Xankəndində və ətraf ərazilərdə tədricən və mərhələli şəkildə Azərbaycanın suveren hüquqları yenidən bərpa edilir. İnteqrasiya prosesində əsas işlərdən biri dövlət strukturlarının və qurumların Xankəndi şəhərində və ətraf ərazilərdə fəaliyyətə başlamasıdır.
Bəs görəsən yaxın gələcəkdə həmin ərazilərdə idarətmə sistemi hansı qaydada aparılacaq və proses necə başlayacaq?
KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.
“Hələki mövcud vəziyyətdə Xankəndində Fövqəladə Hallar Nazirliyinin yanğından xilasetmə qrupları fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları patrul xidməti həyata keçirir. Artıq bununla bağlı bəzi görüntülər də paylaşılmaqdadır. Görünən odur ki, Azərbaycanın dövlət strukturları yavaş-yavaş Xankəndinə və ətraf ərazilərə yerləşməyə başlayıb. Dünən qondarma rejimin başında duran şəxsin özlərini yanvarın 1-dən buraxacaqlarını elan etdilər. Əslində mən bu addımı ciddi qəbul etmirəm, çünki artıq uzun müddət idi ki, orada qondarma rejimdən çox cinayətkar xunta fəaliyyət göstərirdi. Düşünürəm ki, yaxın zamanlarda o da sıradan çıxarılacaq. Xankəndində yavaş-yavaş dövlət orqanlarının müvafiq strukturlarının təsis edilməsi prosesi başlayır. Hesab edirəm ki, öncə təhlükəsizlik orqanlarının fəaliyyəti formalaşdırılacaq. Bu gün üçün önəmli olan məsələ polis, FHN, DTX, səhiyyə orqanları və digər əsas strukturların fəaliyyətə başlamasıdır. Eyni zamanda digər orqan və strukturların da tədricən köçürülməsi işi həyata keçirilməlidir. Əlavə olaraq onu da qeyd edim ki, separatçı rejimin uzun müddət qala biləcəyini düşünmürəm və inanıram ki, Azərbaycan tərəfi yaxın zamanlarda Xankəndindən separatçı xuntanı çıxaracaq. Növbəti mərhələdə Qarabağda yaşayan erməni əsilli vətəndaşlara Azərbaycan pasportlarının verilməsi prosesi də başlaya bilər”.