Zelenski sülhə maneədir? – “Seçkinin keçirilməsi ciddi suallar doğurur”backend

Zelenski sülhə maneədir? - "Seçkinin keçirilməsi ciddi suallar doğurur"

“Ukraynada prezident seçkisinin keçirilməsi müharibə şəraitində çox mürəkkəb və əhəmiyyətli mövzu olaraq bir müddətdir gündəmdədir. Son olaraq bu məsələ iki gün əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirildi və o, Zelenskinin reytinqi ilə bağlı müəyyən proqnozlar irəli sürdü”.

KONKERT.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Zelenski sülhə maneədir? - Seçkinin keçirilməsi ciddi suallar doğurur

O bildirib ki, müharibə dövründə liderlərin reytinqləri, adətən, milli həmrəyliyin artması fonunda yüksəlir:

“Bu da təbiidir, çünki müharibə şəraitində birlik və stabilliyə çox böyük ehtiyac olur. Ona görə də Zelenskinin reytinqinin cəmi 4 faiz olması ilə bağlı iddiaları həqiqətə uyğun saymaq çətindir. Zelenski 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra ciddi lider kimi tanınıb və əhalinin böyük hissəsi ona dəstək verir. Ukrayna lideri Trampın çağırışına cavab olaraq seçkinin keçirilməsinə hazır olduğunu da bəyan edib. Lakin problem ondadır ki, indiki şəraitdə Ukraynada seçkinin keçirilməsi həm hüquqi, həm də təhlükəsizlik baxımından ciddi suallar doğurur. Ukraynanın müharibə vəziyyətində olması seçki prosesini praktik olaraq çətinləşdirir. Seçkinin təhlükəsiz və effektiv keçirilməsi yalnız atəşkəs dövründə – yəni müharibənin müvəqqəti dayandırılması və hər iki tərəfin aktiv döyüş əməliyyatlarından geri çəkilməsi halında mümkündür. Müharibə davam etdiyi halda isə seçkinin, xüsusilə münaqişə bölgələrində keçirilməsi heç bir şəkildə real görünmür”.

R.Bayramov vurğulayıb ki, müharibə şəraitində seçki nəticələrinin dürüstlüyü və bərabərliyinin təmin edilməsi daha da mürəkkəbləşir:

“Məsələnin digər tərəfi ondan ibarətdir ki, indiki vəziyyətdə seçkinin keçirilməsi və hətta Zelenskinin hər hansı digər namizədlə əvəz olunması da vəziyyəti dəyişməyəcək. Zelenskinin və onun rəhbərlik etdiyi hökumətin əsas prioriteti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunmasıdır. Onun və ya digər siyasi liderlərin ərazi itkiləri ilə bağlı hər hansı kapitulyasiya sənədinə imza atması çox çətin və ictimaiyyət tərəfindən qəbulolunmaz qərar olar. Hətta Zelenski vəzifədə olmasa belə, belə bir qərar Ukrayna ictimaiyyəti tərəfindən “satqınlıq” kimi qiymətləndirilə bilər. İstənilən Ukrayna liderinin ərazi itkiləri nəzərdə tutan kapitulyasiya sənədini imzalaması ölkənin daxili siyasi legitimliyini ciddi şəkildə sarsıdar və xalqın mübarizəsini sual altına alar. Bu səbəbdən sülhün əldə olunması yalnız xalqın razılığı əsasında mümkündür. Bu razılıq isə mütləq referendum yolu ilə alınmalıdır. Hər hansı liderin, xüsusən də müharibə şəraitində, ölkənin ərazi bütövlüyündən imtina etməyə razı olması həm daxili, həm də beynəlxalq səviyyədə Ukraynanın siyasi gələcəyini ciddi təhlükə altında qoya bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*