İki gün əvvəl Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan fəaliyyəti iflasa uğramış ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələrinin liderlərinə məktub ünvanlayıb. Əsil erməni simasını göstərən Sarkisyan məktubda göz yaşı tökür, ”məhv olan bir xalqa” rəhim edilməsi yalvarışlarıyla dünya liderləri qarşısında diz çökdüyünü bildirir. Qarabağın guya blokadada qalmasını, iki uşağın acından “ölməsini” xüsusi vurğulayan 3-cü prezidentin məktubu Ermənistanda birmənalı qarşılanmayıb. Bəzi siyasətçilər Sarkisyanın məktubunu dəstəkləyir, bəziləri isə ağız büzür. Onlar hesab edirlər ki, fikirlər bəsit, mövzu isə dünya liderləri üçün aktual deyil.
Ermənistan parlamentinin müxalifətdən olan deputatı Artak Zakaryan isə fərqli düşünür. Deputatın fikirincə, Sarkisyanın məktubunu Qarabağdakı vəziyyətə diqqət yönəltmək üçün yaxşı vasitə hesab etmək olar:
”Düzdür, Ermənistanın Qarabağı Azərbaycanın tərkibində tanıması ilə bağlı Paşinyanın məlum bəyanatı dünya liderlərinin əl-qolunu bağlayır. Amma Nikolun istəyi ilə erməni xalqının istəyi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Paşinyan özünün və erməni xalqının hansı təhlükəli problemlərə düşdüyünü çox yaxşı anladığı üçün sülh müqaviləsinin imzalanmasını ləngidir. Amma bütün hallarda düşünürəm ki, o, Ermənistana və Qarabağa son zərbəni vuracaq. Nikolun bu gün danışıqlar apardığı məqamlar nə Qarabağa, nə də Ermənistana uğur gətirmir. Əgər hər şey qaydasındadırsa, o zaman Qarabağ niyə bu vəziyyətə düşüb?”, – deyə Zakaryan bildirib.
Əslində, Qarabağdan əllərini üzən ermənilər siyasi manipulyasiya ilə məşğuldurlar. Dünya ictimaiyyətinin diqqətini regiona cəlb etmək üçün müxtəlif variantlar fikirləşən erməni siyasətçiləri bununla da məsələnin həllini ləngitməyə cəhd edirlər. Amma bununla heç nəyə nail ola bilməyəcəklərini də yaxşı anlayır və bir-birilərini ittiham edirlər.
Vəli Həsənov,
KONKRET.az