Yeni təhsil proqramları hazırlanmalıdır – ƏTRAFLIbackend

Yeni təhsil proqramları hazırlanmalıdır - ƏTRAFLI

Ölkəmizdə ali təhsilin bakalavr pilləsinin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni, daha keyfiyyətli təhsil proqramları hazırlanmalıdır. Nəzərə alaq ki, yeni tədris ilinin başlanmasına bir ay qalıb, bu mövzu daha da aktuallaşır. Məlum olduğu kimi, təhsil proqramlarının tərtibi, təsdiq olunması haqqında qaydalar “Təhsil haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na və digər normativ aktlara uyğun olaraq tərtib edilir.

Bu sahədə yeni proqramın hazırlanması isə dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarınının, qlobal proseslərin istiqamətinə uyğun olaraq yeni ixtisas fənlərinin əlavə olunması ilə sıx bağlıdır. Odur ki, yeni təhsil proqramları tərtib olunarkən ancaq təlimin məzmun və forması deyil, yeni tədris fənlərində pedaqoji prosesin təşkili ciddi nəzərə alınmalıdır.

Eləcə də təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini təşkil etmək üçün fundamental yanaşma olmalıdır. Bu məsələdə universitet rəhbərliyi ilə fakültə dekanlığı arasında mütamadi və ardıcıl əlaqə mövcud olmalı, Proqram Komissiyalarına yeni ekspertlər cəlb edilməlidir.

Məhz bu amillər nəzərə alınmaqla peşəkar yanaşma nəticəsində yeni təhsil proqramları hazırlana və ya mövcud proqramlara dəyişikliklər edilə bilər.

Azərbaycan təhsilinin dünyaya inteqrasiyası məqsədilə ölkəmizdə strukturlaşma prosesində olan Elm və Təhsil Nazirliyi yaradılıb. Ona görə də, gözlənilir ki, dövlət standartlarında da yeni dəyişiklik gözlənilir. Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlara və təlimatlara bu baxımdan yeni tələblər qoyulacaq. Yeni təhsil proqramlarının fəlsəfəsində əlbəttə ki, təklif olunan ixtisasın hökumət tərəfindən təsdiq olunmuş ixtisaslar siyahısında olması mühüm əhəmiyyət kəsb edir. Çünki məhz bu məsələlər öz əksini taparsa, qarşıya qoyulan tapşırıqlar (məqsədlər) uğurla həyata keçirilə bilər.

Məlum olduğu kimi, təhsil ekspertləri, müvafiq qurumlar yeni təklif olunan ixtisasların əmək bazarına olan tələbatı daim öyrənir. Məhz buna görə də yeni təhsil proqramlarının hazırlanması prosesində fənn bölümləri və bölümlər daxilində fənlərin məntiqi uzlaşması, eləcə də ardıcıllığı zərgər dəqiqliyi ilə nəzərə alınacaq.

Ali məktəblərdə yeni ixtisas fənlərinin hazırlanmasında Yaponiya, Çin və Türkiyə təcrübəsi əsas götürülsə, daha məqsədəmüvafiq olar. Çünki məhz bu ölkələrdə təlim prosesinin nəticələri böyük təcrübəyə əsaslanır. Həmin proqramlara uyğun olaraq müasir təhsil sistemində yeni bilik, bacarıq və vərdişlər formalaşır. Qardaş Türkiyədə son 10 ildə bu sahədə ciddi nailiyyətlər əldə edilib. Yeni ixtisas fənlərini əxz edən məzunlar real həyatda əldə etdiyi bilik və bacarıqları uğurla gerçəkləşdirir, yeni vərdişlərin əldə edilməsi yollarını tez mənimsəyir. Çünki yeni təhsil sistemində ən müasir dəstəkləyici komponentlərdən – qiymətləndirmə üsullarından istifadə edilir.

Əminik ki, Azərbaycanda da elm və təhsilin bir struktur kimi formalaşması ixtisaslı kadr hazırlığına olan tələblərin nəzərə alınmasına səbəb olacaq, regionda və beynəlxalq aləmdə baş verən dəyişikliklərin çevik öyrənilməsini təmin edəcək. Hesab edirik ki, yeni təhsil proqramlarının məzmunu ixtisas üzrə son tədqiqatlar nəzərə alınmaqla yenilənəcək. Təbii ki, bu proses işə götürənlərin rəy və təklifləri nəzərə alınmaqla həyata keçirilir. Proqramların hazırlanmasında əlbəttə ali təhsil ocaqlarının imkanları, maddi-texniki bazası, kitabxana resursları zənginləşdirilməlidir.

Əks tədirdə beynəlxalq və yerli təcrübə, sahədəki ən qabaqcıl proqramlarla müqayisədə ciddi çətinliklər meydana çıxa bilər.

Yeni ixtisasların yaradılması prosesinə işə götürənlərin cəlb edilməsi ixtisasın xarakteristikasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, təcrübə və tələblər yeni ixtisasın təsviri və məzmununun minimal səviyyəsini müəyyən edir.

Burada xüsusilə qeyd etmək lazımdır ki, bakalavr pilləsində yeni humanitar fənlər, ixtisasın peşə hazırlığı fənləri təhsil proqramlarının tərkib hissəsi olmalıdır.

Mövcud müddəalara görə, proqram komissiyası yeni təhsil proqramlarının hazırlanması və ya mövcud proqramlara dəyişiklik edilməsi prosesində ixtisasın adı və şifrini, ixtisas dərəcəsi, təhsil müddəti və tədris dilini, proqramın hazırlanması səbəblərini, onun əhəmiyyətinin əsaslandırılması və əsas məqsədlərini müəyyən edir. Eləcə də ölkədə və xaricdə olan aparıcı oxşar proqramların xüsusiyyətlərinin təhlili, təklif olunan proqramın fərqləndirici xüsusiyyətləri, üstünlükləri və faydalarını təyin edir.

Mühüm yanaşmalardan biri də bakalavr səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları nümunəvi tədris planına və istehsalat təcrübəsinin keçirilməsinə malik olmalıdır.

Nümunəvi tədris planı dedikdə isə fənnə aid proqram və multimedia vasitələri, ixtisaslaşdırılmış auditoriya, kabinet və laboratoriyalar, nəzərdə tutulur.

Prosesdə daha incə məsələlər də öz əksini tapır. Məsələn, yeni ixtisaslara daxil olan dərsliklərin hazırlanması zamanı universitetdaxili olmaqla yanaşı xarici rəylərin tələb olunmasıdır. Rəylər rəyçilərin imzaları və onların çalışdığı müəssisələrin möhürü ilə təsdiq edilməlidir. Eləcə də dərs vəsaitinin mətni, yəni proqram üzrə mövzuların açılışı yeni metodik üsullara uyğunlaşdırılmalıdır.

Göründüyü kimi, proses dinamik xarakter daşıdığı üşün olduqca mürəkkəbdir. Amma bu o demək deyil ki, yeni təhsil priqramlarının hazırlanması gecikməlidir.

Yeri gəlmişkən, yazıda təhsil ekspertlərinin rəyləri nəzərə alınıb.

Sevinc Paşayeva,

KONKRET.az

P.S.  Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*