Nepah virusunun sürətli yayılması dünyada yenidən sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı narahatlıqları artmaqdadır.
Maraqlıdır, virusun sürətli yayılması səbəbindən karantin qaydaları yenidən sərtləşdirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hazırda Nepah virusu əsasən Hindistanda qeydə alınıb və vəziyyət nəzarət altındadır.
Onun sözlərinə görə, bu virus yeni deyil və ilk dəfə 1998–2000-ci illərdə İndoneziyada aşkarlanıb:
“Nepah virusu uzun illərdir tibb aləminə məlumdur və daim nəzarətdə saxlanılıb. Müəyyən risk yaranan kimi müvafiq tədbirlər görülür. Hazırda Hindistanda aşkarlanması ilə bağlı da həmin ərazilərdə qapanma prosesinin aparılması gözlənilir.”
R.Bağırov qeyd edib ki, koronavirus pandemiyası zamanı əsas problem xəstəliyin ilkin mərhələdə gizlədilməsi və beynəlxalq qurumlara vaxtında məlumat verilməməsi olub:
“Koronavirus Çində yarananda hökumət bunu gizlətdi, uçuşlar dayandırılmadı və xəstə insanlar digər ölkələrə yayıldı. Bu da qlobal pandemiyaya səbəb oldu. Nepah virusu ilə bağlı isə vəziyyət fərqlidir – artıq xəstəlik tanınır və ciddi nəzarət var.”
Mütəxəssis vurğulayıb ki, Hindistanda ciddi məhdudiyyətlərin tətbiqi virusun dünya miqyasında yayılmasının qarşısını alacaq:
“İnanmıram ki, Nepah virusu koronavirus kimi qlobal böhrana çevrilsin. Hindistanda vaxtında görülən tədbirlər bu riskin qarşısını alacaq. Hazırkı vəziyyət dünyada yenidən genişmiqyaslı karantin qaydalarının sərtləşdirilməsini zəruri etmir”.
Aynurə İsmayıl
KONKRET.az

