“Yas mərasiminə dəvətnamə yazmaq həm dinə, həm də xalqımızın adətlərinə uyğun deyil. Belə ənənələr əsasən yas və ehsan biznesi ilə məşğul olanlar tərəfindən yaradılır”.
Bu fikirləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında səsləndirib:
“Dəvətnamə adətən şadlıq məclisləri və tədbirlər üçün göndərilir. İslam dininə görə isə ölmüş şəxsin dəfni və yası ilə bağlı vacib işlərin icrası üçün müəyyən qrup müsəlman iştirak etməlidir, qalan insanlar isə könüllü olaraq qatılmaq hüququna malikdir.
Müasir dövrdə qohumlar və yaxınlar telefon, WhatsApp və sosial şəbəkələr vasitəsilə məlumatlandırıla bilər. Əksinə, kağız üzərində yas dəvətnaməsi göndərmək düzgün deyil. Bu, toy dəvətnaməsinə bənzər bir məhdudiyyət yaradır. Sanki yalnız dəvət olunan şəxslər iştirak edə bilər. Bu, nə dinə, nə də milli, mədəni və mənəvi dəyərlərimizə uyğun gəlmir”.
Tural İrfan qeyd edib ki, mərhumun vəfatı ilə bağlı məlumatın sadəcə yaxınlara çatdırılması kifayətdir və bunun forması ciddi qaydalarla məhdudlaşdırılmamalıdır.
Aynurə İsmayıl
KONKRET.az