Britaniyalı mütəxəssislər yuxunun uzun və yaxşı olmasına kömək edən yeddi qida məhsulu müəyyən ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə diyetoloq Qabi Zaromskit fikirlərini bölüşüb.
O qeyd edib ki, müəyyən pəhriz nümunələri və qida maddələri yuxu-oyanma dövrünə, yuxu gecikməsinə (yuxuya getmək üçün lazım olan vaxt) və strukturuna (yuxunun müxtəlif mərhələləri) təsir göstərir.
“The Good Sleep Clinic”in həmtəsisçisi Dr. Maya Şedel isə bildirib ki, qidalanmada müəyyən qaydalara riayət etməklə yuxunu yaxşılaşdırmaq olar.
Yuxu üçün faydalı olan bir neçə məhsulu təqdim edirik:
Pendir
Pendir və digər süd məhsullarının tərkibində daha asan yuxuya getməyimizə kömək edən amin turşusu-triptofan və stressi azaltmağa kömək edən kalsium var.
Albalı
Albalı və ya turş albalı suyu yuxunun müddətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Az şəkərli sıyıqlar
Karbohidratla zəngin qidalar qan dövranında triptofanın miqdarını artırır və bu da öz növbəsində yuxuya getməyimizə kömək edir.
Banan
Banan əla maqnezium, kalium və triptofan mənbəyidir. Mükəmməl axşam içkisi üçün bir bananı bir stəkan südlə qarışdırıb içməyiniz məsləhət görülür.
Badam
Badam yuxuya və əzələlərin rahatlamasına kömək edən əla kalsium və maqnezium mənbəyidir. Maqnezium isə melatonin səviyyəsini tənzimləyir və qan şəkərini gecə boyu sabit saxlamağa kömək edir.
Maqneziumla zəngin qidalar
Maqnezium yuxunun tənzimlənməsində mühüm rol oynayır. Bəzi maqneziumla zəngin qidalar yuxu keyfiyyətini yaxşılaşdırır. Bunlara balqabaq toxumu, ispanaq, badam və tünd şokolad daxildir.
Omeqa-3 ilə zəngin qidalar
Omeqa-3 ilə zəngin qidalar daha yaxşı və uzun yuxuya kömək edə bilər. Bu qidalara qoz, qızılbalıq, alabalıq, skumbriya, sardina, çia və kətan toxumu daxildir.
İqbal Rzayev,
KONKRET.az