İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dənizin Çirklənməsinin Tədqiqatı və Mübarizə İdarəsinin rəisi Ümid Sədiqi yerli mətbuata müsahibəsində deyib ki, Xəzər dənizinin İran sahillərində suyun səviyyəsinin azalması narahatlıq doğurur. Onun sözlərinə görə, dəniz səviyyəsində azalma var və yaxın 20 ildə Xəzərin 1/4 hissəri quruya bilər.
Görəsən, səsləndirilən iddia nə dərəcədə realdır? Xəzərin çəkilməsi nə ilə bağlıdır və nə vaxta qədər davam edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov tarixən belə halların baş verdiyini bildirib:
“Xəzər dənizində suyun səviyyəsinin artıb, azalması yeni hadisə deyil. Tarixən bu prosesi müşahidə etmişik. Bunun əsas səbəbi Xəzərin qapalı göl olmasıdır. Ora tökülən çayla buraxlanma nisbəti arasında fərq olduğu üçün sözügedən halla üz-üzəyik. Bu yöndə çoxsaylı elmi araşdırmalar aparılıb. Təəssüflər olsun ki, nəticələr o qədər də ürəkaçan deyil. Xəzərin səviyyəsi bundan sonra da müəyyən qədər azala bilər. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, indiyə qədər olan araşdırmaların nəticələri bir çox hallarda özünü doğrultmayıb. Baxın, 1970-ci ildə proqnoz verilmişdi ki, Xəzərin şimal hissəsi tamamilə quruya bilər. Qərara alınmışdı ki, Şimal dənizinə axan çayların istiqamətini dəyişdirilərək Xəzərə yönləndirilsin. Bundan başqa, Qaraboğazgöl körfəzi bağlanmışdı. Lakin işlər aparılarkən, səviyyə birdən-birə artmağa başladı. Hətta bunlar sahil infrastrukturuna da ciddi ziyan vurdu”.
Ekspert suyun səviyyəsi ilə bağlı əvvəlcədən adaptasiya strategiyalarının hazırlanmasının vacibliyini vurğulayıb:
“Artımla bağlı əvvəldən nəsə demək çətindir. Xarici ölkə rəsmilərinin açıqlamarının məqsədi diqqəti problemə yönəltmək ola bilər. Hesab edirəm ki, suyun səviyyəsi ilə bağlı hər iki ehtimala hazır olmalıyıq. Bununla bağlı strategiyalar hazırlanmalı və problemin həllinə yönəlik işlər görülməlidir. Düzdür, Xəzər dənizindəki azalma ilə bağlı İşçi Qrupu var, mütəmadi olaraq müxtəlif görüşlər keçirilir, müzakirələr aparılır. Sahil infrastrukturuna dəymiş ziyanla bağlı ətraflı məlumat toplanılır. Lakin onu da bildirim ki, bu il yağıntının miqdarı bol olub. Bu da Xəzərdə sululuğunun artmasına səbəb ola bilər”.
Azərbaycan Dövlət Dəniz Akademiyası Dəniz Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri, professor Əmir Əliyev isə iddiaların real olmadığını düşünür:
“Qarşıdakı illərdə Xəzərin 1/4 hissəsinin quruyacağı o qədər də real görünmür. İnanmıram ki, sululuğun səviyyəsində ciddi azalma olsun. Həcm hər zaman dəyişir. Son 4 min ildir ki, səviyyə 250 il artır, 250 il isə azalır. Burada 35 illik periodlar da olur. 1805-ci ildə Xəzərin səviyyəsi ən yüksək həddə olub. O gündən başlayaraq isə enmələr müşahidə edilir. Bu prosesin 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Qeyd edim ki, son 100 ildə Xəzərin səviyyəsində 3 dəfə ciddi dəyişim olub. Deməli, 1930-cu ildən 1977-ci ilə qədər 3 metr azalma olub. 1978-1995-ci illər aralığında isə səviyyə 2.5 metr qalxıb. 1995-dən günümüzə qədər isə suyun səviyyəsi 2 metr aşağı düşüb. Hesab edirəm ki, 2050-ci ilə qədər bu rəqəm təxminən 1.5 metr daha artacaq. 1977-ci ildə dənizin səviyyəsi bugünkündən 30-40 sm. aşağı olub”.
Mütəxəssis oxşar problemin digər dənizlərdə də baş verdiyini açıqlayıb:
“Problemin əsas səbəbi iqlimdə baş verən proseslərdir. Xüsusilə də Şimali Atlantika və Avropa iqlimində gedən proseslər bu kimi halların üzə çıxmasına səbəb olur. Son 30 ildə Xəzərə tökülən suların miqdarı 30 % azalıb. Həmçinin buraxlanmada da artım müşahidə edilir. Proseslər müəyyən vaxtdan sonra dəyişə bilər. Qeyd etdiyimiz problemlər digər dənizlərdə də baş verir. Ona görə də səslədirilən bir çox iddialara inanmaq lazım deyil”.
Məlik Məlikov,
KONKRET.az