12 ildir davam edən “maşın qalmaqalı”: VTB Bank müştərini aldadıb? – İDDİAYA CAVABbackend

12 ildir davam edən "maşın qalmaqalı": VTB Bank müştərini aldadıb? - İDDİAYA CAVAB

Sumqayıt sakini Alışanov Xaliq tərəfindən redaksiyamıza şikayət daxil olub. O, 2012-ci ilin sonunda VTB Bankdan götürdüyü “Kia Sportage” avtomobili ilə bağlı artıq 12 ildir davam edən və hələ də həllini tapmayan qalmaqallı proseslərdən danışıb.

KONKRET.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, avtomobilin bank tərəfindən götürülməsi, üçüncü şəxslərə verilməsi, daha sonra isə saxta sənədlərlə Türkiyəyə çıxarılması ciddi qanun pozuntusu kimi dəyərləndirilməlidir.

Xaliq Alışanov bildirib ki, dolların ilk devalvasiyasına 1–2 ay qalmış, cəmi 60 dollarlıq borca görə bank əməkdaşı avtomobili əlindən alıb:
“Ürək əməliyyatı keçirmişdim. Bir türk tanışım maşını icarəyə götürmək istədi, ayda 700 manat banka ödəyəcəyini dedi. Mən də pulu bankdan bixəbər ona verirdim. Lakin 70 manat borca görə maşını ondan da alıb apardılar”.

Şikayətçinin sözlərinə görə, avtomobili əlindən alındıqdan təxminən 10 gün sonra bank əməkdaşları onu ASAN Xidmətə apararaq tanımadığı şəxsin adına 2 illik etibarnamə yazdırıblar. Bir müddət sonra isə bank Xaliq Alışanova zəng edərək avtomobilə görə borcun ödənmədiyini bildirib.

Xaliqin iddiasına görə, sonradan məlum olub ki, avtomobil bank əməkdaşlarının iştirakı ilə 2014-cü ildə Türkiyəyə çıxarılıb:

“2016-cı ildə Türkiyədən zəng gəldi ki, “99 FU 541” nömrəli Kia Sportage sənindir? Dedilər maşın Azərbaycandan çıxıb və tapılmır. Sonradan öyrəndim ki, maşın Türkiyədə cərimə meydançasına düşüb, texpasportunun orijinalı polisə təhvil verilib”.

O, bildirir ki, vəziyyətlə bağlı Laçın Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb və ona borcu ödəmək barədə qərar çıxarılıb:

“Hakimə dedim ki, maşını bank əlimdən alıb, kimlərəsə verib, ölkədən çıxarıb. Niyə mən cavabdehəm? Amma məhəl qoyulmadı”.

Şikayətçi iddia edir ki, daha sonra Naxçıvanda onun iştirakı olmadan məhkəmə keçirilib və yenidən borcun ona aid olduğu bildirilib.2024-cü ildə Xaliqin bacısı oğlu bankın və digər şəxslərin tələbi ilə Türkiyəyə gedərək avtomobili çıxarmağa çalışıb. Lakin həmin vaxt saxta sənədlər üzə çıxdığı üçün maşın müsadirə edilib.

Xaliq Alışanov iddia edir ki, avtomobil pandemiya dövründə də cərimə meydançasında qalıb və Türkiyə qanunlarına görə 4 il sahibsiz qalan nəqliyyat vasitəsi dövlət tərəfindən satılıb:

“Maşını aparan, gömrükdən keçirən şəxslər bəllidir. Mənim mülkiyyətimi mənə qaytarsınlar”.

Məsələni aydınlaşdırmaq üçün VTB banka sorğu ünvanladıq. Soğrumuza cavab olaraq bildirildi ki, adıçəkilən şəxslə müvafiq kredit müqaviləsi imzalanmış, lakin Kredit alan şəxs kredit müqaviləsi üzrə öz öhdəliyini lazımınca icra etməmişdir. “Kredit alan”ın 13 noyabr 2019-cu il tarixli müraciəti əsasında, sonuncu ilə 15 noyabr 2019-cu il tarixində görüş təşkil olunmuşdur.

Borcalan bundan sonra da məlum kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir.

Bununla əlaqədar Bank məhkəməyə müraciət edir. Laçın rayon məhkəməsinin 2(047)-59/2017 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunub. Qanunvericiliyin tələbi əsasında icra hərəkətlərinin aparılması üçün məhkəmə tərəfindən icraata yönəldilib.

Bununla yanaşı bildirək ki, “Kredit alan”la Bank arasında bağlanmış Müqavilənin müvafiq bəndinin şərtlərinə əsasən, Bank kredit müqaviləsi üzrə hüquq və vəzifələrini üçüncü tərəfə ötürmüş və bu barədə Borcalan xəbərdar olunmuşdur. Bank bu Müqavilədən irəli gələn hüquq və vəzifələri və tələb hüququnu üçüncü tərəfə ötürdükdən sonra, kredit üzrə tələblər artıq həmin şirkətə məxsusdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*