15 oktyabr – Müzəffər tarixə gedən yolbackend

15 oktyabr - Müzəffər tarixə gedən yol

Azərbaycanın son iyirmi bir ildə keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi səciyyələndirilir. Ümummilli liderin əsasını qoyduğu inkişaf konsepsiyasını onun davamçısı İlham Əliyev uğurla davam etdirdi. İyirmi bir il əvvəl prezident seçiləndə “Mən Azərbaycanda hər bir kəsin prezidenti olacam” deyən İlham Əliyev bunu bacardı və  daha güclü Azərbaycan uğrunda islahatlara başladı. Ən başlıca məsələ Azərbaycanın müstəqil daxili və xarici siyasətini təmin etmək, nəhəng enerji layihələrini həyata keçirmək idi. Yalnız iqtisadi cəhəttən güclü ölkə hər şeyə qadirdir. Yeni konsepsiyada  həm də Azərbaycanda ordu quruculuğu və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi kimi məsələlər yer alırdı. Qarşıda duran vəzifə isə hər kəsə aydın idi.

Ərazi bütövlüyü təmin edilməli və Azərbaycandan  separatizmin kökü kəsilməlidir. Uzun müddət aparılan danışıqlar prosesində – “münaqişənin hərbi həlli yoxdur”, – deyən ATƏT-in Minsk qrupunun həmsdərləri bizi işğalla barışmağa çalışsalar da, buna nail ola bilmədilər. Azərbaycan Prezidenti İlham Əliyev bütün platformalarda aparılan danışıqlarda “Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz”, dedi. Deməli, ortada siyasi iradə var idi və Azərbaycanın iradəsini sındırmaq mümkün deyildi. Ermənistanı dəstəkləyən qüvvələrin canfəşanlığı fonunda Azərbaycan ordu quruculuğuna ciddi fikir verir və yeni hərbi birləşmələr yaradılırdı. Artıq Azərbaycan Ordusu az müddətdə regionun ən güclü ordusuna çevrilmişdi.

Bunu 2016-cı ildəki 4 günlük aprel döyüşləri də sübut etdi. Dörd günlük müharibədə  milli ruhda böyüyən gənc nəslin vətənpərvər ruhu da  ortada idi. Ali Baş Komandanın rəhbərliyi  altında irəli atılan Azərbaycan oğullarının iradəsi qarşısında düşmən duruş gətirmək gücündə deyildi. Deməli, İlham Əliyevin uzaqgörən siyasəti öz bəhrəsini vermişdi. Milli ruh, yüksək əhval ruhiyyə, güclü ordu və çoxşaxəli  iqtisadiyyat  formalaşmışdı. Azərbaycan Qərbin enerji təhlükəsizliyində önəmli rol oynamağa başlamışdı və bu da ölkəmizin siyasi nüfuzuna müsbət təsir göstərirdi.

Az vaxt ərzində daxili və xarici siyasətdə görülən mühüm işlər bizi Qarabağa aparırdı. Bu istiqamətdə hər gün bir addım da atılırdı və Azərbaycan Prezidenti bunu ölçülü-biçili siyasəti ilə daha da yaxınlaşdırırdı. Ermənistanın  danışıqlardan yayınması, vaxt udmaq kimi manipulyativ cəhdlərinin əvvəl axır bir sonu olmalıydı. Azərbaycan rəhbərliyi isə dözür, qan tökülməməsi üçün danışıqlar masasına ümid edirdi. Azərbaycanın gücünü  qiymətləndirməyən düşmən isə “Qarabağ Ermənistandır və nöqtə”, deyərək İlham Əliyevin səbr kasasını bir qədər də doldurdu.

Nəhayət, Müzəffər Ali Baş Komandanın əmri ilə irəli atılan şanlı ordumuz çoxdan gözlənilən qələbəyə nail oldu. Cəmi 44 gün çəkən müharibə Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan təhvil verildi. Bu idi Azərbaycan prezidentinin gücü, bu idi İlham Əliyevin siyasi iradəsi. Zaman göstərdi ki, vətənpərvər ruhda böyüyən uşaqlar  torpaq, vətən uğrunda canından keçməyə hazırdır. Deməli, aparılan siyasi kurs öz bəhrəsini vermişdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında vətənpərvər oğullar ölümün gözünə dik baxaraq Qarabağı işğaldan azad etmişdilər. 44 günlük müharibə təkcə cəhbədə aparılmırdı. Düşmən Azərbaycana qarşı informasiya savaşı da açmışdı. Dünyanın aparıcı informasiya vasitələri birmənalı olaraq erməniləri dəstəkləyir və Azərbaycanı ittiham edirdilər. Yenə onların cavabını İlham Əliyev verirdi. Ermənistanın dostları fakt qarşısında susur, əlavə sual verməyə çətinlik çəkirdilər. 44 gün ərzində dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına  müsahibə verən Azərbaycan Prezidenti ölkəmizin haqlı tərəf olduğunu onlara başa salmağa çalışırdı.

Ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycanın dövlət bayrağını qaldıran İlham Əliyev bununla da ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu elan etdi. Artıq  30 illik işğala son qoyuldu və Qarabağdakı sonuncu erməni separatçısı da məhv edildi. İndi İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparılır. Yeni şəhərlər, qəsəbələr salınır. Düşmənin viran qoyduğu kəndlər yenidən qurulur. İnfrastruktur layihələri həyata keçirilir. Qarabağa yavaş-yavaş  həyat qayıdır. Bütün bunlarla yanaşı Azərbaycan beynəlxalq tədbirlərə də ev sahibliyi edir.

Son illərdə Azərbaycan iri tədbirlərin mərkəzinə çevrilib. Qoşulmama hərəkatının sammitinin Bakıda keçirilməsi və digər böyük beynəlxalq tədbirlərdən sonra indi də Bakı COP29-a ev sahibliyi etməyə hazırlaşır. Dünyanın ən böyük beynəlxalq tədbiri hesab olunan COP-un Azərbaycana həvalə edilməsi həm də ölkəmizin siyasi imiciylə bağlıdır. Bütün bunların başında isə İlham Əliyevin uğurlu xarici siyasət kursu dayanır. Koronavirusun tüğyan etdiyi vaxtlarda  bəzi ölkələrə milyonlarla dollarlıq vaksin göndərən Azərbaycan bununla humanizm dəyərlərinə sadiq qaldığını bir daha sübut etdi. İyirmi bir əvvəl Azərbaycan Respublikası Prezidenti seçiləndə verdiyi vədlərə əməl edən İlham Əliyevin uğurlu daxili və xarici siyasəti bu gün də davam edir. Məhz cənab Prezidentin rəhbəliyi altında Azərbaycan yeni layihələrə imza atacaq və dünyada öz sözünü deyəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*