“Xocalıya səfər təşkil edək və sülhməramlılar tələbimiz qarşısında geri çəkilsin”backend

"Xocalıya səfər təşkil edək və sülhməramlılar tələbimiz qarşısında geri çəkilsin"

Qarşıdan Xocalı soyqırımının 29-cü ildönümü gəlir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərin 366-cı motoatıcı rus alayının hərbçiləri ilə birlikdə Xocalı sakinlərinin başına gətirdikləri dəhşətli cinayət xalqımıza sızıldayan yara vurub, yaddaşımızda silinməz dərin, sağalmaz iz buraxıb.

Xalqımız növbəti dəfə anım mərasimi keçirəcək, Xocalı qurbanlarının əziz xatirəsini yad edəcək.

Bu ili fərqli edən 44 günlük Vətən müharibəsində ölkəmizin böyük Qələbə qazanmasıdır. Bizi faşist təfəkkürlü ermənilərdən çox şey fəqrləndirir. Bunlardan biri də mübarizəni dinc, silahsız insanlarla deyil, erməni işğalçılarına qarşı aparmağımız, silahlarımızı torpaqlarımızı qəsb edən cinayətkarlara tuşlamağımızdır. Çünki, biz insan olduğumuzu unutmuruq.

Əslində, XXI əsrdə əldə etdiyimiz parlaq Zəfərdən sonra Xocalı soyqırımı qurbanlarının anım mərasiminin faciənin baş verdiyi şəhərdə keçiriləcəyini gözləmək olardı. Çünki biz Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini deyil, Xocalını ziyarət etməliyik, doğma yurdumuzda qətlə yetirilmiş, ruhlarının dolaşdığı şəhidlərimizin ana torpağında diz çökməliyik.

Zatən, xalqımız artıq neçə illərdir ki, bu insanlığa zidd vəhşiliyi, qəddarlığı, amansızlığı törədən erməni cəlladlarının Beynəlxalq tribunal qarşısına çıxarılmasını və cəzalandırılmasını tələb edir. İndiyədək onların cəzaya çatmaması narahatedici məqamlardan biridir. Dövlətimiz dünyanın diqqətini bu soyqırıma çəlb etmək üçün bütün addımları atır. Soyqırımın tanınması məqsədilə dünya ölkələri parlamentlərinə müraciətlər olunur, Qərb ölkələrində müxtəlif mitinqlər, aksiyalar keçirilir, hətta Xocalı qurbanlarının şəkillərinin, onların barəsində qısa məlumatların əks olunduğu LED ekranlı avtomobillər ABŞ-ın Vaşinqton, Nyu-York, Böyük Britaniyanın London, Avropanın digər şəhərlərinin küçələrini dolaşır.

Lakin xocalılar doğma şəhərlərinə qayıdacaqları, burada soyqırım qurbanlarının əziz xatirələrini anacaqları günü gözləyirlər. Bəlkə məhz bu, həmin ağrının sızıldamasını dayandıra bilər.

Amma anım mərasiminin Xocalıda keçirilə biləcəyi barədə heç kim hələ ki, bir söz demir. Türk general-mayoru Özgür Törün səsləndirdiyi fikirdən belə anlaşılır ki, bu il də mərasimin Xocalı şəhərində keçirilməsi qeyri-mümkündür. O, deyib ki, Xankəndidə, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Çünki bir tərəfdən Rusiya Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində nəzarəti əldən vermək istəmir, digər tərəfdən keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Xocalı Azərbaycana təhvil verilmir. Doğrudur, general nikbinliklə bildirib ki, o torpaqlar Azərbaycanındır və alınacaq: “Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaqdır. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməkdir”.

Amma xalqımız artıq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə yaxşı bələddir. Bilmək olmaz, bəlkə də fevralın 26-da xalqımız qalib Sərkərdəmizin bununla bağlı hansısa qərarının şahidi olacaq. Bəlkə də vətəndaş cəmiyyətimizin nümayəndələrinin və xocalıların bir qrupunun həmin gün Xocalıya səfəri təşkil ediləcək və rus sülhməramlıları Azərbaycanın haqlı tələbi qarşısında geri çəkiləcəklər. Çünki Azərbaycan Prezidentinin Şuşaya səfəri zamanı onların öz planlarını təxirə salmağa məcbur olduqlarını hər kəs gördü.

İndi rus sülhməramlılarına onu da göstərməliyik ki, Qarabağdakı separatçı rejimin Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bir qrup səlahiyyətlisinə medallar təqdim etməsi mərasiminin Xocalıda keçirilməsinə yol vermək böyük səhv idi.

Xatırladırıq: Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*