Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə “mən sizə neyləmişəm axı?” deyir. Və erməni tərəfi Azərbaycan hərbçilərinin “80 yaşlı erməni mülki şəxslə qəddar davranışı” barədə dərhal hay küy qaldırıblar. Əslində bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar, vəssalam.
Lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb. 28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.
Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.
Vəkil Cavad Cavadov “Yeni Müsavat”a açıqlamasında deyib ki, 80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.
“Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır. Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar”,-vəkil deyib.