deyir.
“Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nə olacaq” sualına cavab da unikal idi. Dövlət başçısı xatırlatdı ki, bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi var, orada sülhməramlılar yoxdur və heç nə baş vermir. Şurnuxu misalı isə daha möhtəşəm idi:
“Həmin bu kəndin tam nəzarətə götürülməsində bizə heç kəs mane ola bilməz. Biz bunu edirikmi? Xeyr. Belə bir planımız varmı? Xeyr. Bu, gələcəkdə nəyin baş verə biləcəyinə cavabdır. Bu məsələ bizim iradəmizi nümayiş etdirir. Eyni vəziyyət Ermənistanın Qafan şəhərini İrəvanla birləşdirən 21 kilometrlik yolda mövcuddur. Yol bizim ərazimizdən keçir. Bəli, biz oraya sərhəd xidmətimizi yerləşdirmişik. Biz hətta ”Azərbaycana xoş gəlmisiniz” lövhəsini də quraşdırmışıq. Bilmirəm, nəyə görə həmin lövhə erməniləri bu dərəcədə qıcıqlandırdı. Biz, sadəcə, onları ərazimizdə salamlamaq istəyirdik. Ora bizim ərazidir. Ancaq onlar lövhəni atəşə tutdular və biz bu hərəkətə cavab verməli olduq. Yəni onlar bu yoldan istifadə edirmi? Bəli. Onları sülhməramlılar qoruyurmu? Xeyr. Yalnız iki yerdə postlar qurulub. Biz bu yolu kəsə bilərikmi? Bəli. Bunu edirikmi? Xeyr. Əlbəttə, Ermənistan hazırda davrandığı kimi özünü aparsa, onlar bu gün tamamilə ruhdan düşmüş, təşkilatlanmamış vəziyyətdədirlər. Ordu yoxdur. Revanş haqqında düşünməyə əsas belə yoxdur”.
Qarabağın dağlıq hissəsində hərbi əməliyyatları istisna edən dövlət başçımız əslində Xankəndi, Xocalı, Xocavənd üşün YOL XƏRİTƏSİni nişan verdi: Şurnuxu reallığında, 21 km-lik Qafan yolunun timsalında. Yəni kimsə iddia etməsin ki, Qarabağdakı ermənilərə Azərbaycandan təhlükə gələ bilər, əgər ortada Şurnuxu nümunəsi varsa… Bu, həm də bizim Ağdərə yolu ilə Şuşaya getməyimizə mane olmaq istəyənlərə humanist yanaşmanın növbəti təzahürü, amma növbəti dəfə “ağıllı olun” mesajıydı. Həm də sülhməramlıların perspektivsizliyindən xəbər verən anons sayıla bilər. Azərbaycan öz vətəndaşı ilə dil tapa bilər: “rusca”ya ehtiyac qalmır, yəni…
Aydındırmı, Ermənistan, dünya erməniçiliyi və ondan “maşa” kimi istifadə edənlər?! Qafqazın lider ölkəsinin qalib sərkərdəsi yaşamaq üçün yol xəritəsini təqdim etdi. İndi seçim sizindir, “Qafqaz Evi”ndə ermənilərin rahat yaşamasını istəyirsiniz, yoxsa tamamilə məhv edilməsini?..
Elşad Paşasoy