Elə uşaqlar var ki, həmyaşıdları ilə müqayisədə onlar yüksək hafizə, intellekt və istedada malik olurlar. Həmin şagirdlər öz həmyaşıdlarından seçilməklə yanaşı təhsildə də yüksək nəailiyyət əldə edirlər. Sovet dövründə bu uşaqlar xüsusi istedadına görə sinifdən-sinfə keçirilirdi.
Maraqlıdır, indiki dövrdə də belə “vunderkind” uşaqlar varmı? Həmin uşaqlarla hansı işlər aparılır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.
O bildirib ki, uşaqların sinifdən-sinfə keçirilmə qaydaları var:
“Əgər şagirdin fiziki və psixoloji vəziyyəti uyğundursa, 6 yaşdan məktəbə gedir. Həmçinin, hansısa şagirdin bilik və bacarığı imkan verirsə, o, bir sinfi oxumadan digər pilləyə keçə bilər. Bu qaydalar müəyyən edilib və hazırda qüvvədədir. İlk növbədə valideyn məktəbə müraciət etməlidir. Məktəbin pedaqoji şurası bu barədə qərar qəbul edir. Qərardan sonra şagird yoxlanılır. Daha sonra isə rayon, yaxud şəhər təhsil şöbəsində uşaqların bilik və bacarıqları yoxlanılır. Məsələn, əgər şagird 3-cü sinifdə oxuyursa, o, beşinci sinifə keçə bilər. Bu, yalnız bir dəfə mümkündür. Bir şagird yalnız bir sinifi oxumadan pillə adlaya bilər. Hər il təxminən 15-dən çox şagird bu hüquqdan istifadə edir. Yəni bu, təcrübədə tətbiq edilən bir haldır”.
Ekspertin fikrincə, həmin şagirdlər sonradan ali təhsil müəssisələrinə qəbul imtahanlarında yaxşı nəticələr göstərir:
“Bəzən deyirlər ki, pillə adlamaq uşaqlarda müəyyən fiziki və psixoloji gərginlik yaradır. Lakin bütün hallarda uşaqlar bir yox, bir neçə kommisiya tərəfindən yoxlanılır. Onların pillə adladığı sinif üzrə bilik və bacarıqları əldə etməsi ilə bağlı rəsmi informasiyalar olur. Sonradan müvafiq monitorinqlər aparılır. İndiyə kimi sinif adlayan şagirdlərdə hansısa narahatlıq, yaxud geriyə qayıdış müşahidə edilməyib. Şagird keçmədiyi sinifin materialını mənimsəyə bilmədikdə qanunvericiliyin tələbinə uyğun olaraq təkrar həmin sinfə geri qayıda bilir. Lakin indiyə qədər belə hala rast gəlinməyib. Yəni geri dönüşlə bağı müraciət qeydə alınmayıb”.
Şəbnəm Mehdizadə,
KONKRET.az