Zəngilanlılar doğma kəndlərində qurban kəsdilər – FOTOLARbackend

Zəngilanlılar doğma kəndlərində qurban kəsdilər - FOTOLAR

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir.

KONKRET.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar. Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.

Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər.

Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər.

Sakinlərə “Ağıllı kənd”in mahiyyəti, layihə şərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, burada salınan “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Sakinlər tezliklə öz yurdlarına qayıtmaq niyyətində olduqlarını, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində həvəslə iştirak eədəcklərini bildiriblər.

Qeyd edək ki, “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*