Xocalı haqqında o zamankı dünya mətbuatı nə yazırdı? – ƏTRAFLIbackend

Xocalı haqqında o zamankı dünya mətbuatı nə yazırdı? - ƏTRAFLI

“Xocalı yaraları heç vaxt sağalmayacaq, biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Müharibə yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. İstədiyimizə tam nail olmaq üçün müdrik olmalı, bütün addımları vaxtında atmalıyıq. Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var… Mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır”.

Bu sətirlər fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransındakı çıxışından götürülüb. Bəli, Azərbaycan xalqı nə qədər var, Xocalı soyqırımı o qədər də qəlblərimizi sızladacaq. Baxmayaraq ki, Xocalıda və digər bölgələrdə şəhid olan 25 mindən artıq soydaşımızın qanı yerdə qalmadı. Erməni işğalçıları öz layiqli cavablarını aldı. İndi qalır Xocalılıların qanına əli bulaşmış cəlladların müttəhim kürsüsündə oturdulması məsələsi qalır. İnşallah, o günü də görəcəyik.

Xocalı soyqırımının anoloquna tarixdə bir və yaxud iki dəfə rast gəlmək olar, ya olmaz. Ona görə də Xocalıda törədilən vəhşilik ümumbəşəri cinayətdir. Və qəribə burasıdır ki, Xocalı faciəsi barədə ermənilərin özləri kifayət qədər yazıblar, kitablar nəşr etdiriblər. Sivilizasiya heç ermənilərin də yazdıqlarını oxumayıb.

Məsələn, Zori Balayanın Xocalıda ermənilərin törətdikləri vəhşilik barədə yazdığı və 1996-cı ildə nəşr etdirdiyi “Ruhumun canlanması” kitabı erməni vandalizminin əyani sübutudur. Erməni müəlliflərinin Suriyada nəşr olunmuş “Xaç uğrunda”, Fransada çap edilən “Qarabağ gündəliyi” adlı kitablarında da ermənilərin azərbaycanlıların başına gətirilən dəhşətli işgəncələrdən geniş bəhs olunur. Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.

Qabaqcadan xüsusi düzəldilmiş pusqulardan ermənilər qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərini avtomat, pulemyot və digər silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirməklə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktını həyata keçirmişdilər.

Xocalı soyqırımına hələ Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hüqiqi-siyasi qiymət verilib. Xocalıda qadınları, uşaqları bir sözlə dinc əhalini süngüdən keçirən erməni cəlladları barədə cinayət işinin istintaqı başa çatdırılıb və cinayətkarlar beynəlxalq axtarışa verilib. Lakin aparıcı dünya dövlətlərinin ikili yanaşması üzündən hələlik cinayətkarlar məsuliyyətdən qaça bilirlər. Amma bu yolun da sonu görünür. Yəqin ki, bu sevinci də yaxın zamanlarda yaşayacağıq.

Bundan əlavə dövlət, hökumət və QHT-lər vasitəsi ilə uzun illərdir ki, Xocalı soyqırımı haqqında təbliğat və təşviqat işləri davam etdirilir. Xüzusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Xocalıya ədalət” kampaniyası artıq neçə illərdir ki, uğurla davam etdirilir. Məhz bu və digər təşəbbüslər hesabına dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı rəsmən tanınıb. Amma son hədəfə hələ ki çatmamışıq. Son hədəfə çatmaq üçün bizə ən yaxşı yardımçı tarixdir.

Bu gün əziz oxucularımıza həmin tarixin bəzi qanlı səhifəsini vərəqləmək istəyirəm. Məsələn, Tomas Qolts 27 fevral 1992-ci ildə “Vaşinqton post” qəzeti üçün yazırdı ki, “Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin (Ağdam-red) baş məscidinin xidmətçiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər. Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər”.

“Sandey Tayms” nəşri 1 Mart 1992-ci tarixdə yazırdı ki, “Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdi ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.

“Tayms” qəzeti  2 Mart 1992-cı ildə isə xəbər verirdi ki, “Sağ qalanların sözlərinə görə, erməni əsgərləri ən azı 450-dən çox azərbaycanlıya atəş açıb və süngüdən keçiriblər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ölüb. İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürüblər.

Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar”. Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi. Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlib. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb. Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.

Sağ qalanların dediyinə görə daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan, yaxud da aldıqları yaralardan ölüblər”.

“Nyu-York Tayms” 3 Mart 1992-ci ildə yazırdı ki, “Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilib. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərib”.

“Röyters” Agentliyi 2 Mart 1992-ci ildə xəbər verirdi ki, “Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunub. Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətiriblər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi. İnsanların başlarının dərisi soyulmuşdu”.

Bu siyahını istədiyimiz qədər uzada bilərik. Çünki Xocalı soyqırımının və erməni vəhşiliyinin bəşəriyyət tarixində bənzəri yoxdur. Və çox təəsüf ki, dünyaya insani dəyərlərdən və insan haqlarından dərs deyən ABŞ və Avropa bizim yox, özlərinkilərinin yazdıqlarını da  nədənsə oxumaq, öyrənmək istəmirlər.

Eybi yox, “qalmaz, belə qalmaz dünya”. Necə ki, 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan BMT-nin 4 qətnaməsinin və ATƏT Minsk qrupunun “missiyası”nın icarsına nail oldu, inşallah Xocalı soyqırımı cəlladlarının ədalətli mühakiməsinə də nail olacaq.

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*