Yazıçı-publisist, tanınmış ziyalı Akif Əli ilə SENSASİON MÜSAHİBƏ: “Bumeranq geri qayıdır”backend

Yazıçı-publisist, tanınmış ziyalı Akif Əli ilə SENSASİON MÜSAHİBƏ: "Bumeranq geri qayıdır"

KONKERT.az-ın suallarını Nazirlər Kabinetinin sabiq mətbuat katibi, 2-ci dərəcə Dövlət müşaviri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif  ƏLİ cavablandırır

– Akif müəllim, xeyli vaxtdır ölkədə deyildiniz.

– Bəli, 2019-cu ildə öz istəyimlə ərizə verib Nazirlər Kabinetindən çıxdıqdan sonra, həm istirahət, həm də yaradıcılıq məqsədilə bir müddət ölkə xaricində oldum. Ötən müddətdə uzun zamandan bəri toplanıb qalan müxtəlif yazı mövzularımı, qeydlərimi sistemləşdirdim. NK-da işlədiyim dövrə aid sənədli publisistika janrında bir kitabım çap olundu. Bəzi layihələr üzərində paralel işlədim: gənclikdə çalışdığım sevimli Tele-Radio həyatından sənədli povest, “Azman” povestim əsasında ulu sərkərdə Babək haqqında kinossenari yazdım. Arada Azərbaycandakı saytlara məqalələr göndərirdim, sağ olsun jurnalist dostlar, qəbul edirdilər. İndi düşməndən xilas olmuş doğma Şuşadan bədii əsər yazmaq üçün materiallar toplayıram. Sağlıq olsun, yollar tam açılanda doğulduğum Şuşaya gedib o gözəl yurd yerini qələmin gücü çatdığı qədər vəsf etmək arzusundayam… Ötən müddətdə həm də Nyu York Milli Yazarlar Birliyinin (New York National Writers Union) və Nyu York Elmlər Akademiyasının (New York Academy of Sciences) üzvlüyünə qəbul olundum. NY Yazarlar Birliyinə üzvlük ədəbi fəliyyət və çap məhsullarına görə idi. Nyu York Elmlər Akademiyasının isə yalnız 135 dollar üzvlük haqqı vardı… Onu da deyim ki, üzv olandan bir qədər sonra hər iki quruma marağım azaldı. Daha müsabiqələrə, konfranslara nə qədər dəvətlər göndərsələr də, reaksiya vermirəm. Açığı, fərqli dünyaları gördükdə dərk edirsən ki, belə qurumların dəbdəbəli titulundan fərəhlənmək yaradıcılığa stimul deyil. Əsas öz beyninə, qəlbinə və qələminə güvənəcəksən.

– Ötən müdətdə ölkəmizdə gedən prosesləri izləyə bilirdinizmi?

– Təbii. Qanında Vətən sevgisi olan adam üçün dünyanın harasında olsa da, öncə – Vətəndir. Ömür boyu çox zəngin ölkələr, gözəl şəhərlər, maraqlı insanlar görmüşəm,  ancaq Azərbaycan qədər dadlı ölkə, Bakı qədər cazibəli şəhər, bizim xalq qədər səmimi xalq görmədim! Hər nə olsa da, burda tam fərqli doğal həyat var, çağlayan təbiət, canlı ünsiyyət aurası var! Elə təyyarədən düşəndə sövq-təbii dilimdən qopan ilk cümlə bu oldu: “Heyif deyil Azərbaycan?!” Həqiqətən qurbətdə Vətən üçün çox darıxdım… Əlaqə məsələsinə gəldikdə, onu deyim ki, yer planetinin necə nəhəng, hətta təsəvvür etmədiyimiz qədər nəhəng olduğuna dəfələrlə yuxarıdan, göylərdən baxıb heyrətlənmişəm. Bununla belə indiki informasiya texnologiyaları sayəsində dünya çox “kiçilib”,  sərhədlər şərti, insanlar əlçatan olub. Azərbaycandakı ictimai-siyasi-mədəni proseslərdən mətbuat, sosial şəbəkə, elektron media, mobil telefon vasitəsilə mütəmadi xəbər tutmaq mümkündür. Onsuz da “pandemiya” dünyanı elə kökə salıb ki, indi kimin harada oturmasının fərqi yoxdur, bütün dünya evdən işləyir…

– 44 günlük Vətən müharibəsi Sizi harda “haqladı”?

– Uzaq sahillərdə. Qəfil başlanan müharibə günlərində mən də hamı kimi, olduğum yerdə “arxa cəbhə əskərinə” çevrildim, gecə-gündüz hadisələri anba-an izləyirdim. Bacardığım qədər informasiya cəbhəsində intensiv işləyir, Azərbaycan həqiqətlərinin mümkün qədər geniş areala çatdırılmasına çalışırdım. Ali Baş Komandanın bütün çıxışlarını, şanlı Ordumuzun, igid zabit və əskərlərimizin qəhrəmanlıq hekayətlərini, düşmənin yırtıcı xisləti barədə mövqeyimi mütəmadi Twitter, facebook kimi sosial şəbəkələrdə, saytlarda üç dildə yaymağa çalışırdım. Həlledici anda  dünyadakı 50 milyonluq Azərbaycan xalqının bir yumruq kimi birləşməsi böyük uğur idi.  Oktyabrın 18-də Nyu Yorkda BMT iqamətgahının qarşısında keçirilən “Qarabağa azadlıq!” aksiyasında Azərbaycanlı mühacirlərin həmrəyliyini, eləcə də Türk qardaşlarımızın, Yəhudi dostlarımızın bizə yüzdə-yüz dəstəyini görmək çox xoş idi. Hamı Azərbaycanı və Azərbaycan xalqını sanki yenidən tanıyırdı. O şərəfli günlər xalqımızın, dövlətimizin tarixinə “Qızıl dövr” kimi daxil olacaq… Xüsusən, Ali Baş Komandanın hərbi və diplomatik sahələrdə paralel unikal fəaliyyəti bütün dünyanı heyran qoymuşdu. Şəhidlər Xiyabanından Prezidentin elan etdiyi şanlı Zəfər xəbərini – Şuşanın düşmən tapdağından azad olunmasını hamı kimi sevinc göz yaşları içində dinlədim… Doğma Türkiyədə olanda Azərbaycana qarşı necə böyük sevginin olduğunu gördüm. Türk qardaşlarımız artıq hər iki ölkənin xalqını görkəmli dövlət xadimi Heydər Əliyevin ifadə etdiyi tərzdə – “iki dövləti olan eyni bir xalq” kimi qəbul edir. Ankarada magistral yollar boyu vurulmuş iri pannolarda prezidentlər R.T.Ərdoğanla İ.Əliyevin yanaşı şəkilləri, başdan-başa “Hər zaman Can Azərbaycanın yanındayız!” sözləri yazılmış böyük plakatlar adamda qürur doğururdu.

– Akif müəllim, Siz uzun illər mətbuat sahəsində çalışmısınız. Son vaxtlar ictimaiyyət arasında mətbuatımızın, jurnalistikamızın  səviyyəsindən narazılıq artıb. Sizcə mətbuat, istər çap mediası olsun, istər elektron media, niyə əvvəlki nüfuzunu qoruya bilmədi?  

– Bu sual çox geniş araşdırma mövzusudur. Mən qısaca tezis şəklində bəzi subyektiv mülahizələrimi söyləyə bilərəm. Mətbuatın, ekran-efirin nüfuzunun azalmasının əsas səbəbi  sahəyə işi bilməyənlərin kütləvi axını, peşəkarların diletantlarla əvəzlənməsidir. Yarandığı gündən ölkə, xalq, millət, dövlət mənafeyinə xidmət amalı ilə yaşayan müqəddəs mətbuatımıza  daxil olan bazar təfəkkürü arxasınca “dəllalları” da mediaya gətirdi. Missiyası xırdaçılığın fövqündə dayanıb ali kateqoriyalara üz tutmalı olan mətbuat ən xırda intriqaların, cılız “razborkaların”, aşağılıq mövzuların meydanına çevrildi. Pisliklər medianı şəxsi haqq-hesab çəkmək, intriqa yaratmaq, rəqibi gözdən salmaq aləti kimi kullandılar. Prezidentin son zamanlardakı çıxışlarını və kadr dəyişikliklərini yadınıza salım, geniş müşavirədə o açıq bildirdi: “…Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir… bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir…”. Həmin vaxt çoxuna aydın oldu saman altından su yeridənlər kimlərdir. Məhz belə intriqan adamların qəzetlərə, tele-efirlərə sifariş verdiyi yalan, şantaj, saxtakarlıq, reketlik üsulları tədricən mətbuatı gözdən və nüfuzdan saldı. Efir estetikasından xəbərsizlər efirdə şit-şit zövqsüz şoular göstərdilər. Aşkarlıq, demokratiya adına insanların təkcə dolabdakı iç camaşırlarına deyil, iç dünyasındakı ən munis duyğulara da əl uzadıldı. Mizan-tərəzi pozuldu və adekvat olaraq söyüş, şantaj, hədə-qorxu əxlaqı mədəni atmosferi çirkləndirdi… Medianı işğal edən bazar təfəkkürü təkcə mətbuatı yox, bütün milli mənəvi dəyərləri deqradasiya təhlükəsinə məruz qoydu. Vicdanlı peşəkarlar dışlandı, diletant “Fatılar” irəli çəkildi. Zövqsüz diletantların yönəltdiyi telekanallarda, qəzetlərdə çirkli pullar sel kimi axdı və bu çirkab bütün gözəllikləri yuyub apardı… İndi tragikomik hal müşahidə edilir – vaxtilə köhnə “media bazarında” istifadə olunmuş “Fatılar” yeni mövsümə uyğun cild dəyişmədədirlər…

– Sizcə medianın düşdüyü böhrandan çıxış yolu varmı?

– Əlbəttə. Bütün situasiyalardan həmişə çıxış yolu var. İradəyə və niyyətə bağlıdır.

– Son illər jurnalistika aləmi heç vaxt olmadığı qədər “çalxalanır”. Dövlətin mətbuata  ayırdığı pulların müxtəlif qruplar tərəfindən mənimsənilməsi, Məhkəmə və Prokurorluq orqanlarında aparılan araşdırmalar, KİVDF-nin rəhbəri Vüqar Səfərlinin həbsi, Prezident Administrasiyasının sabiq ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun qeyri-qanuni əməlləri barədə saysız-hesabsız yazılar, hətta onun da həbs oluna biləcəyi barədə yayılan söz-söhbət, “Jurnalistlərin binası”ndakı mənzillərin bölüşdürülməsində yol verilən rüsvayçı nöqsanlarla bağlı qalmaqallar gündəmdən düşmür. Bir mətbuat adamı olaraq bu məsələlərə Sizin münasibətiniz…

– Münasibətim əlbəttə, media cameəsinin sağlam hissəsinin mövqeyi ilə eynidir. Kriminal  tərkibli hər hansı məsələ varsa, hüquqi qiymətini almalıdır… Dediyiniz neqativ hallar ictimailəşibsə, demək, ictimai nəzarətin artırılmasının zəruriliyi barədə Prezidentin xalqa müraciəti, vətəndaşlara qarşı haqsızlıq edən məmurlar barədə məktub göndərmək çağırışları, Prezident Administrasiyasında indi tam başqa bir vəziyyətin yarandığını əminliklə vurğulaması, xüsusən son kadr yenilikləri öz bəhrəsini verir… Demək, ölkə dəyişir.

– Eşitdiyimizə görə, mətbuat qurumlarında olan problemlər Sizdən də yan ötməyib. Siz də vaxtilə KİVDF-yə müraciət etmisiniz…

– Problemsiz həyat bu dünyada yoxdur. Çalışdığım uzun illər ərzində çox nəsnələr görmüşəm. Görmüşəm ki, kiminsə məşhurlaşması, işgüzar imicinin təmiz, ləkəsiz qalması –  şayiə, donos yaymaq, vicdanlı adamlara qara yaxmaq mərəzi olanları həmişə narahat edib. Qanı kirli kimsələr ətraflarında üstünə palçıq yaxılmamış təmiz kadrın qalmasına dözə bilmirlər… Ta ki AzTV-də işlədiyim gənclik çağlarından zaman-zaman mən də qarşıma kötük itələndiyini görmüşəm. Kinoda “Arxadan zərbə” filminə çəkilmişdim, sonradan həmin mövzu ilə real həyatda da rastlaşmışam. Müəyyən məqamlarda karyerama, inkişafıma, mükafatlandırılmağıma əngəl törətmək cəhdləri olub. Amma əhəmiyyət verməmişəm, başımı aşağı salıb öz işimi görmüşəm, çünki mənim işim, – pafoslu çaxmasın, –  vətənə, xalqa, müstəqil dövlətimizə vicdanla xidmətdən ibarət olub, başqa yolum olmayıb… Dediyiniz o  problemli məsələ isə Əlahəzrət Mənzillə bağlı idi. İlk dəfə bu barədə açıq danışıram… O vaxt mən də ev üçün KİVDF-yə müraciət etmişdim.  Çünki hamı kimi bizim də mənzilə çox ciddi ehtiyacımız var idi və yenə də var… Baisə nə deyim!  Bəzən mətbuatda “Dövlətdən mənzil ummaq” mövzusunda iradlara rast gəlinir. Amma məncə satmaq üçün yox, yaşamaq üçün mənzil arzulamaq nə təəccüb, nə də hiddət doğurucudur. Xüsusən də öz ölkəmizdə, öz dövlətimizdən. Tanıyanlar bilir, şəxsən mən də atam-babam kimi, bütün ömrümü təmənnasız olaraq xidmətə həsr etmişəm. Heç vaxt qeyri-qanuni addım atmamışam və bunu heç düşünməmişəm də. Yalnız iş, iş, iş… Dünyada daş kömür şaxtaçılarından sonra ikinci ən ağır peşə sayılan jurnalistikada öz haqqımı beynim, qəlbim və qələmimlə halal qazanmışam.  Öz təşəbbüsümlə deyil, rəhbərliyin təklifi ilə Azərbaycan Radiosunda şöbə müdiri, AzTV-də Baş redaktor, “Vətən səsi” qəzetində Baş redaktor, Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) kafedra müdiri vəzifələrində işləmişəm. 1994-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin xeyir-duası ilə dövlət qulluğuna irəli çəkilmişəm. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə köhnə terminlə desək, “istehsalatdan” tərtəmiz gəldiyim kimi, tərtəmiz də çıxmışam… Yəni 40 il bu Vətənə və Dövlətə namusla, vicdanla, şərəflə xidmət etmək bir otağa dəymədi?!

– Maraqlıdır, bəs KİVDF-yə müraciətinizin axırı necə oldu?  

– Dediyim kimi, 2017-ci ilin mayında, növbəti Mətbuat Günü ərəfəsində sənədlərimi toplayıb KİVDDF-yə təqdim etmişdim. Ötən dövrdəki peşəkar fəaliyyətim və sənədlərim bütün şərtlərə, deyilən qaydalara uyğun gəlirdi, əks halda bu addımı heç atmazdım… Yekunda məlum oldu ki, ev verilən 200-dən çox mətbuat işçisinin siyahısında çox adam, mənim dostlarım, tanışlarım, tələbələrim, vaxtilə işə götürdüyüm əməkdaşlar, mənə ustad deyən jurnalistlər var… amma mən yoxam. Vüqar Səfərlidən səbəbini soruşdum, dedi biz sənədləri toplayıb, siyahı tutub PA ictimai-siyasi məsələlər şöbəsinə vermişik, şöbə müdiri, professor Əli Həsənovdan soruş. Soruşdum. Nəyə görə “eksklüziv olaraq” məhz mənim adımı ev siyahısından çıxartdığı barədə çox maraqlı, çox cəlbedici və çox da ümidverici versiya söylədi… Vəssalam. Nəticədə biz ev almadıq və problem içində yaşamağı davam etdirdik… “Mətbuat qurumlarında məndən də yan ötməyən” həmin problem barədə bu qədər! Prosesin sonrakı təfərrüatlarına və digər nüanslara varmaq istəməzdim.

– Belə çıxır ki, Prezidentin sabiq köməkçisi Əli Həsənovun hansısa “söz oyunu” nəticəsində Siz ev almadınız. Əslində ortada olan bu cür “oyunun” o zirvəyə qədər daşınması çox təəccüblüdür.

– Əgər daşınıbsa, təəccüblü yox, dəhşətlidir! Nə isə… Çox illər qabaq rəhmətlik rejissor-aktyor Həsən Əbluçla birlikdə biz Məhəmməd Peyğəmbərin Mövludu Gününü qeyd etmişdik. Peyğəmbərə həsr olunmuş yazı müsabiqəsi, Gənc Tamaşaçılar Teatrında təntənəli gecə və s. keçirtdik. O tədbirlər üçün ssenari yazanda müqəddəs Peyğəmbərin bir kəlamı rastıma çıxdı: “Tanrı bu dünyada məntiqdən gözəl bir şey yaratmamışdır!”  Həqiqətən, Tanrı “Ol” deyib dünyanı yaradandan Yer üzündə həyat nizamlı-düzənli səlis bir məntiqlə inkişaf edib. O məntiqi ancaq Tanrıtanımazlar, Şeytani xislətə uyub sünilik ardınca qoşanlar qəbul etməyə bilər… Amma əlbəttə, Tanrının ilahi məntiqinə əsaslanan nizamı kimsə poza bilməz. Dolayısı ilə, Tanrının yaratdığı ali məntiqi tətbiq etməklə insan davranışlarındakı hər nüansa aydınlıq gətirmək olar. Müstəntiqlərin apardığı bütün istintaq hərəkətləri, hüquq-mühafizə orqanlarının başlatdığı cinayət-axtarış əməliyyatları da məhz səlis məntiqdən təkan alır. İlahi məntiqə görə hətta təbiətdəki kataklizmlər də sonda öz axarına qayıdır. Çünki Tanrının bu dünya üçün yaratdığı bütün dəyərlər oval şəkilli, qapalı dövrə qaydasındadır, hər şey fırlanıb yenə başlandığı nöqtəyə, özünə qayıdır, dövrə mütləq qapanır… Bütün “oyunların” da vaxt çərçivəsi var!

– Siz uzun müddət kino, radio, televiziya, mətbuat, ədəbiyyat, pedaqoqika sahələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərmisiniz. Çoxlu tele-radio verilişləriniz, kino ssenariləriniz, məqalələriniz, kitablarınız var. Həyat yolunuzdan göründüyü kimi, həqiqətən Azərbaycan dövlətinə,  mədəniyyətinə, mətbuatına xidmət etmiş, vətənini, xalqını sevən peşəkar ziyalılardansınız. 25 il NK Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmısınız, Prezidentin sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, 2-ci dərəcə Dövlət müşaviri rütbəsinə, “Əməkdar Jurnalist” fəxri adına layiq görülmüsünüz… Yaradıcılıq və dövlət qulluğu sahələrində bu qədər xidmətləriniz, titul və vəzifələriniz ola-ola, adi bir məsələ həllini tapmayıb. Üstəlik o vaxt  dövlət qurumlarının Mətbuat Xidməti əməkdaşlarına da mənzillər verildi. KİVDF-də əvvəlcədən “kriteriyalar” müəyyən edilmişdi ki, “Jurnalistikanın inkişafında xidmətləri olan, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyacının olması kimi meyarlara üstünlük veriləcəkdir”. Amma “Jurnalistlərin binasında” nə qədər kənar adamlara ev verildiyi üzə çıxdı.

– Barəmdə xoş sözlərə görə sağ olun… Bəli, sənədlərim həmin kriteriyalara tam uyğun idi… Mən yalnız təəssüf edə bilərəm. Axı, mən heç vaxt vəzifənin verdiyi imtiyazdan, ölkə rəhbərliyinin göstərdiyi etimaddan şəxsi mənafeyim, şəxsi istəklərim üçün istifadə etməmişəm… Düşünürəm, Jurnalistlərin binası “əməliyyatında” KİVDF rəhbəri patronun və pulun yedəyində gedən iradəsiz icraçı olub… Prezidentin lütfkarlıqla ayırdığı vəsaitlə tikilən binada mənzillər,  dediyiniz kimi, pay-püşk edilib, yaxud mətbuatda geniş yazıldığı kimi, “satılıb”, “mənimsənilib”, “qohum-əqrabaya, dost-aşnaya  paylanıb” və s. Ölkə rəhbərinin jurnalistlərə xeyirxah hədiyyəsi diskreditasiya amilinə çevrilib. Xoşagəlməz söz-söhbətə səbəb olub. Yalnız son dərəcə məsuliyyət hissini itirənlər rəhbərliyin etibarından sui-istifadə edib bu cür saxtakarlığa gedər… Əlbəttə, mənzil alan mətbuat işçiləri arasında haqqı çatan və layiq olan jurnalistlərin olduğunu da inkar etmək olmaz. Şükr ki, tanıdığım bir çox ləyaqətli qələm dostlarımızın, vicdanlı jurnalistlərimizin, o cümlədən, Mətbuat Xidməti əməkdaşlarının mənzil şəraiti yaxşılaşdı… Sadəcə təəssüf doğuran odur ki, haqqı çatmayan kənar adamlar da hansısa mülahizələrə görəsə mükafatlandırıldı, haqqı çatan, ömrünü mətbuata həsr edən digər peşəkar qələm adamlarına qarşı isə etinasızlıq göstərildi.

– Söhbətimiz boyu bir çox mühüm məqamlara toxundunuz. Sonda nəsə əlavə etmək istərdinizmi?

– Bumeranq geri qayıdır. Hər şey öz əvvəlinə dönür, dövrələr qapanır. Bu əbədiyyət qanununa görə özgələrə tor quranlar özü tora düşüb ifşa olunur. Vaxtilə yüksək səviyyəli dövlət adamlarını “atəş nöqtəsinə” çıxarıb, özü “arxa cəbhədə” ekrandan, efirdən, qəzet səhifələrindən düşməyən səviyyəsiz, görməmiş “Medioloqlar” hər nə qədər maskalansalar da, Ulu Tanrının səlis məntiqinə uyğun olaraq, öz layiqli cavablarını alırlar… Ömür boyu belə gördük! Baxın, mətbuatda ən çox linç edilənlər – mediaya linç əxlaqı tanıdanlar oldu. Ən çox söyüş ünvanı – mediaya söyüşü gətirənlərin özləri oldu. Mətbuatın, kiv-lərin rıçaqları ilə manipulyasiya edənlərə ən çox nifrət məhz mətbuatdan, kiv-lərdən yayıldı. İbrətamiz mənzərədir! Açığı, heç vaxt mətbuat sahəsində bu qədər nifrət qazanan subyektlər görməmişdik… Sonda onu demək istərdim ki, at belində olanda vicdanlı peşəkarlara qısqanclıq zəminində saxta “məsuliyyət dərsi” keçən məsuliyyətsiz piyadalar, qoy atdan düşəndən sonra kənardan özlərinə baxıb anlasınlar – bütün mənalarda kim kimdir!

– Maraqlı müsahibəyə görə sağ olun. Sizi qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

 – Təşəkkür. Mən də Sizi təbrik edir və ən xoş arzularımı bildiriəm.

Müsahibəni aldı: Sevinc Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*