Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq və Kuril adalarına sahiblik problemini həll etmək istəyir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida bildirib.
Onun sözlərinə görə, hələlik Rusiya ilə Yaponiya arasında danışıqlar üçün heç bir şərt yoxdur.
“Yaponiya-Rusiya münasibətlərində vəziyyət son dərəcə çətin olaraq qalır. İndiki vəziyyətdə Rusiya ilə sülh müqaviləsi bağlamaq perspektivlərini müzakirə etmək üçün heç bir şərait görmürəm. Buna baxmayaraq, biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətindəki kursu qətiyyətlə davam etdirəcəyik”, – Baş naziri deyib.
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra Kunaşir, Şikotan, İturup və Habomai (Cənubi Kuril silsiləsi adaları) SSRİ-nin tərkibinə daxil olub. Yaponiya adaların Rusiya tərəfindən işğal edildiyini iddia edir. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb. Rusiya ilə Yaponiya arasında münasibətlər Ukrayna müharibəsindən sonra pisləşib. Mart ayında Rusiya Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina edib.
İqbal Rzayev,
KONKRET.az