Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
“Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı Dövlət Komissiyasına yeni müraciətlərin sayı artıb. Bu müraciətlər eyni zamanda, Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. Deyə bilərəm ki, 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilib və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar”, – Eldar Səmədov vurğulayıb.
O qeyd edib ki, 01.02.2025-ci il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyanın qeydiyyatındadır: “Onlardan 168 nəfəri mülki, 42 nəfəri hərbçidir. Mülki şəxslərdən 38 nəfər uşaq – 23 oğlan və 15 qız, 57 nəfər qadın – 15 nəfəri ahıl yaşlı qadın, 30 nəfər qoca da var. İtkin düşmüş 210 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanmasına dair şahid ifadələri var”.