Yoxluğa qarışan sevdalılar və ya susqun baxışlarbackend

Yoxluğa qarışan sevdalılar və ya susqun baxışlar - Hekayə

Əli Məhərrəmli

Onunla heç bənzərliyimiz yox idi. Avara, yarımçıq, etinasız, xəyalpərəst birisiydi. Mən onların yaşadığı binaya köçən gün heç nə soruşmadan evimizin əşyalarını şeytan fəhləsi kimi mənzilə daşıyıb təşəkkür belə gözləmədən çıxıb getmişdi. Qonşuluqda yaşayan hündür boylu, arıq bədənli, yaraşıqlı sarışın bir oğlan idi. İllər keçdikcə biz dostlaşdıq. Bir tək ortaq yönümüz bəlkə də yumor hisslərimizin uyuşması idi. Vaxtından çox əvvəl böyümüşdü. Yaşca özündən böyük sərsəm uşaqlara oturub-dururdu. Əlində-ovucunda olan pula ya futbola hesab verir, ya da siqaretə, içkiyə xərcləyib avara-avara gəzirdi.
Bir axşam qapı döyüldü. Açanda gördüm boynunu büküb gülümsünür.
– Əli sənə işim düşüb.
– “Gir içəri! Onsuz da sənin hər gün mənə nə isə işin düşür” : deyib mətbəxə keçdim. Evə girən kimi siqaret yandıracağını bildiyim üçün ancaq mətbəxdə siqaret çəkməsinə icazə verirdim. Ayaqqabılarını soyunmadan arxamca iti addımlarla içəri girib soyuducudan götürdüyü su şüşəsini başına çəkdi.
– Bir qızla tanış olmuşam, dəhşət çox xoşuma gəlir. Nömrəsini də tapmışam. Uşaqlar dedilər ki, mesaj yazım, amma nə yazacağımı bilmirəm. Kömək elə! Mənə qalsa ağzıma gələni yazıb hər şeyin zibilini çıxaracağam…
Bir xeyli özümü naza çəkəndən sonra razılaşdım. Beləcə onların tanışlığı başladı. Daha doğrusu bizim.
Bu demək olar ki, hər axşam davam edirdi. Mən evə girən kimi dabanbasaraq özünü soxurdu içəri.
– Sən Allah bir-iki romantik şeylər yaz. O, qəşəng-qəşəng şeylər yazır, bilmirəm nə cavab verəm…
Mən də hər axşam bunun adıyla qıza yazdığım mesajlarda romantizmə bir forsaj vermişəm gəl görəsən. Arada ölüm fəlsəfəsindən, dindən, siyasətdən, filmlərdən musiqidən, kitablardan qısacası bildiyim hər şeydən danışıram. Qız da dostumun həm görkəminə, həm “ağlına” aşiq olub. Əslində vəziyyətdən mən də məmnun idim. Bu qızla tanış olduğu gündən daha pulunu futbola, içkiyə yox danışıq kartlarına xərcləyirdi. Bir müddət sonra isə bunlar görüşməyə başladılar. Hiss edirdim ki, oturub durduğu sərsəm uşaqlardan soyuyub. Özünə fikir verir, qızın xoşuna gəlmək üçün siqareti tərgitməyə çalışır.
Bir axşam məni qapının önündə qarşıladı. Bir az məyus, bir az da narazı nəzərləriylə süzüb: “Ona axşamlar yazdığın sözləri mənə də başa sal. Qəliz-qəliz şeylər yazırsan. Görüşəndə axşam yazılanlardan sual verir mal kimi gözümü döyürəm. Söhbət fırlatmaqdan bezmişəm” : deyib siqaret yandırdı.
– Dünən mənə deyir ki, sən gecələr bir başqa olursan, həyatda isə tamam başqasan. Susqunsan, danışmağı sevmirsən. Həyacandan dilim tutuldu. Fikirləşdim ki, yəqin şübhələnib, ya da sən məni satmısan?!
Dedim bilirsən qardaş nə var? Hələ ki, səni satmamışam, amma çox zəhləmi töksən satacağam xəbərin olsun! Sən hər gün gəlib bizim divanda mürgüləyirsən, mən sənin yerinə gecə yarısınacan romantik sevgili rolu oynamaqdan bezmişəm.
Bu sözümdən incimişdi, bir neçə gün mən tərəfə hərlənmədi.
Etiraf edim ki, qızla yazışma əslində xoşuma gəlirdi, hətta bərk darıxmağa belə başlamışdım. Deyəsən mən də ona vurulmuşdum?! Heç cürə ağlımdan çıxara bilmirdim. Daxilən yaşadığım hisslərə görə özümü qınasam da, bu çox qısa çəkirdi. İçimdə dərin bir boşluq yaranmışdı, boğurdu məni. Qızı “itirməyimlə” barışa bilmirdim. Nömrəsini telefonuma yazsam da, əzbərləməkdən qorxurdum. İçimdəki qısqanclıq hər axşam “Ona mesaj yaz deyə ruhumu zorlayırdı”. Bir gün özümü toparlayıb götür-qoy eləmədən ani bir qərarla qızın nömrəsini telefonumdan sildim. Vicdanımın nəfsimə qalib gəldiyi üçün sevinirdim, amma onu həmişəlik itirdiyim üçün it kimi peşman idim. Elə o axşam qapının zəngi çaldı. Heç nə olmamış kimi özünü içəri atıb: “Sən Allah bu sənin məsləhət bildiyin hansısa kitabı oxuyub deyəsən. Nə isə başa düşməyib. Səhərdən soruşur. Bilmirəm nə yazım, tez ol buna cavab yaz!… Və beləcə bizim yazışmamız yenidən bərpa olundu. Əvvəlkindən daha çox, daha isti sözlər yazırdıq bir-birimizə. O, ara-sıra şəkil göndərir, mən isə telefonun kamerasının işləmədiyini bəhanə gətirib ötüşdürürdüm. “Səhər görəcəksən də. Neynirsən ey şəkli?” : deyib könlünü alırdım. Səhərləri onun yanında, gecələri isə mənim ağlımda idi…
Bu minval yayacan davam elədi. Mən yay tətilində Gəncəyə, dostum isə əsgərliyə getdi. Aylardır zövq alaraq yaşadığım platonik eşq bir günün içində sona çatdı…
Bu hadisədən altı ildən çox zaman keçmişdi. Təsadüfən şəhərdəki kafelərin birində rastlaşdıq. Yanında balaca bir qızcığaz da vardı. İllər əvvəl gecədən səhərəcən ruhuna və düşüncələrinə yenildiyim, amma mənim varlığımdan bixəbər olan birinin bədəni mənə çox yaxın idi, xəyal belə etmədiyim qədər yaxın. Mən isə onun üçün yox idim və heç vaxt olmamışdım. Uzun tərəddüddən sonra onlar oturan masaya yaxınlaşıb – “Mən sizi tanıyıram” : dedim.
– Anlamadım! Siz kimsiniz? Bir az əsəbi və bir o qədər də təəccüblü baxışlarla məni süzdü.
Ona adını, soyadını, sevdiyi yeməyi, yarımçıq qoyduğu kitabları, baxmağa qorxduğu filmlərin adlarını, illər əvvəl işlətdiyi telefonun modelini və nömrəsini (əslində o nömrə heç ağlımdan çıxmamışdı, sadəcə mən özümü inandırmışdım ki, onu əzbər bilmirəm) deyəndə şoka düşdü.
Nə isə söyləmək istədi bacarmadı. Qalxdı yerindən və nəfəsi ancaq “Siz kimsiniz axı?” deməyə çatdı.
– Mən dostumun adını çəkəndə qaşlarını daha da çatıb. “Onu haradan tanıyırsınız?” soruşdu.
– “Əsgərlikdən” : dedim. “Sizinlə yazışmalarını, rəsmlərinizi hər şeyi saxlayıb. Yanaşı çarpayılarda yatardıq. Sizdən çox danışardı” : dedim.
O an qızın gözlərindəki nifrəti sezməmək üçün kor olmaq gərəkirdi.
– “Onun kişiliyi, vicdanı olsaydı kişi kimi ayrılardı, atıb getməzdi. Canı cəhənnəmə! Heç vecimə də deyil hansı cəhənnəmdədir. Sizə danışdıqları da vecimə deyil” söyləyib uşağın əlindən tutub kassaya tərəf yürüdü. Hesabı verdi, pul qabını çantasına qoyub dayandı. Qorxaq addımlarla mənə yaxınlaşdı.
– “Neynəyir o şərəfsiz? Haralardadır?” soruşdu.
– Yaxşıdır. Avropada yaşayır. Bildiyim qədər evlənib. Çoxdandır mənim də xəbərim yoxdur.
– Qız sözümü kəsdi : “O öyrənib tüfeyli həyata. Onun yeri elə oralardır. Əgər danışsanız ona deyin ki, küskün deyiləm, onu çoxdan unutmuşam. Bağışlamışam onu. Bağışlaya bilmədiyim bir tək özüməm!”.
O gün bir qəribə idim. Evə getməyə ayaqlarım tutmurdu. Qapılarının zəngini basdım. Anası açdı.
“Nə yaxşı gəlib çıxmısan? Mən də səni axtarırdım”,- dedi.
– Dinməz söyləməz içəri keçib divanda oturdum.
Qadın bir xeyli mənə baxandan sonra “Heyva mürəbbəsi var. Çay içirsən?”
Sadəcə başımı yelləyib, məni niyə axtardığını soruşdum.
– Evi satıram. Mənə salamat bir makler tap. Bir də onun otağındakı əşyaları satmağa kömək elə,-deyib mətbəxə keçdi.
– Gərək əşyaların şəkillərini çəkib sayta yerləşdirək,- dedim.
Qadının mətbəxdən xırıltılı səsi eşidildi.
– Keç, nə edirsən elə!
Dəhlizin başında darısqal, gün düşməyən nəm çəkən soyuq otağın işığını yandırıb dəmir çarpayının üstündə oturdum.
Qarşımda duran köhnə, salxaq şkafın üstündəki çərçivəyə bir xeyli baxandan sonra pıçıldadım.
– Bezdim sizin mezajlarınızı bir-birinizə çatdırmaqdan! Biləsən, bu sonuncu mesajındır.
Yerimdən qalxıb çərçivəyə yaxınlaşdım. “Birilərini bərk incitmisən dədəsi, çox pis incitmisən. Amma hələ də səni unutmayıb. Gözləri həmişəki tək parıldaylrdı sənin adını çəkəndə. Qorxma! Bu dəfə də satmadım səni. Xoşbəxtsən! Yenə haralardasa öz kefindəsən, veyillənirsən” : dedim. O, da barışıb sənsizliklə. Rahat ol. Daha səndən nigaran deyil…
Toz basmış əsgər şəkili sanki içərisindəki otağın ağırlığını və ağrılarını canına hopdurmuş, bütün rəngləri bozarmışdı. Bir tək üstündəki qara lent ilk günkü kimi qapqara gözümü çıxarırdı.
Çox qala bilmədim o otaqda. Yeyin addımlarla qapıya qaçıb ayaqqabılarımı geyindim. Pilləkənlərlə enməyə başladım. Arxamca qadının qışqırtısını eşidirdim.
Bəs çay içmirsən?… Evi satanda əşyaları daşımağa gəlib kömək edərsən! Eşidirsən məni?…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*