Xanna Notte: “Rusiya tam zəifləsə, İran hərbi əməliyyatlara başlayacaq” – ƏTRAFLIbackend

Xanna Notte: "Rusiya tam zəifləsə, İran hərbi əməliyyatlara başlayacaq" - ƏTRAFLI

“Rusiyanın beynəlxalq səviyyədə zəifləməsindən yarana biləcək boşluqdan İran yararlanmağa cəhd edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış politoloq, Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzində baş müstəqil tədqiqatçı Xanna Notte özünün müsahibəsində bildirib.

Onun sözlərinə görə, iranlılar Ukraynadakı müharibə fonunda Rusiyaya münasibətdə mövqelərini gücləndiriblər: “Bunu hərbi və müdafiə sahəsində əməkdaşlıq məsələsində də görə bilərsiniz. Uzun müddət bu münasibətlər daha çox birtərəfli idi: Rusiya şərtləri diktə edirdi və bundan sonra iranlılara nə satıb, nəyi satmamağa qərar verirdi. İndi Rusiya elə bir vəziyyətdədir ki, iranlılar bu ölkəyə pilotsuz təyyarələr verirlər”.

Siyasi şərhçi belə hesab edir ki, Tehran Moskva üçün bir az daha vacib olub, çünki Kreml mühasirədədir: “Bu, İranın Suriyada fərqli hərəkət etməsinə səbəb ola bilər. Amma Dağlıq Qarabağdan və ya bütün Cənubi Qafqazdan fərqli olaraq, İranın fəaliyyəti heç bir halda Rusiyanın maraqlarına zidd olmayacaq.

Amma iranlılar Suriyada fəallıqlarını artırsalar, Rusiya bunu bir müddət alqışlaya da bilər, çünki Moskva özü də imkanları məhdud olduğundan regiondakı digər oyunçular arasında tarazlığın yaradılmasında maraqlıdır. Amma təbii ki, əgər iranlılar, deyək ki, Suriyanın cənub-qərbində daha çox ərazi tutsalar, bu, qaçılmaz olaraq münaqişənin genişlənməsi riskinin artmasına gətirib çıxaracaq”.

Xanna Notte bildirib ki, İsrail İranın və ya İranın müvəkkilləri olan Hizbullahın Suriyada genişlənməsində maraqlı deyil. Əksinə əgər bu, baş verərsə, bu ölkə sərt tədbirlərə əl atacağını deyib: “Bu, Rusiyanın bir neçə ildir idarə etməyə çalışdığı risklərdir – İsrail və İran arasında balans yaratmaq. İndi isə eskalasiya riskləri arta bilər. Mən demirəm ki, bu, mütləq Suriyada müharibənin yenidən başlanmasına gətirib çıxaracaq, amma yaxından izlənilməli olan məqamlar var.

Bütövlükdə vəziyyətə nəzər salsaq, Qərb Rusiyaya regionda sabitləşdirici qüvvə kimi baxmağa meylli deyil. Mən Rusiyanın Suriyada sabitliyi təmin edə bilmədiyi qənaəti ilə razıyam. Rusiyanı Liviyada sabitləşdirici amil adlandırmaq olmaz.

Ancaq nəzəri olaraq, Rusiya təhlükəsizlik amillərinin cəmindən çıxarılarsa, məsələn, Rusiya Federasiyası Ukraynadakı müharibə səbəbindən daha da zəifləyirsə, Rusiyanı təsir faktoru azalacaq. Beləliklə, sonda vəziyyət digər beynəlxalq oyunçuların potensial vakuumdan necə istifadə etməsindən və onların sabitləşdirici amil olub-olmamasından asılı olacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*