İranın Markazi vilayətinə daxil olan Xomeyn şəhərində bu gün səhər saatlarında baş verən raket hücumu nəticəsində 8 iranlı hərbçinin həyatını itirdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, yayılan ilkin məlumatlara görə, hücum İsrailin – İran rəsmilərinin tez-tez adlandırdığı kimi, “sionist rejimin” – həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində baş verib. Nəticədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 6 üzvü və “Bəsic” qüvvələrinin 2 könüllüsü şəhid olub.
Markazi vilayətinin rəsmi məlumatında qeyd olunub ki, həlak olan hərbçilər “İran vətənini müdafiə edərkən” şəhidlik zirvəsinə ucalıblar. Hücumun dəqiq saatı, məqsədi və texniki təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, son günlər İran və İsrail arasında hərbi və siyasi gərginlik daha da artmaqdadır. İsrailin müxtəlif bölgələrdə İran hədəflərinə qarşı endirdiyi hücumlar və İranın sərt cavab ritorikası regionda qarşıdurma riskini yüksəldib.
Hadisə ilə bağlı araşdırmalar davam edir, əlavə məlumat verildikcə xəbər yenilənəcək.
Natiq Səlim,
KONKRET.az