Yollarda tıxacların yaranmasının səbəbi nədir? – Hər gün Bakıya 20 min adam gəlirbackend

Yollarda tıxacların yaranmasının səbəbi nədir? – Hər gün Bakıya 20 min adam gəlir

Payız mövsümü, xüsusilə oktyabr ayından başlayaraq Bakı sakinlərinin yolların, nəqliyyatın yüklənməsindən şikayətlərin sayı artır.

KONKRET.az xəbər verir ki, ekspertlər bunu həm yol infrastrukturunun düzgün qurulnaması, həm də şəhərin həddindən artıq çox yüklənməsi ilə əlaqələndirirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3 faiz çoxdur. Paytaxt üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 1075 nəfərdir. Müqayisə üçün Lənkəranda bu göstərici 157 nəfərdir. Qeyri-rəsmi hesablamalara görə isə Bakı əhalisinin sayı isə 4,5 milyona çatıb.

Bəs insanları Bakıya üz tutmağa nə vadar edir? Yollarda tıxacların yaranmasının səbəbi tək insan sıxlığıdırmı?

Azərbaycan Memarlar İttifaqından Turana bildirilib ki, Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir. «Gələnlər adətən yaxın ərazilərin sakinləridir. Bunlar sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir və axşam qayıdırlar».

Qeyd olunub ki, Bakıda çoxsaylı dövlət və başqa müəssisələr yerləşir. «Bu, təbiidir. Buna dünyanın bütün paytaxt şəhərlərində rast gəlmək olar. Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Paytaxt insanları cəlb edən bir yerdir. Azərbaycanda üç böyük şəhər var – Bakı, Gəncə və Sumqayıt. Üçünə də çox böyük axın var. Çünki bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar».

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə bu məsələlərdə yol təsərrüfatı da zəncirvari əlaqəlidir. «Nəqliyyat özü bir sistemdir – sürücü, yol infrastrukturu və nəqliyyat vasitəsi. Bunlardan biri problemlə üzləşirsə bu, avtomatik digərlərinə də təsir edir».

Ekspert deyir ki, sürücülərin əksəriyyəti peşəkar deyil. «Yol infrastrukturunda da problem var. Nəqliyyat vasitələrinə gəlincə isə Azərbaycanda onların 40 faizi köhnədir. Deməli, bizdə bütövlükdə nəqliyyat sistemi problemdir».

O, qeyd edib ki, yol infrastrukturu daha önəmlisidir. «Yol infrastrukturu çox təhlükəlidir, yol qazırlar amma nişanlar qoyulmur. Məlumatlandırma nişanlar çatışmır. Amma harada ki, cərimə gətirən nişan var, ondan hər yerdə var».

Tıxaclara gəlincə isə ekspert deyir ki, sürət həddinin tənzimlənməsi, svetoforlar, yol ayrıcıları, körpülər – hamısında problem var. «Hərdən olur ki, svetofor xarab olur, aləm dəyir bir birinə aidiyyatlı qurumlar isə bir saatdan sonra xəbər tutur. Hərdən görürsən ki, təzə çəkilən yolu bir neçə aydan sonra qazırlar, bu da tıxac yaradır. Məsələn, 3-cü mikrorayon dairəsində hələ də yol hərəkətının tənzimlənməsini düzgün yerinə yetirə bilmədilər. Svetofordan çıxırsan, yenə düşürsən tıxaca. Onda bu svetofor orada nəyə lazımdır? 20 yanvar dairəsində indiyənə kimi 4 cür hərəkət mexanizmini təşkil ediblər, heç biri effekt vermir».

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, insanların Bakıya üz tutması müstəqillikdən üzü bəri başlayan bir prosesdir. «Onun obyektiv səbəbi Birinci Qarabağ savaşından sonra məcburi köçkünlərin Bakıya yerləşməsi ilə bağlıdır».

Onun sözlərinə görə, sonra isə iqtisadi və sosial problemlər insanları Bakıya cəlb etməyə başladı. «İqtisadi fürsətlərin Bakıda və Abşeronda cəmlənməsi, sosial və infrastruktur problemlərin regionlarda daha çox olması insanları daha çox Bakıya üz tutmasına məcbur etdi».

Ekspert qeyd edib ki, hökümət üç  regionların inkişafı proqramını icra etdi. «Dördüncüsü artıq realizə olunmalıdır. Baxmayaraq ki, buna milyardlarla vəsait ayrıldı, onların ciddi bir effekti olmadı. İnsanların regionlarda iş təminatı, sosial problemlərin həlli kimi hədəflərə hökümət çatmadı».

O, vurğulayıb ki, bir çox rayon və kəndlərə işığın, qazın verilməsində problemlər öz həllini tapdı. «Amma bütün bunlar əhalinin paytaxta köçməsi prosesini saxlayacaq səviyyədə deyil. Proses bu gün də davam edir. Nə qədər ki, regionlarda iqtisadi fürsətlər yoxdur, nə qədər ki, iş yerləri və insanların sosial həyatı ilə bağlı problemlər var proses davam edəcək. Regionlarda mədəni həyat da olmalıdır. Teatrların, kinoteatrlarların, konsert zalların, kitabxanaların və bu kimi digər sosial infrastrukturun zəif olması da insanları Bakıya köçməyə sövq edir».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*