“Yol nişanları tıxaca səbəb ola bilməz” – AYNA-dan şikayətə cavab backend

"Yol nişanları tıxaca səbəb ola bilməz" - AYNA-dan şikayətə cavab 

Bir müddətdir, Bakıda avtobus zolaqlarının və velosiped xətlərinin çəkilməsinə başlanılıb. Hazırda yol infrastrukturunun təkminləşdirilməsi məqsədilə digər tədbirlər də həyata keçirilir.

Lakin görülən bu işlərə baxmayaraq, Bakıya kütləvi axın şəhərdə sıxlığın daha da artmasına səbəb olur və bu da öz növbəsində nəqliyyat sıxlığına səbəb olur. Bakıda tıxacların artması isə həm sürücüləri, həm də piyadaları narazı salan amildir.

Bəzi sürücülər isə hesab edir ki, tıxacların bir səbəbi də yol nişanlarının düzgün yerləşdirilməməsidir.

Redaksiyamıza şikayət ünvanlayan bir qrup sürücü bildirib ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindən başlayaraq Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan yolda hər gün səhər saat 8:00-dan axşam saat 21:00-a kimi tıxac olur.

Bundan əlavə, nəqliyyat vasitələri şəhər istiqamətindən Yusif Səfərov küçəsi ilə Babək prospektinə daxil olduqda və üzü Əhmədli qəsəbəsi istiqamətində prospektlə hərəkət edərkən cəmi 6 km-lik məsafədə yolun sol tərəfində yolboyu 6 yerdə geriyə dönmə işarəsi quraşdırılıb. Bu “geriyə dönmə” yol nişanlarının çox olmasının Babək prospektində sıxlığa səbəb oluduğu iddia edilib.

KONKRET.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

AYNA-nın mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, yol nişanları hərəkətin təşkilinin elementidir və bu, sıxlığa səbəb ola bilməz.

“Əgər hansısa ərazidə hərəkətin təşkilində uyğunsuzluq varsa, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib aradan qaldırıla bilər. Koroğlu Rəhimov küçəsində sıxlığın aradan qaldırılması üçün AYNA tərəfindən layihə hazırlanıb, razılaşdırılıb və icrası istiqamətində iş aparılır. Babək prospektində geriyədönmə yerlərinə yaxınlaşmada quraşdırılan 5.8.2 – “Zolaqlar üzrə hərəkət” yol nişanları isə sürücülərin hərəkət edəcəkləri istiqamətləri daha əvvəl müəyyən edə bilməsini göstərir və sürücülər bu nişanların tələbini rəhbər tutmalıdırlar”.

Aygün Mirakif, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*