“Yeni məktəblərin inşası, mədəni maarif tədbirlərinin keçirilməsi istiqamətində iş aparılmalıdır” – Deputatbackend

"Yeni məktəblərin inşası, mədəni maarif tədbirlərinin keçirilməsi istiqamətində iş aparılmalıdır" - Deputat

Son illər ölkədə insan kapitalının inkişafı, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi dövlətin qarşısında duran prioritet vəzifələrdən hesab olunur. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması üçün zəmin yaradır. Ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Müxtəlif təhsil proqramlarına uyğun olaraq şəhər və rayonlarda məktəb binaları inşa edilir, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənir. Bununla yanaşı ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi ehtiyac duyulur. Bunun üçün isə ilk növbədə təhsil proqramlarının hazırlanması, elmi-kütləvi, mədəni-maarif tədbirlərinin həyata keçirilməsi prioritet təşkil etməlidir. Lakin təəssüflə qeyd etmək lazımdır ki,  elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları kommersiya xarakterli olmadığından, bu istiqamətlərə lazımi diqqət yetirilmir. Ancaq cəmiyyətin bütün sahələr üzrə inkişafı üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının  inkişaf etdirilməsi olduqca vacibdir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, son illər Azərbaycan təhsilində müsbət istiqamətləri və inkişafı görmək mümkündür: “Ölkə təhsili hər ötən gün daha da inkişaf edir. Təhsil sahəsi ümumilikdə böyük bir prosesdir. Son illər bu sektorda islahatlara başlanılıb. Birdən-birə yüksək nəticə əldə etmək o qədər də asan deyil. Amma hesab edirəm ki, bir çox sahələr üzrə uğurla inkişaf edirik. Buna missal olaraq yeni peşə təhsili məktəblərinin, universitetlərin yaradılmasını, eləcə də müəllimlərin işə qəbulu ilə bağlı şəffaflığın təmin olunması istiqamətində addımların atılmasını göstərə bilərik. Qarşıda duran əsas məqsədlərdən biri isə təhsilin keyfiyyətinin daha da artırılmasıdır. Tədqiqatyönümlü universitetlərin yaradılması, ali təhsil müəssisələrinin bu istiqamətə meylləndirilməsi, eyni zamanda elmi mühitin zənginləşdirilməsi əsas prioritetlərdən olmalıdır. Müsbət məsələlər çox olsa da, təhsilin keyfiyyəti və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində addımların atılmasına ciddi ehtiyac var”.

Bütün təxribatların qarşısı alınacaq” - Millət vəkili Ceyhun Məmmədov |  KONKRET

Millət vəkilinin sözlərinə görə, elmi kütləvi və mədəni maarif proqramlarının hazırlanması istiqamətində də müəyyən işlər görülür: “Amma daha çox addımların atılmasına ehtiyac var. Əsasən maarifləndirmə işlərinin geniş və əhatəli aparılması vacibdir. Burada həssas məsələ ondan ibarətdir ki, elmi kütləvi və mədəni maarif proqramları daha çox Bakıda aparılır. Amma elmi tədbirlərin və maarifləndirmə işlərinin regionlarda həyata keçirilməsinə ciddi ehtiyac var. Hər bir cəmiyyətin inkişafı yüksək səviyyədə maarifləndirmə işlərinin aparılması ilə birbaşa əlaqəlidir. Hesab edirəm ki, qarşımızda duran əsas hədəf və məqsədlərdən biri də, sözügedən tədbirlərin daha geniş şəkildə keçirilməsini təmin etməkdir. Kitaba, mütaliəyə marağın gücləndirilməsi istiqamətində addımların atılmasına ciddi zərurət var. Bu istiqamətdə daha çox çalışmalıyıq”.

Ceyhun Məmmədov medianın bu istiqamətlərdə üzərinə düşən öhdəliklərdən də danışıb: “Hesab edirəm ki, sadaladığımız məsələlərin daha geniş auditoriyaya çatdırılması baxımından media çox böyük işlər görə bilər. Medianın bir funksiyası da maarifləndirməkdir. Bir sıra hallarda biz əyləncəli verilişlərin yayımlanmasının şahidi oluruq. Amma ümumilikdə media cəmiyyətin maarifləndirilməsi, təhsil, mədəniyyət və kütləvi tədbirlərin işıqlandırılması baxımından müstəsna rol oynayır. Bu baxımdan medianın rolunun daha da gücləndirilməsi çox önəmli və əhəmiyyətlidir. Ümumilikdə Təhsil Nazirliyinin fəaliyyətində aktivlik özünü daha çox göstərir. Mədəniyyət Nazirliyi tərəfindən də müəyyən addımlar atmağa çalışırlar. Amma mən kitabxanalarla və bölgələrlə bağlı istiqamətlərdə ciddi bir dəyişiklik görmürəm. Azərbaycanın hər bir guşəsində olduğu kimi, işğaldan azad edilən ərazilərdə də yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə yeni məktəblərin inşası, kitabxanaların yaradılması, müxtəlif mədəni maarif tədbirlərinin keçirilməsi istiqamətində sürətli işlər aparılmalıdır. Təbii ki, dövlətin proqramlarında bütün bunlara yer ayrılıb və lazımi addımlarını atılır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*