Son günlər Xocalı soyqırımı əvvəlki illərdən fərqli olaraq təkcə Azərbaycanda deyil, Ermənistan və Rusiya mətbuatında da aktual mövzulardan birinə çevrilib. Bu, təkcə faciənin 28-ci ildönümü ilə əlaqədar bir tendensiya deyil. Əslində, bunu birmənalı olaraq erməni tərəfinin gec-tez bütün bu vəhşiliklərə görə cavab verməli olacaqlarını anlayıb, başqa günahkar axtarmaq istəyi ilə də əlaqələndirmək olar.
Hər şey Ermənistanın Baş naziri Nikol Paşinyandan başladı. O, Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə debat zamanı Xocalı haqda sərsəm fikirlər səsləndirdi – guya o dövrlər Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibov deyib ki, Xocalı qətliamında azərbaycanlıların da əli olub.
Amma heç nə alınmadı, Prezident İlham Əliyev Paşinyanın cavabını verdi, daha sonra erməni baş nazirin istinad etdiyi Rusiya qazeti də (Arqumenti i Faktı) Nikolun dediklərinin yalan olması haqda bəyanat yaydı.
Bundan sonra Ermənistan tərəfi yeni hiylələrə əl atmağa başladı. Yeni mövzu ortaya atıldı – bu dəfə Xocalıdakı vəhşiliklərin arxasında erməni hərbçilərinin deyil, rusların durduğu bildirildi. Paşinyan hətta sosial şəbəkədə bununla bağlı paylaşım da etdi, amma bu fikrin Ermənistan üçün daha böyük problemlərə gətirib çıxara bildiyini anlayıb, yazdıqlarını bir müddət sonra sildi. Lakin artıq gec idi. Həmin paylaşım erməni mətbuatı tərəfindən “skrin” olunaraq yayımlandı.
Məsələlərdən xəbərsiz olan bir oxucu üçün bu yazdıqlarımız bir qədər qarışıq görünə bilər. Elə bil xaotik şəkildə yığılmış bir pazla baxırsan. Amma hər bir qəliz məsələdə ilk dəlil kimi şahid ifadəsi durur. Biz də şahidlərdən birini axtarıb tapdıq…
Xocalı soyqırımını öz gözləri ilə görən litvalı hərbi jurnalist Riçerdas Lapaytis Axar.az-a müsahibəsində bu qətliamla bağlı dəhşətli faktları açıqlayıb.
Sözügedən müsahibəni təqdim edirik:
Ermənistandakı jurnalistlər nə görmüşdü?
Bilirsiz, bu, mənim üçün çox həssas bir mövzudur. Baxmayaraq ki, hadisədən uzun illər ötüb, o günləri yada salmaq mənə çətin və ağrılı gəlir. İlk vaxtlar erməni silahlı birləşmələrinin törətdiyi bu hadisənin miqyasını dərk etmək çətin idi, çünki faktlar bir araya toplanmamışdı. Amma vaxt keçdikcə, bizim gördüklərimizlə Ermənistan tərəfində işləyən jurnalistlərin yazdıqlarını uzlaşdıranda bunun həqiqətən bir qətliam olduğu artıq heç kəsdə şübhə doğurmadı. Əgər biz vəhşicəsinə öldürülmüş qadın, uşaq meyitləri görmüşdüksə, Ermənistan tərəfində olan müxbirlər qulağı kəsilmiş, gözü çıxarılmış cəsədlərdən savayı, ermənilərin əsir götürdüyü dinc əhalinin başına gətirilən min cür işgəncələrin də şahidi olmuşdular.
Ağdamda gördüklərim məni şoka saldı
Xocalı hadisəsi baş verən ərəfədə mən Ağdamda idim. Onda 23 yaşım var idi. Müharibənin ən ağır günləri idi. Birdən izdiham oldu, səs-küy qopdu. Hamı Ağdam məscidinə tərəf qaçmağa başladı. Orda gördüklərim məni sözün əsl mənasında şoka saldı. Xocalıdan meyitlər bu məscidə gətirilirdi. Qucağındakı körpəsi ilə birlikdə ölən ana meyiti… Onlarla yandırılmış uşaq meyitləri, qarınları çırılmış hamilə qadınlar… Erməni qatillər körpə qızların qızıl sırğalarını onların qulaqları ilə birlikdə kəsib götürmüşdülər. Ermənilər bunu azərbaycanlıları qorxutmaq üçün etmişdilər.
Bir qadın özünə qəsd etdi…
Müşahidələrim bunu deməyə əsas verir ki, Xocalı hadisələrinə qədər ermənilərin Azərbaycan kəndlərinə girməsi çətin idi. Çünki kənd camaatı əsgərlərlə çiyin-çiyinə vuruşurdu. Hamı bir nəfər kimi öz doğma yurd-yuvasını qoruyurdu. Ermənilər Xocalıda vəhşi və barbar olduqlarını birmənalı olaraq sübut etdilər.
Ağdam həmin günlər cəhənnəmə bənzəyirdi… Hər tərəf qan idi. Təsadüf nəticəsində sağ qala bilən xocalılılar başlarını itirmiş halda ora-bura gəzirdilər. Hətta mənim gözlərimin önündə bir qadın özünə qəsd etdi. Sonradan mənə dedilər ki, o qadının 3 körpə uşağını vəhşicəsinə öldürmüşdülər. O, həyatını davam etməyi mənasız sayırdı…
Ermənilər də bilirlər ki…
İndi vəziyyət o yerə gəlib çatıb ki, Ermənistanın bugünkü hakimiyyəti sudan quru çıxmağa çalışır. Onlar başa düşürlər ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bu qətliamın məhz ermənilər tərəfindən törədilməsinin bütün dünyaya bəyan olması an məsələsidir.
Artıq bütün dəlil və sübutlar göz önündədir. Bu, insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Bu gün azərbaycanlılarla birgə mənim də hüzn günümdür. İnanıram ki, bu cinayəti törədən hər kəs cəzalanacaq.
AXAR.az