“Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır… Xəzər dənizinin bir neçə kilometrlərlə sahili bir, iki, beş ailənin ixtiyarına verilməli deyil. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”. Bu fikirləri bir neçə gün əvvəl parlamentdəki çıxışında deputat Fəzail Ağamalı dilə gətirib.
Deputatın bu açıqlamaları Xəzər dənizinin sahillərinin zəbt olunması problemini yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə, mediada bununla bağlı geniş ictimai müzakirələr başlayıb. Ancaq bu,ilk dəfə deyil. Əvvəllər də Xəzərin sahilinin zəbt olunması problemi dəfələrlə gündəm olub, lakin problem yerində qalmaqdadır.
Məsələn, hələ 2013-cü ildə o zaman deputat olan Sabir Rüstəmxanlı parlamentdə çıxışı zamanı dənizin bir qrup adam tərəfindən işğal edildiyini bəyan etmişdi: “Bir dəstə adam Xəzər sahillərini işğal edib. Burdan çıxırsan, Ələtə qədər dənizi görmək olmur. Birinin pulu çox, birininki az olar. Amma bu, o demək deyil ki, millətin dənizini hasarlamaq olar… Dəniz xalqındır, belə özbaşınalıq olmaz. Vaxtilə qanunlarımız vardı, tikintini dənizdən 125 metr kənarda aparmaq olardı. Müəyyən təsirlərdən sonra bu, 50 metrə endirildi… Bu, bir qrup adamındırsa, Qarabağ kimi onlara verək”.
Rüstəmxanlıdan sonra daha bir deputat, xalq artisti Zeynəb Xanlarova daha sərt açıqlama ilə çıxış etmişdi: “İndi Binə yolu ilə gəlirdim. Dənizin kənarında evlər tikilib. Mən dünyanı gəzib görmüşəm ki, Amerikada Ağ Evin qarşısına hasar çəkməyiblər…Bilmirəm İsgəndərindir, Cahangirindir, amma dənizi camaatın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizə niyə hasar çəkiblər? İstəyirlər ki, xalq ayağa qalxıb hasarları dağıtsın? Mən bunu istəmirəm… Mən qorxuram ki, camaat ayağa qalxsın. Çünki şikayətləri mənə edirlər. Nardaran camaatı “mən ölüm, sən öləsən”ə baxmır”.
Xəzər sahillərinin hasarlanması məsələsi ilə bağlı bir neçə il əvvəl deputat Zahid Oruc isə ölkə başçısına müraciətində sahilboyu inşa olunan fərdi evlərin əhatəsindəki hasarların sökülməsi təklifi ilə çıxış etmişdi.
“Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətraflarına sədd çəkib. Nəyə lazımdır bu hündürlükdə hasarlar?”,- deyə sual edən millət vəkili beynəlxalq təcrübədə belə hallara yol verilmədiyinə diqqəti çəkmişdi.
Ancaq bütün bunlara baxmayaraq, ötən illər ərzində nə Xəzər sahillərindəki qala kimi divarları dağıdaraq dənizi bir qrup adamın işğalından azad etmək olub, nə də çimərlikləri xalqın üzünə açmaq… Sahilboyu hündürlüyü 4-5 metr, uzunluğu 100 metrlərlə, bir çox ərazidə kilometrlərlə ölçülən hasarlar indi də var və hasarlama hələ də davam edir. Abşeron yarımadasında yerləşən Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat kəndlərinin və Qaradağ rayonun ərazilərində çimərliklərin böyük hissəsi illər boyudur ki, xalqın üzünə hasarlanıb. Yəni problem köhnə olsa da, onun qısa müdətdə həlli yeni vəzifəyə təyin olunmuş şəxslərdən gözlənilir. Bu isə heç də asan məsələ deyil.
Bunun səbələri haqda danışmazdan öncə qeyd edək ki, Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduqdan sonra bir çox sahələrdə mövcud problemlərin həlli istiqamətində radikal addımlar atdığı kimi, Xəzər dənizinin qorunması ilə bağlı da müəyən tədbirlər görülüb.
Tez-tez Xəzərin sahilində monitorinqlər, reydlər keçirilərək, sahildə tikilən və dəniz suyunu çirkləndirən obyektlər iri məbləğdə çərimələnib. Məsələn, bu yaxınlarda Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilərək, onlara ciddi məblğdə cərimələr tətbiq olunub. Bundan əlavə nazirlik tərəfindən Xəzər sahillərində vaxtaşırı monitoriqlər keçirilərək, həm onların çimərlik üçün yararlı olub-olmaması müəyyənləşdirilir, həm də dənizin ətrafında qanunsuz olaraq zəbt edilən ərazilərlə bağl müvafiq dövlət orqanlarının qarşısında məsələ qaldırılır.
Dövlət qurumları ilə birgə aparılan işlərin nəticəsidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərliklərə baxış keçirərək, 9 müxtəlif məkanda qapıları və şlaqbaumları, habelə qiymət yazılan lövhələri götürüb. Həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Bakı Şəhər İcra Hakimiyyəti Xəzər sahillərinin xalqın üzünə açılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Bəs bu problemin bu qədər böyük miqyas almasının səbəbi nədir?
İlk növbədə qeyd edək ki, Xəzər danizinin Azərbaycana düşən hissəsi də xalqımızın milli sərvətidir. Buna görə də dövlət əhəmiyyətli tikililər xaric dənizin sahilindəki bütün ərazilərdən vətəndaşlar maneəsiz şəkildə istafadə etmək imkanına malik olmalıdır. Ancaq realıqda, bu, iki səbəbdən mümkün olmur.
Birincisi, Xəzərin sahilinin müəyyən hissəsi oliqarxlar tərəfindən müxtəlif yollarla şəxsi mülkiyyətlərinə keçirilərək, ya villalar, ya da restoranlar, istirahət mərkəzləri tikilərək hasarlanıb. Həmin ərazilərə, nəinki, sadə vətəndaşlar, heç quş da yaxın düşə bilməz.
İkincisi, oliqarxların nəzarətində olmayan əraziləri isə ayrı-ayrı iş adamları o qədər də hündür olmayan hasarlara alaraq, şəxsi xidmət obyektinə çevirib. Təbii ki, bunun üçün də müvafiq qurumlardan ya qanuni, ya da “sövdələşmə” yolu ilə razılıq alaraq. Çünki 2008-ci ildə müvafiq qanunvericilik aktlarına edilən dəyişikliklər buna icazə verir. Həmin dövrə qədər isə dəniz sahillərini hasara almaq qadağan idi!
Bununla bağlı, 2003-cü il yanvarın 13-də Prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncamda deyilirdi ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan onlar ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. “Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb”.
Prezident Heydər Əliyevin sərancamında vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, keçmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırılırdı ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.
Ancaq 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı “20-50” metrlik zolaq sözləri ilə əvəzlənməsinə nail oldu. Belə ki, 2008-ci il dekabrın 2-də qəbul edilən “Torpaq islahatı haqqında” qanunda, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verildi.
Hökumətin təqdim etdiyi, deputatlar tərəfindən qəbul edilən yeni sənəddə isə deyilirdi ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın: “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
Məhz bundan sonra Xəzərin hasarlanması işi daha da sürətləndi. Yəni bu gün Xəzərin ətrafının zəbt olunmasından gileylənən deputatlar özləri bunun üçün qanuni baza yaradıblar. Birbaşa olmasa da, dolayısıyla dəniz sahillərinin hasarlanmasında iştirak ediblər!
Qanunda edilən dəyişikliklər isə həm yerli icra hakimiyyətlərinin, həm də bələdiyyələrin əl-qolunu açdı. Xəzər dənizinin sahilindəki əraziləri sürətlə satışa çıxarmağa başladılar. Bu zaman qanunun “dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq” şərtini də yada salan olmadı. Yada salanlar da hər 2-3 kilometrdən bir dənizə yarım metrlik bir giriş qoydular – sadəcə giriş!
Halbuki Milli Məclis tərəfindən qanuna dəyişilik edilərək hər 200 metr məsafədən bir 6 metr giriş üçün ərazilərin boşaldılması, dənizə getmək üçün şəraitin yaradılması şərti irəli sürülmüşdü. Ancaq bu qanun da icra edilmir. Bu da ona görə ki, bütün tikintilər müvafiq bələdiyyələr və icra hakimiyyəti orqanlarının razılığı ilə həyata keçirilib. Həmin hasarların sökülməsi də onların səlahiyyətlərinə daxil olduğundan, qanunun tələbinə əməl etmirlər.
Qeyd edək ki, bu gün heç kim üzərinə götürməsə də, Xəsər dənizinin sahilinin belə zəbt olunmasında bələdiyyə rəhbərlərinin acgözlüyü ilk yerdə dayanır. 2008-ci ildə qanunda edilən dəyişikliklərdən sonra bələdiyyələr keçmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə əlbir olaraq, dəniz sahillərini hərraca çıxardılar. Məhz dənizətrafı ərazilərin böyük ölçüdə zəbt edilməsi bu dövrə təsadüf edir. Bələdiyyələr dənizin sahili boyu torpaqları hissə-hissə bölərək satmağa başladılar.
Qeyd edək ki, Xəzər sahillərinin zəbt olunması prosesi 2015-ci ildə böyük ölçüdə başa çatdı. Maraqlıdır ki, yalnız bundan sonra – 2016-cı ilin yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qəbul olundu. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalıdırlar. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalıdır.
Milli sərvətimizin illərdir zəbt olunmasına və belə yüksək cərimələrə baxmayaraq, nə hasarını sökən var, nə də gediş-gəlişi məhdudlaşdıran obyektinin divarlarını uçuran.
Bunun səbəbi də odur ki, həmin adamların hamısının əlində hasarladığı ərazini ya hərracda aldığına dair keçmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsdiqlədiyi bələdiyyə sənədləri var, ya da bələdiyyədən və ya icra hakimiyyətlərindən uzunmüddətli (90-100 il) icarəyə götürdüyünə dair müqavilələr.
Belə şəraitdə oliqarxların ərazidə ucaltdığı villaların və ya iş adamlarının obyektlərinin hasarlarını sökmək o qədər də sadə məsələ deyil. Bunun üçün əvvəlcə məhkəmlərdə 100-lərlə, bəlkə də 1000-lərlə iddia qaldırmaq, onlara verilən sənədləri ləğv etdirmək lazımdır. Hansısa dövlət təşkilatı, nazirlik tərəfindən böyük səs-küyə səbəb olacaq belə bir addımın atılması isə indiki şəraitdə real görünmür…
Qeyd edək ki, problem yaradan həm də vətəndaşlarımızın öz hüquqlarına laqeyd yanaşmasıdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xəzər dənizindən vətəndaşların istifadəsinə dair xüsusi sərəncam qəbul olunub. Sərəncamda göstərilib ki, Bakı şəhərində yaşayan insanların dənizdən pulsuz istifadə etmək hüququ var. Bu sərəncama əməl etmək hər bir sahibkarın borcudur. Əgər kimlərsə buna əməl etmirsə, vətəndaşdan çimərlikdən istifadə üçün pul tələb edirsə, qanunu pozur.
Sahibkar vətəndaşa hər hansı xidmət göstərərsə, onun pulunu tələb edə bilər. Sahilboyu çimərliklərdən istifadə isə pulsuzdur. Vətəndaşlar da bu hüquqlarını bilməli və qarşı tərəfi də buna əməl etməyə məcbur etməlidir. Ancaq təəssüf ki, əksər hallarda vətəndaşlarımız öz hüquqlarına laqeyd yanaşır, kim nə pul tələb edir, verir. Bu da işbazların iştahını artırır, Xəzərin boş olan sahillərini də zəbt edərək, çimərliklərə girişdən belə pul yığmalarına şərait yaradır.
Bunun üçün əvvəla, yeni bir qanunun qəbul olunmasına, kimliyindən asılı olmayaraq, dəniz sahilinə ən azı 100 metr yaxınlıqda yerləşən bütün hasarların sökülməsinə dair qərarın verilməsinə, icrasının da konkret olaraq bir təşkilata tapşırılmasına ehtiyac var.
Eyni qanun dəniz sahillərini özbaşına şəkildə və ya icarəyə götürməklə hasarlayaraq çimərlik biznesi ilə məşğul olanlara qarşı da tətbiq edilməlidir.
İkincisi, belələrinə qarşı ictimaiyyət də mübaizə aparmalıdır. Kütləvi şəkildə çimərliyə girməyə görə pul verməkdən imtina edilməlidir. Qarşı tərəf etiraz etdikdə isə müvafiq dövlət qurumlarına şikayət olunmalı, həmin sahibkarla bağlı cinayət işi açılmalıdır.
Yəni Xəzər sahili boyunca torpaqların “işğal”dan azad edilməsi təkcə yay aylarında yada düşməməlidir. Dövlət bu sahədə vəziyyəti dəyişmək, sahilboyu əraziləri azad etməkdən ötrü sistemli iş görməlidir!
İsmayıl İsmayılbəyli
AzPolitika.info