22 ilin “bəxtiyarlığı” – Mətbuata yara olmayın, cənab Sadıqov!backend

22 ilin “bəxtiyarlığı” - Mətbuata yara olmayın, cənab Sadıqov!

fadil Paşayev
Fadil Paşayev, baş redaktor

“Həqiqəti hər hansı bir rəngdə deyil, çalarlarda axtarmaq lazımdır”. Bu qədim Şərq məsəli istənilən mövzuda həqiqəti axtaranlar üçün bir düstur ola bilər. Əgər söhbət hansısa şəxsdən gedirsə, onda burada digər qəliblər də əhəmiyyətli rol oynayır. O qəlib sözlərdən biri XVII əsr ispan yazıçısı Baltasar Qrasianın insan şəxsiyyətinin mahiyyətini düppədüz təyin edən qızıl kəlamlarıdır: “İnsanın dəyəri başqalarının onu qiymətləndirdiyi dəyərindədir”.

Media cameəsində də belədir. Uzun illər çalışan qələm adamlarına, jurnalistlərə verəcəyimiz qiymət onun əməlləri ilə bağlıdır. Bir də ki, başqalarının ona verdiyi dəyərlərdən gələn qənaət. Belələrindən biri də Bəxtiyar Sadıqovdur.

1951-ci ildə Ağdam şəhərində doğulub boya-başa çatan, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirən, “Abşeron”, “Kommunist”, “Həyat” qəzetlərində korrektorluqdan başlayan fəaliyyəti ilə böyük bir yol keçən Sadıqov. Bura qədər hər şey dəyərli sayıla bilər. O, öz keçmişi ilə bağlı dayanmadan danışa, təcrübəsini bölüşə, cəmiyyətə fayda verən yazıları ilə qürur hissi keçirə bilər. Amma dəyərlər yalnız keçmişlə ölçülmür. Gərək zəngin, ənənəvi və varislik kimi dəyərləri ömrünün növbəti mərhələsinə daşımağı da bacarasan. 2002-ci ilin aprelindən indiyədək “Azərbaycan” qəzetinin baş redaktoru olan Bəxtiyar Sadıqov bunu bacara bildimi? Əlbəttə, onun öz arqumentləri ola bilər. Amma məni bağışlayın, 20 il baş redaktor kimi işləmək (əgər buna çalışmaq, fəaliyyət göstərmək deyilərsə), hələ üstəlik, deputat kimi bir o qədər çalışmaq hansı dəyərlərin göstəricisidir?.. 2000-ci ildə 119 nömrəli Ağdam kənd seçki dairəsindən Milli Məclisə deputat seçilən eynəkli qələm sahibi ikinci, üçüncü, dördüncü və beşinci çağırışda da bəxtiyar olub və 22 ildir dünya bu “bəxtiyarlığı” müşahidə edir.

Sadıqovun 3-cü və sonuncu mərhələsini incələyəndə düşünürsən ki, yəni doğrudanmı, “Azərbaycan” qəzetinə Bəxtiyar Sadıqovdan savayı jurnalist rəhbər qoyula bilməzdi?! Axı bu illər bir igidin ömrüdür. O ömür ki, qəzetçilik ənənələri yaşamadı, süründü, dünyada mövcud yeniliklərdən geri qaldı. Bu, özünü xəbərin strukturunda, qəzet siyasətində, informasiya müharibəsində, ideoloji və maarifçilik istiqamətlərində biabrıçı şəkildə göstərdi. Doğrudur, arada Azərbaycan qəzetində əsaslı tənqidi, analitik materiallar verildi. Lakin Sadıqov və digər dövlət qəzetlərinin baş redaktorları müasir qəzetçiliyin tətbiqinə nail ola bilmədi. Bəlkə də bunu bacarmadılar. Ola bilsin, “Kommunist” sadiqliyi buna imkan vermədi. Sadıqovun həyatının baş redaktor və millət vəkili kimi fəaliyyəti ilə bağlı çox məqamları vurğulamaq olardı. Amma yaşlı həmkarım bu məsələdə yüz faiz bir qərəzçilliyin olduğunu car çəkəcək, ona qarşı kampaniyanın aparıldığını söyləyəcək. Amma bəlkə də yox. Çünki heç nə onu təəccübləndirmir. Deyilən iradlar maraqlandırmır, tənqidlər “vız gəlir”.

Çünki o, təkcə qələm adamı deyil ki! Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Mətbuat Şurası İdarə Heyətinin, Respublika Ağsaqqallar Şurasının da Məclis üzvüdür. Belə çıxır ki, Sadıqov əvəzedilməzdir, yorulmazdır, dərinləşən media islahatlarında mühüm fiqurdur. O qədər mühüm ki, Şuşada keçirilən Beynəlxalq Media Forumunda heç iştirak da etmədi. Düz başa düşmədiniz, cənab deputat və baş redaktor bizimlə Şuşaya getmişdi. Amma nə sirdirsə, Prezidentin köməkçisinin də qatıldığı media forumda digər həmkarlarından fərqli olaraq tədbir keçirilən zalda oturmadı, bütün tədbir boyu ərazidən uzaqda gəzişdi. (Foruma qatılan iştirakçılar da bunu təsdiqləyərlər).

Bəli, Sadıqov özünün yorğun, passiv görünüşü ilə belə mühüm tədbirdə öz “həşəmətli duruşu” ilə yadda qaldı.

Hələ bu harasıdır?! İyulun 21-də ölkə mediasının məhdud sayda, yalnız rəsmi şəxslərin yer aldığı nümayəndə heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyev və mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət edərkən cənab Sadıqovu orda görən olmadı. Halbuki Media Agentliyi, Audiovizual Şura sədrlərinin, telekanal rəhbərlərinin, həmçinin dövlət qəzetlərinin baş redaktorlarının yer aldığı heyətdə üzərinə “rəsmi dövlət qəzeti” yazılmış “Azərbaycan” qəzetinin 72 yaşlı baş redaktoru da olmalı idi. Necə ola bilər ki, dövlət tərəfindən maliyələşən 4 dövlət qəzetinin 3-nün baş redaktoru rəsmi tədbirə qatılır, biri yox? Rəsmi paylaşılan video və informasiyadakı şəkillərdə də B.Sadıqov gözə dəymir.

Əldə etdiyimiz bir məlumatda deyilir ki, B.Sadıqov Fəxri Xiyabana gəlməkdən özü imtina edib və nümayişkəranə surətdə gəlməyəcəyini deyib. Sözün açığı, inanmağım gəlmir, amma ola bilər. Çünki cənab Sadıqov çox yorulub. Bunu etiraf etsə də, belədir, etməsə də. Amma etdiyi son hərəkət ən azından nəzakətli deyil. Milli Məclisin orqanı olan qəzetin baş redaktoru Mətbuat günündə Ulu Öndərə sayğı və ehtiramını bildirməli idi. Çünki o, məhz Heydər Əliyevin xeyir-duası ilə “Azərbaycan” qəzetinə baş redaktor təyin edilmişdi.

Baxın, 72 yaşlı baş redaktor haqqında danışarkən həqiqətlərə müxtəlif çalarlarda yanaşdıq. Belə etdik ki, insaflı olaq, bizdən çox qoca olan həmkarımızın qəlbini qırmayaq, ona eyham vuraq ki, Bəxtiyar müəllim, vallah, getməyinizin vaxtıdır, billah, artıq yetər. Gedin, ərizə yazın, deyin ki, “Bu günə qədər xidmət etdim, indi yoruldum. Hesab edirəm ki, yol məndən daha enerjili, müasir çağırışlara cavab verən həmkarlarıma verilsin. Mən də ömrümün qalan hissəsini nəvələrimə həsr edim”.

Siz buna inanırsınız? Nədənsə, məndə azacıq da olsa, inam var. Əgər bu inamımda da yanılsam, deməli… Yenə müdriklərdən birinin sözü yadıma düşdü: Yalnız yara öz təbii səsi ilə qışqırır. Mətbuata YARA olmayın, Bəxtiyar müəllim! İslahatlara YARAyın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*