Zahid Oruc “qaş düzəltmək əvəzinə göz çıxarır” – Anlaşılmaz natiqin anlaşılmaz fikirləribackend

Zahid Oruc “qaş düzəltmək əvəzinə göz çıxarır” – Anlaşılmaz natiqin anlaşılmaz fikirləri

Milli Məclisə VII çağırış seçkilərinin növbədənkənar olacağı barədə xəbərlər hələ 2020-ci il 9 fevral tarixindən bir neçə gün keçmiş dövriyyəyə buraxılmışdı. O zaman da parlament seçkiləri növbədənkənar keçirilmişdi. Mandat əldə edə bilməyən bəzi müstəqil namizədlər əminliklə iddia edirdilər ki, parlament seçkilərinin nəticələri “yuxarıdakı”ları da qane etməyib, ona görə də bir il ərzində yeni növbədənkənar seçkilər keçiriləcək. Amma onların iddiası özünü doğrultmadı.

Proseslərin inkişafı sübut etdi ki, hakimiyyət parlament seçkilərini bir neçə ay önə çəkməklə doğru addım atıb. Bir tərəfdən ölümcül koronavirus pandemiyasının tüğyan etməyə başlaması, digər tərəfdən öncə Tovuz doyüşlərinin, ardınca 44 günlük Vətən Müharibəsinin baş verməsi qərarın doğruluğunu təsdiqlədi.

Bundan başqa, suverenliyini tam bərpa edən ölkədə növbədənkənar prezident seçkilərinin bütün seçkilərdən öncə keçirilməsi qərara alındı. Amma arxayıncasına 2024-cü ilin noyabrını gözləmək də mümkün olmadı. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun noyabrda ölkədə COP29 kimi mötəbər tədbirin keçiriləcəyi səbəbindən parlament seçkilərinin bir qədər əvvəl keçiriləcəyini istisna etməməsi bu məsələni yenidən gündəmə gətirdi.

İndi cəmiyyət kimin parlamentdə qalıb-qalmayacağı, yaşlı siyasətçilərin parlamentdə yerlərini qoruya bilməyəcəkləri, kimin seçilmə ehtimalının yüksək olması haqda qızğın müzakirələr aparmaqdadır.

Seçiciyə “deputat hansı keyfiyyətlərə malik olmalıdır” sualını versək, yəqin ki, onlar ilk növbədə millət vəkillərinin ağıllı və sanballı şəkildə vətəndaşların problemlərini bilməsini önə çəkəcəklər. Bu, əlbəttə mühüm məsələdir və hər bir seçicinin haqqıdır. Uzaq Avropanı demirəm, qardaş Türkiyədə millət vəkilliyinə namizədlərin öz seçicilərinin səsindən necə asılı olduqlarına hamımız şahidik.

Amma həm parlamentdə, həm də beynəlxalq arenada çıxış edən millət vəkilləri öncə əsl natiq olmalıdırlar. Bu isə siyasətin, diplomatiyanın dərinliklərinə vaqif olmadan, ən azı bir xarici dil bilmədən mümkün deyil. Onlar ölkəmizin və xalqımızın mövqeyini ciddi arqumentlərlə müdafiə etməyi bacarmalı, ən əsası, siyasi səhvlərə yol verməməlidirlər.

Təəssüf ki, bizim ölkə parlamentində söylədiyi hər hansı açıqlama, çıxışla bağlı əlavə izahat verməyə məcbur olan deputatlar da var. Ən maraqlısı odur ki, belə deputatlar bir neçə vəzifə daşıyırlar. Məsələn, Zahid Oruc kimi. Bu şəxs həm Milli Məclisin üzvüdür, Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür, həm də Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədridir.

Bu yaxınlarda Zahid Oruc ölkəmizi ABŞ Konqresinin sanksiyalarından qorumaqdan ötrü “çıxış yolu” təklif etməsi ilə yenidən gündəmə gəldi. O, plenar iclasda çıxış edərkən Ermənistanın Baş naziri Nikol Paşinyanı Bakıya dəvət etməyi təklif edib və bunu “siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlansın” məntiqi ilə əsaslandırıb.

Bundan öncə isə millət vəkilinin parlament iclasında xarici bloqerlərin “zərərsizləşdirilməsi” ilə bağlı çıxışı elə anlaşılmazlıq yaratmışdı ki, o, yerli mətbuat vasitəsilə izahat verməli oldu.

Onun izahlı müsahibəsindən bir iqtibası olduğu kimi təqdim edirik: “Çıxışım tənqidi medianın susdurulması, yaxud, ümumiyyətlə, alternativ fikir daşıyıcılarının hamısına senzura tətbiq edilməsi, hətta mənim mövqeyim daha çox onları fiziki cəhətdən məhv etmək, terror məruz qoymaq planının tərkib hissəsi kimi qələmə verildi. Bu əsnada da “Toplum” tv ilə baş verən hadisələr üzərindən mənim çıxışımı sanki “cəmiyyəti guya hazırlamaq, bir müqəddiməsi, baş məşqi imiş” kimi təqdim edənlər oldu. Yanlışdır, manipulyasiyadır, özlərinin müdaiə üçün süni arqument bazasıdır”.

Onun uzun-uzadı “3-4 dövlətin müştərək layihəsi OCCRP”, “analitik sahədə kifayət qədər etalon bilikli dəyərli alimimiz Tahirə Allahyarovanın Azərbaycana qarşı hücumların əsas müəllifləri kimlərdir, onları mənbələr üzrə göstərməyə çalışmışıq”, və hansısa internet tv-nin təmsilçisinə “Politico” nəşrindəki “European countries where insulting the head of state can land you in prison” (“Dövlət başçılarını təhqirə görə türməyə düşməyin mümkün olduğu Avropa ölkələri”) məqaləsi barədə danışmasından sonra bəlli oldu ki, deputat nə demək istəyir.

Deməli, deputat Belçika, Danimarka, Yunanıstan, İtaliya, İslandiya və digər ölkələrdə dövlət başçısını təhqir etməyə görə cinayət məsuliyyəti yaradan müddəaların mövcud olduğunu əsas gətirərək, bizim ölkəmizdə də bunun tətbiq edilməsini istəyir. “Onların adına və fəaliyyətinə qiymət verməyimiz hüquq qanunvericiliyi sistemində çətin deyil. İndiki halda bizim dediyimizi qanunlar nəyi tənzimləmir? Gündəlik olaraq terror çağırışlarını, terror fəaliyyətlərini tənzimləmir. Biz bunu kiberməkanda terrorçuluq fəaliyyəti kimi də təsbit etməliyik”, – deyə deputat bildirib.

Deputat hesab edir ki, parlamentdə “zərərsizləşdirmə” sözünü işlətməsi hər gün internetdə tərbiyəsizlik nümayiş etdirənləri “narahat” edib. Halbuki, bu, belə deyil. Əksinə həmin ünsürlər MM-in insan hüquqları komitəsi sədrinin bu sahə ilə ziddiyyət təşkil edən bir ifadədən istifadəsini əllərində bayraq edərək, özlərinin əhəmiyyətlərini gözə soxmağa çalışmaqdadırlar.

Deputatın “Hamımız razılaşırıq ki, indi 100 il əvvəlki dövr deyil. İndi Leninin “İskra”sından qığılcım edib kütlələri çarın üzərinə qaldırmaq mümkün deyil” kimi bəsit fikrini dinlədikdən sonra buna təəccüblənmirsən. MM-in insan hüquqları komitəsinə rəhbərlik edən şəxsin yadından çıxıb ki, çox yaxın tarixdə Tunisdə küçə satıcısı Məhəmməd Buəzizinin bələdiyyə məmurlarına etiraz olaraq özünü yandırması qığılcıma səbəb oldu və bir neçə gün sonra “ərəb inqilabı” başladı. “Ərəb baharı” dalğası öncə Tunisdə ölkəni 23 il idarə edən Zeynəlabidin bin Əlinin, sonra Misirdə 31 ildir ölkəni idarə edən Hüsnü Mübarəkin istefası, Liviyanın 42 illik hakimi-mütləqi Müəmmar Qəddafinin üsyançılar tərəfindən öldürülməsi, Yəmənin 30 illik lideri Əli Abdullah Salehin istefası ilə nəticələndi.

Zahid Orucun “informasiya sisteminin üzərində monopoliya qurmaq, sadəcə, qeyri-mümkündür” fikrini anlamaq mümkündür. Amma məsələ ondadır ki, hazırda söhbət monopoliyadan getmir. Problem ondadır ki, Azərbaycan parlamentini barmaqla sayılacaq qədər çox az üzvü dünya mediasına çıxa, ictimai fikrə təsir edə bilər. Məsələn, onların heç birini ABŞ-də yaşayan politoloq Ramiz Yunusla müqayisə etmək olmaz. O, demək olar ki, bütün Ukrayna mediasının sevimli müsahibinə çevrilib və Azərbaycan həqiqətlərindən danışmaqla Ukrayna ictimai fikrinə təsir edə bilir.

Məsələn, MM insan hüquqları komitəsinin sədri Zahid Orucu ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitlə (ermənipərəstliyini kənara qoyuruq) müqayisə edə bilərikmi?! Əlbəttə yox. Kris Smit azərbaycanlı həmkarı Zahid Orucun ritorikasından istifadə etməyi özünə və dövlətinə rəva bilməz.

Bir anlığa təsəvvür edin ki, Kris Smit Zahid Oructək xaricdəki bəzi tərbiyəsizlərin ünvanına “Hər gün ölkə rəhbərini, dövlət atributlarını, dövlət ideallarını ayaqlar altına alasan, sözün həqiqi mənasında, küçə və meydanlarda, müxtəlif antisanitar məkanlarda, bu, bir ayrıdır” kimi yolverilməz ifadəni işlədir. Bu, mümkündürmü? Qətiyyən yox.

Deyilənə görə, Zahid Oruc hətta parlamentdə çıxışlarından birində “Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir” kimi məntizsiz fikir işlədib, amma onun bu sözlərinə, nə qədər qəribə olsa da, reaksiya verən tapılmayıb. Deputat həmkarları hətta sual da etməyiblər ki, “Dövlət başçısının mənəvi zirehinin yarıldığını harada görmüsən?”. İndiyədək bunu heç bir qüvvə edə bilməyib, Rusiyadan tutmuş İranadək, ABŞ-dən tutmuş Fransayadək heç kim hətta ən çətin anlarda belə İlham Əliyevi milli maraqlarımızın əleyhinə getməyə məcbur edə bilməyib. İlham Əliyev ABŞ prezidenti Barak Obamanın İstanbula dəvətini qətiyyətlə rədd edən şəxsiyyətdir.

Deputatın “mənəvi zirehin yarıldığı” və ya “hər gün ölkə rəhbərini, dövlət atributlarını, dövlət ideallarını ayaqlar altına alasan, sözün həqiqi mənasında, küçə və meydanlarda” kimi sözlərini dinləyənlər dərhal çaşar. Çünki faşist Ermənistanı, dünyadakı ermənipərəst qüvvələri və havadarları qətiyyətlə yerlərində oturdan qalib ölkə rəhbəri barədə “ayaqlar altına alınmaq” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Qanunvericilik orqanının üzvü Zahid Oruc elementar fikri çatdıra bilməyib. Deyə bilməyib ki, burada söhbət xaricdəki 3-4 nəfər tərbiyəsiz ünsürün Azərbaycan rəhbərliyinin portretlərinə qarşı tərbiyəsiz hərəkətlərindən gedə bilər. Ramiz Mehdiyevi ciddi-cəhdlə müdafiə edən bir deputatdan bundan artığını gözləmək olarmı? Əlbəttə, yox.

Zahid Oruc nəzərə çatdırır ki, “edam edəcəyik, süngüyə keçirəcəyik, Azadlıq meydanında gəlib məhkəməsiz güllələnmə aktını həyata keçirəcəyik” sözləri dilə gətirən qüvvələri hədəf olaraq göstərmək istəyib: “Qanunvericilikdə dəyişiklik etməli, kiberməkanda həmin qüvvələri terrorçu kimi təsbit olunmalıdır. Ona dair qanunla cəza mexanizmlərini də yaratmalıyıq ki, dediyim zərərsizləşdirmə termini ətrafında o cür ajiotaj yaradıb, kampaniya aparmasınlar. Bu adamlara nə düşübdür ki, hər gün Azərbaycan rəhbəri, dövləti, simvollarımızı ayaq altına alırlar?! Burada bir məmurun fəaliyyətini ölkə rəhbərinin adına çıxaraq avtomatik olaraq ona bu hücumları təşkil etmək, bəlkə mənəvi-siyasi tənqid olsa, bu normal fəaliyyət nümunəsidir, amma qalib liderin gündəlik olaraq linçetmə kampaniyalarını, onu da “öldürəcəyik, kəsəcəyik, asacağıq” janrında edərkən, bu 4-5 nəfəri bizim onları terrorçu kimi qiymətləndirməyimizdə, doğrudanmı, biz hüquqi cinayət edirik? Doğrudanmı, biz özümüzü qlobal dünyadan ayırıb qapalı bir ölkə kimi qurmaqda maraqlıyıq?”.

Digər tərəfdən Zahid Orucun xaricdəki ünsürlərin fikirlərini təkrarlayıb, ölkə başçısından daha çox özünü müdafiəyə keçməsi də diqqəti cəlb edir. Onun “Bizə cavab vermək istəyənlər, xaricdə mən sığınacaq almış hakimiyyət əleyhdarlarını məhv etməyə çağırmışam. Bu, cəfəng mövqedir”, “Hər gün kiminsə ünvanına həqarət yağdırırsan, özlərinə aid edəndə dərhal bundan bəhs edirlər, danışırlar və minimum demokratlıqları çatmır ki, iki-üç gün dözüm göstərsinlər”, “bəlkə mənəvi-siyasi tənqid olsa, bu normal fəaliyyət nümunəsidir”, “Biz həmin şəxslərin hamısını Interpol daxil terrorçu kimi təsbit edərək açıq mənbələrə verməliyik. Onun kənarında olan qüvvələr də fəaliyyətini aparsınlar və biz onlardan qətiyyən narahat deyilik” kimi fikirləri bundan xəbər verir.

Üstəlik, deputat Londonda məskunlaşmış Qurban Məmmədovun adını çəkmədən onun vəkillik fəaliyyəti dövründə əldə etdiyi mülkün sökülməsinin əleyhinə olduğunu vurğulayır.

Vaxtilə “Toplum” tv, “Azadlıq” radiosu kimi media quruluşlarına müsahibələr verdiyini xatırladır: “Mən sizə açıq deyirəm, nəinki “Toplum” tv, “Azadlıq” radiosu, bütün bunların hamısına on illər ərzində çağırışlarına cavab verən, həmsöhbət olan insanlardan biriyəm”.

Özü haqqında insan hüquqları müdafiəçisi obrazını yaratmağa cəhd edir: “Mənə deyirlər ki, siz filankəsin hüququnun pozulmasına nə vaxt səsini qaldırmısan? Bacardığım qədər mən bunu etmişəm”.

Nəhayət, “sadə xalqın içərisindən çıxmışıq. Milli ideallarla bağlı fəaliyyət aparmışıq” kimi sözlərlə öz imicini tamamlayır. Və bu şəxs bir neçə dəfə prezidentliyə namizəd olub…

Adamın yadına lap Azərbaycan dövlətinin bütün imtiyazlarından yararlanan jurnalist Eynulla Fətullayevin “Osmanqızı” tv-yə verdiyi müsahibə düşür. Sevinc Osmanqızı qalib xalqın qalib liderinin ünvanına yolverilməz ifadələr səsləndirir, Eynulla isə “Sevinc xanım siz peşəkarsınız, mənim sizə böyük hörmətim var” deyir. Halbuki, erməni faşizmini darmadağın edən, təkcə ölkəmizi deyil, bölgəmizi və dünyanı erməni faşizmindən qurtarmağı bacaran, Qarabağı işğalçılardan azad edən böyük və parlaq şəxsiyyətin ünvanına qəbuledilməz ifadələr işlədənlərə hörmət etmək, efirində görünmək, onları qəhrəmana çevirmək qətiyyən olmaz.

Ümid edirik ki, növbəti parlament seçkilərindən sonra Milli Məclisin insan hüquqları komitəsinə daha sanballı fikir daşıyıcısı olan deputat rəhbərlik edəcək.

KONKRET.az-ın Analitik qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*