Yerdəyişmə üçün müraciət edən şagirdlərin 30 faizi niyə sonradan əvvəlki məktəblərinə qayıdır? – AÇIQLAMAbackend

Yerdəyişmə üçün müraciət edən şagirdlərin 30 faizi niyə sonradan əvvəlki məktəblərinə qayıdır? - AÇIQLAMA

Hər il Azərbaycanın orta məktəblərində təhsil alan şagirdlərin müxtəlif aralıqlarla yerdəyişmə prosesi baş verir. Şagirdlərin bir çoxu bu dövrdə sinfini və ya məktəbini dəyişir. Maraqlıdır, bu proses şagirdlərin sonradan təlim-tədrisinə və psixologiyasına necə təsir göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagird sıxlığı yaşanan siniflərdə bəzən yerdəyişmələr edilir:

“İlk növbədə qeyd edim ki, şagirdlərin yerdəyişməsinin elektron qaydada həyata keçirilməsi kifayət qədər müsbət haldır. Lakin yerdəyişmə şagirdin valideyninin və ya qanuni nümayəndəsinin istəyi əsasında həyata keçirilir. Əvvəlki illərlə müqayisədə indi köçürülmə edənlərin sayı azalıb. Bir neçə il öncə köçürmə üçün rayon məktəblərinə üz tutulurdu. Bu şagirdlər adətən 9-cu sinifdən yuxarı pillələrdə təhsil alan abituriyentlər olurdu. Həmin şagirdlər rayon məktəbinin direktoru ilə razılıq əsasında dərsə gəlmirdi və repetitor hazırlığına gedirdi. Bir çox hallarda bu şagirdlər direktora hətta pul verirdi. İndi isə yerdəyişmə şagird sıxlığı müşahidə edilən siniflərdə və məktəblərdə müşahidə olunur. Daha az şagird sayı olan məktəblərə yerdəyişmələr edilir. Lakin köçürmə zamanı müəyyən məsələlər nəzərə alınmalıdır”.

Vaksin olunmayan müəllimlər maaşla bağlı sıxıntı yaşaya bilərlər” - Günün Səsi

Ekspert əlavə edib ki, yerdəyişmə zamanı şagirdin yeni məktəb və sinfə adaptasiya məsələsi çox önəmlidir:

“Sinif və ya məktəbin dəyişdirilməsi əksər hallarda şagirdlərdə psixoloji gərginlik yaradır. Onlar müəllimlərlə ünsiyyət qurmaq, özlərinə dost  tapmaqda çətinlik çəkir. Həmçinin, bu şagirdlərin məktəbin ictimai tədbirlərində iştirakı ilə  bağlı da bəzi çətinliklər müşahidə olunur. Yerdəyişmə üçün müraciət edən şagirdlərin 30 faizi sonradan əvvəlki məktəblərinə qayıdır. Bu problem xüsusilə 7 və 8-ci siniflərdə yaşanır. İbtidai siniflərdə ciddi narahatlıq olmur. Lakin yuxarı siniflərin şagirdlərinin yerdəyişmədən sonra əvvəlki məktəblərinə geri qayıtma halları müşahidə olunur. Ona görə də, köçürmə edən şagirdlər diqqət mərkəzində saxlanılmalı, onlarla psixoloji işlər aparılmalıdır. Həmin uşaqların ünsiyyət və məktəbə adaptasiya baxımından problem yaşamaması üçün bu çox vacibdir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*