Zelenskinin yüksək vəzifə verdiyi Nəriman kimdir? – Dosyebackend

Zelenskinin yüksək vəzifə verdiyi Nəriman kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Krım Tatar Xalqı Məclisinin sədr müavini Nəriman Cəlal (Celyalov) Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

KONKRET.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.

Qeyd edək ki, 45 yaşı olan Nəriman Cəlal 2013-cü ildən Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınan və fəaliyyəti qadağan edilmiş Krım Tatar Xalqı Məclisinin rəhbərliyində təmsil olunur.

İxtisasca politoloq olan Nəriman Cəlal Ukraynada Krım tatar mediasında çalışıb. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra o, yarımadada yaşamağa davam edib.

Nəriman Cəlalın həbsi 

Nəriman Cəlal 2021-ci ildə Perevalnoye kəndində qaz kəmərini partlatmaqda ittiham edilib və FSB tərəfindən həbs edilib. 2022-ci ilin sentyabrında o, Krım məhkəməsi tərəfindən 17 il müddətinə azadlıqdan məhrum edilib və 2 il müddətində cəzasını Krasnoyarsk diyarında çəkib. 28 iyun 2024-cü ildə Nəriman Cəlal əsir mübadiləsi yolu ilə Ukraynaya qaytarılıb.

O, 2019-cu ildən bəri Rusiyada həbsdən azad edilən ilk Krım tatarı siyasi məhbus olub.

Nəriman Cəlalın atası Ənvər Cəlal oğlunun azadlığa çıxmasını görmədən 2022-ci ilin martında Krımda vəfat edib.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri vəzifəsini də Krım tatarı olan 43 yaşlı Rüstəm Umerov tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*