XƏBƏRDARLIQ: Bu çay və qidalardan istifadə təhlükəlidirbackend

XƏBƏRDARLIQ: Bu çay və qidalardan istifadə təhlükəlidir

Son illər sosial mediada sürətlə yayılan “möcüzəvi” qidalar, detoks çayları və qısa müddətdə arıqlatma vəd edən proqramlar geniş maraq doğurur. Bir çox paylaşımlarda bu üsulların yağ yandırdığı, orqanizmi toksinlərdən təmizlədiyi və sağlamlığı qısa müddətdə bərpa etdiyi iddia olunur. Lakin mütəxəssislər bu cür yanaşmaların elmi əsaslarının çox vaxt zəif olduğunu və bəzi hallarda sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. Maraqlıdır, sosial mediada yayılan “möcüzəvi” qidalar və detoks proqramları sağlamlığa necə təsir göstə bilər?

KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev qeyd edib ki, “möcüzəvi qida” anlayışı əslində şişirdilmiş təsəvvürdür.

Valideynlərə XƏBƏRDARLIQ: Bu yeni il hədiyyələrini qətiyyən almayın, əks  halda… Ekspert Asim Vəliyev AÇIQLADI: - Sağlam Qida

“Bəzən bir məhsula elə xüsusiyyətlər aid edilir ki, guya təkbaşına yağ yandırır, qaraciyəri təmizləyir və hormonları normallaşdırır. Halbuki nəticə yalnız bir qidadan deyil, ümumi qidalanma rejimi, porsiya miqdarı, yuxu, fiziki aktivlik, stress səviyyəsi və insanın sağlamlıq vəziyyətindən asılıdır.

Detoks proqramlarının əksəriyyəti bədəni “təmizləmək” iddiası ilə təqdim olunsa da, orqanizmin əsas təmizləmə mexanizmi artıq qaraciyər və böyrəklər vasitəsilə fasiləsiz işləyir. Şirə pəhrizləri və qısa müddətli sərt məhdudiyyətlər isə əslində kalori qəbulunun kəskin azalması deməkdir. Bu zaman çəkidə azalma müşahidə olunsa da, əsasən yağ deyil, su itkisi və bağırsağın boşalması baş verir. Normal qidalanmaya qayıtdıqda çəkinin yenidən artması da bununla əlaqəlidir”.

Onun sözlərinə görə, belə proqramların qısa müddətdə effektli görünməsinin səbəblərindən biri də duz və emal olunmuş qidaların azalmasıdır.

“Duz azaldıqda orqanizm daha az su saxlayır və şişkinlik azalır. Lakin bunu “qaraciyərin təmizlənməsi” kimi təqdim etmək düzgün deyil. Üstəlik, çox məhdud menyu enerji çatışmazlığı, əsəbilik, başgicəllənmə və iş qabiliyyətinin azalmasına səbəb ola bilər. Uzun müddətdə isə zülal, dəmir və kalsium kimi vacib maddələrin çatışmazlığı riski artır.

Zəncəfil, limon, sarımsaq, yoqurt və müxtəlif toxumlar normal rasionda faydalı ola bilər. Risk isə bu məhsulların mütləq qayda kimi, xüsusilə acqarına və yüksək dozada istifadəsindən başlayır. Məsələn, alma sirkəsi bəzi insanlarda mədəni qıcıqlandıra, diş minasına zərər verə bilər. Xüsusilə qan durulaşdırıcı, təzyiq və şəkər dərmanları qəbul edən şəxslər ehtiyatlı olmalıdır”.

Ekspert əlavə edib ki, məsələ yalnız fiziki təsirlə məhdudlaşmır. “Təmiz” və “çirkli” qida bölgüsü insanlarda yeməyə qarşı qorxu yarada, sosial vəziyyətlərdə gərginliyə səbəb ola və sərt pəhrizlərin təkrar olunmasına gətirib çıxara bilər. Bu isə qidadan çox, qidaya münasibətin problemli formalaşması deməkdir.

“Hamilə və süd verən qadınlar, diabet xəstələri, böyrək və qaraciyər problemləri olan şəxslər, mədə xəstəliklərindən əziyyət çəkənlər və yeniyetmələr bu tip proqramlar üçün daha riskli qrup sayılır.

Sonda ekspert sosial mediada “hamıya uyğundur”, “yan təsiri yoxdur”, “3 günə möcüzəvi nəticə” kimi iddialara ehtiyatla yanaşmağı tövsiyə edib. Onun fikrincə, əsas sübut kimi yalnız “əvvəl və sonra” fotolarının təqdim edilməsi etibarlı göstərici deyil və bu kimi paylaşımlar çox vaxt elmi məlumatdan daha çox satış strategiyasına bənzəyir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*